İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın yeni hərbi doktrinası nələri dəyişəcək?

850 07.07.2026 16:30 Hərbi xəbərlər A A

Azərbaycanın milli təhlükəsizlik siyasətini müəyyən edən əsas strateji sənədlərin müasir dövrün reallıqlarına uyğunlaşdırılması məsələsi bu gün parlamentdə yenidən gündəmə gətirilib. Deputat Zahid Oruc bildirib ki, ölkənin Milli Təhlükəsizlik Konsepsiyası 2007-ci ildə, Hərbi Doktrinası isə 2010-cu ildə qəbul olunub və həmin sənədlər hazırkı geosiyasi və təhlükəsizlik mühitini tam əks etdirmir.

Zahid Oruc: Fransa Parlamentinin bəzi üzvləri Azərbaycanın məqsədini yanlış  təqdim edirlər - AZƏRTAC

Deputat qeyd edib ki, son onillikdə həm regionda, həm də dünyada təhlükəsizlik mühiti köklü şəkildə dəyişib. Xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, dövlət suverenliyinin tam bərpası, yeni regional güc balansının formalaşması, eləcə də müasir texnologiyaların sürətli inkişafı əvvəlki strateji sənədlərin yenidən nəzərdən keçirilməsini zəruri edir. Zahid Orucun sözlərinə görə, hazırkı təhlükəsizlik çağırışları artıq yalnız klassik hərbi təhdidlərlə məhdudlaşmır. Kibermüharibələr, süni intellektin hərbi və mülki sahələrdə tətbiqi, pilotsuz döyüş sistemləri, "deepfake" texnologiyalarının yaratdığı informasiya təhlükələri, rəqəmsal iqtisadiyyat və hibrid müharibə elementləri dövlətlərin təhlükəsizlik strategiyalarında xüsusi yer tutur.

Parlamentari hesab edir ki, postmüharibə dövründə yaranmış yeni geosiyasi reallıqlar nəzərə alınaraq Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinası müasir çağırışlara uyğun şəkildə yenilənməli, ölkənin milli maraqları və gələcək təhlükəsizlik prioritetləri yeni strateji sənədlərdə əksini tapmalıdır.

Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinanın yenilənməsi hansı dəyişiklikləri özündə ehtiva edə bilər? Azərbaycanın postmüharibə dövrünün təhlükəsizlik strategiyası hansı yeni prioritetlər üzərində qurulacaq?


Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a açıqlamasında Milli Məclisdə çox vacib bir məsələ qaldırıldığını bildirib: “Doğrudur, ölkənin Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinası yenilənməlidir. Bu, sadəcə kağız üzərində bir dəyişiklik deyil, çoxdan atılmalı olan bir addımdır. Çünki əlimizdəki sənədlər 2007 və 2010-cu illərə aiddir. Həmin vaxt əsas hədəfimiz torpaqları işğaldan azad etmək idi. Bu qlobal hədəfə artıq nail olunub. Bu gün isə reallıq tamamilə başqadır. Azərbaycan torpaqlarını geri alıb, suverenliyini bərpa edib və regionda şərtləri diktə edən tərəfə çevrilib.

Yenilənəcək sənədlərdən “münaqişə” və “işğal faktı” kimi köhnə ifadələr tamamilə təmizlənməlidir. İndi yeni fəlsəfə qazanılmış qələbəni qorumaq və suverenliyi əbədi etmək prinsipləri üzərində qurulur. Hərbi sahədə iki böyük yeniliyin rəsmi status alması gözlənilir. Bunlardan birincisi, Azərbaycan Ordusunun Vətən müharibəsindən sonra keçdiyi Türkiyə modelinə uyğun çevik və mobil komando strukturunun qanuniləşməsidir. İkincisi isə Şuşa Bəyannaməsinin sənədin mərkəzinə qoyulmasıdır. Yəni Türkiyə ilə hərbi müttəfiqliyimiz ölkənin rəsmi təhlükəsizlik qarantı kimi təsbit ediləcək. Müasir dünyada müharibə təkcə cəbhədə getmir. İnformasiya cəbhəsi bəzən real ordulardan daha çox maliyyə və resurs tələb edir. Ona görə də yeni doktrina rəqəmsal təhdidlərə xüsusi fokuslanmalıdır. Bu çərçivədə enerji xətlərimizə, bank sistemimizə və dövlət şəbəkələrinə edilən kiberhücumlar artıq adi xuliqanlıq yox, birbaşa hərbi təhdid sayılacaq. PUA-lar, avtonom idarə olunan sistemlər və robotlar ordunun texnoloji nüvəsi kimi sənədə daxil ediləcək. Eyni zamanda, "deepfake" texnologiyaları və xaricdən gələn yalan xəbər dalğaları ilə mübarizə üçün vahid Strateji Kommunikasiya (STRATKOM) mexanizmi qurulmalıdır. Cəmiyyəti rəqəmsal manipulyasiyadan qorumaq artıq birbaşa milli təhlükəsizlik məsələsi olmalıdır”.

Səxavət Məmməd: Qosbitala gətirdiyimiz əsgər ağlamağa başladı, durub qaçdı  ki... - VİDEO

O deyib ki, postmüharibə dövrünün strateji hədəfləri konkret olaraq üç əsas sütun üzərində bərqərar olur: “İlk növbədə Qarabağ və Şərqi Zəngəzurun mühafizəsi dayanır. Bura ərazilərin minalardan təmizlənməsi və yeni qurulan “Ağıllı şəhər və kənd” layihələrinin həm fiziki, həm də internet təhlükəsizliyinin təmini daxildir. İkinci sütun dəhlizlərin təhlükəsizliyidir. Orta Dəhliz və Zəngəzur dəhlizi kimi beynəlxalq yolların qorunması Azərbaycanın rəsmi milli marağı elan olunacaq. Üçüncü və ən vacib məqam isə yerli hərbi sənayenin inkişafıdır. Silah və texnologiyada xarici bazarlardan asılılığı tam bitirmək mümkün olmasa da, onu minimuma endirmək şərtdir. Son müharibələr bunu açıq göstərir. Məsələn, İranı ABŞ və İsrail qarşısında dözümlü edən məhz özünün istehsal etdiyi ballistik raketlər və dronlar oldu. Ukrayna isə xaricdən silah ala bilmədiyi gün dərhal çətin vəziyyətə düşür. Deməli, yerli hərbi istehsalı maksimuma çatdırmaq bizim bir nömrəli prioritetimiz olmalıdır. Yeni hərbi doktrina dövlətin gələcək hədəflərini ortaya qoyan güzgüdür. Bu sənəd Azərbaycanı sadəcə özünü müdafiə edən bir ölkə kimi deyil, hibrid təhdidlərə hazır olan, texnoloji üstünlüyə malik və Cənubi Qafqazda oyun qaydalarını müəyyən edən müstəqil bir güc mərkəzi kimi dünyaya təqdim edəcək”.


Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR