İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Ukraynadakı səfirindən sərt açıqlama - Moskva niyə xoflandı?

2963 16.08.2023 13:25 Siyasət A A

Razi Nurullayev: “Səfir bu sözləri işlədibsə, demək ki, belə lazımdır...”

Xəbər verildiyi kimi, bugünlərdə Azərbaycanın Ukraynaya yeni təyin olunan səfiri Seymur Mərdəliyev Ukraynanın daxili işlər nazirinin müavini Boqdan Drapyatla görüşüb.

Mərdəliyev bildirib ki, Azərbaycan Ukrayna tərəfini tam dəstəkləyir və bundan sonra da ona kömək edəcək. Azərbaycan səfiri dəstəyin bir neçə istiqaməti haqqında danışıb: ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyası, hərbçilərin reabilitasiyası, enerji sektoruna yardım və müharibədən sonrakı bərpa. Humanitar minatəmizləmə sahəsində təcrübə mübadiləsi üçün treninqlərin keçirilməsi də müzakirə olunub. Görüşün sonunda M.Mərdəliyev yeni yardım paketini açıqlayıb.

“Rusiyanın təcavüzünü dəf etməkdə göstərdiyiniz dəyanətə və cəsarətə heyran olduğumuzu bildirmək istərdik. Ona görə də biz Ukraynaya yardım paketinin həcmini, o cümlədən humanitar minatəmizləmə məsələsində artırmaq qərarına gəldik. Biz artıq Ukraynaya kömək etmək üçün öz üzərimizə siyasi öhdəliklər götürmüşük”, - səfir əlavə edib.

Diplomatlın fikirlərinə Moskvadan reaksiya gecikməyib.

“Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev Rusiya ilə bağlı açıqlamalarında daha təmkinli olmalıdır”.

Bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri, XİN rəhbərinin sabiq müavini Qriqori Karasin bildirib.

O, Telegram kanalında qeyd edib ki, Bakı “Moskvaya dost olaraq qalır”.

“Diplomatik açıqlığa bütün peşəkar hörmətimizi izhar eləməklə yanaşı, mən hələ də bizə dost Azərbaycanın Ukraynadakı səfiri Mərdəliyevə "Rusiya təcavüzü" ilə bağlı açıqlamalarında daha təmkinli olmağı tövsiyə edərdim. Onun “Ukraynaya maliyyə, humanitar və digər yardımlarla bağlı siyasi öhdəlikləri” haqqında məlumatının isə əlavə araşdırmaya ehtiyacı var", - deyə Karasin əlavə edib.

Məlumdur ki, səfir ölkənin xaricdəki danışan dilidir və yalnız onun mövqeyini ifadə edir. Öncəki səfir Elmira Axundova rusiyayönlü idi. Deyəsən, ilk dəfədir ki, rəsmi Bakı Kiyevə belə açıq dəstək verir və Ukrayna xalqına heyranlıq bildirir. Gözlənildiyi kimi, bu da dərhal Rusiyada qıcıq yaradıb. Niyə? Səfir “barıtı” çox etməyib ki? Bəs Rusiyanın reaksiyası adekvatdımı?

Razi Nurullayev: “Reallığı görsünlər və hərəkətlərinə görə Azərbaycan  xalqından üzr istəsinlər”

Razi Nurullayev

Mövzu ilə bağlı Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Razi Nurullayev “Yeni Müsavat”a danışıb. Deputat xatırladıb ki, hər bir səfir təmsil etdiyi ölkənin danışan dilidir: “Səfir adətən ölkənin təlimatı və protokolları üzrə fəaliyyət göstərir və istədiyi fikri, istədiyi yerdə ifadə edə bilməz. Azərbaycan tərəfi Ukraynaya açıq şəkildə, gizlətmədən humanitar yardım edir, hətta bununla bağlı Prezidentimiz sərəncam imzalayıb. Bu baxımdan, Azərbaycanın Ukraynadakı səfirinin səsləndirdiyi fikirlərdə kənara çıxma yoxdur. Bəli, "Rusiya təcavüzü" kimi fikirlər səsləndirib, əslində bütün dünya Rusiyanı təcavüzkar adlandırır, həmçinin Azərbaycan insanlarının gözündə təcavüzkardır. Çünki biz özümüz separatizmlə qarşılaşmışıq, bu gün də onunla mübarizə aparırıq.

Təbii ki, Azərbaycanın səfiri bütün bunları görür, yaşayır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyır və Rusiyanın Ukraynaya hücumunu qəbul etmir. Qeyd etdiyim kimi, ola bilər ki, səfirimiz bununla bağlı sözlərini daha qabarıq şəkildə bildirib, bu da ondan irəli gəlir ki, Rusiya hələ də Ermənistan üzərindən Azərbaycana təhdid imkanlarını özündə saxlayır. Beləliklə, biz Rusiya ilə daha ehtiyatlı siyasət aparmağın tərəfdarıyıq. Əgər səfir bu sözləri işlədibsə, demək ki, belə lazımdır və buna görə səfiri qınamaqdan uzağam.

Məncə, Ukrayna tərəfi də Azərbaycandan bəzi məsələlərdə daha açıq mövqe gözləyir. Hərçənd Ukrayna səfirindən bu açıq münasibəti görə bilmirik. Hətta Ukraynanın Ermənistandakı səfiri Laçın istiqamətində düzülmüş “TIR” şousuna qatılaraq, Ermənistan tərəfindən Azərbaycanla bağlı aparılan monitorinqdə iştirak etmişdi. Azərbaycan isə nə edirsə, beynəlxalq qanunları, insanların,  dövlətlərin kimliyini əsas gətirərək edir. Bu baxımdan, biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Təkcə Ukrayna deyil, digər ölkələrin də. Yoxsa ki, İspaniya kimi, öz ərazisində separatçıları bütün dünya boyu qovur, tapıb gətirib salır həbsxanaya, amma Azərbaycanda separatizmi dəstəkləyir. Bu cür ikiüzlü yanaşma olarmı? Azərbaycanda bu cür ikiüzlü yanaşma yoxdur. Odur ki, biz həmişə fikirlərimizi hər zaman açıq demişik. Eləcə də səfirimiz fikirlərini açıq deyib.

Əlbəttə ki, Rusiya tərəfi də bilir ki, Azərbaycan Ukraynanı müdafiə edir, ona humanitar yardım göndərir. Azərbaycan Ukraynaya hər zaman kömək edib, edəcək də, amma bu, hərbi yardım kimi başa düşülməməlidir. Biz Ukraynaya hərbi deyil, yalnız humanitar dəstək göstəririk və hərbi dəstək göstərmək niyyətində də deyilik. Çünki bizim Rusiya ilə sazişimiz var, həm də özümüz Ukrayna müharibəsinə bənzər problemlərdən çıxmağa çalışırıq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR