İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qarşıdakı 7 ildə 4 əsas hədəfi

955 16.02.2024 12:00 Siyasət A A

Bu, güclü ordu, güclü iqtisadiyyat, daxili sabitlik, gənc nəslin milli ruhda tərbiyəsidir 

Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində Azərbaycanın qarşıdakı illərdə əsas inkişaf istiqamətlərini açıqayıb. Bu, güclü ordu, güclü iqtisadiyyat, daxili sabitlik, gənc nəslin milli ruhda tərbiyəsidir. 

Dövlət başçısı çıxışında deyib ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir: “Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. Biz çox güclü hərbi sənaye kompleksi yaradırıq, artıq bunun birinci mərhələsi başa çatdı. Bundan sonra biz özümüzü daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik, daha böyük həcmdə ixrac edəcəyik və bu sahədə də müəyyən dərəcədə, deyə bilərəm ki, böyük dərəcədə xarici asılılıqdan canımızı qurtaracağıq”.  Prezidentin sözlərinə görə, ki, növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir: “Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq”. 

Dövlət başçısı deyib ki, qarşıya qoyulan hədəflərə çatmaq  üçün iqtisadiyyatımız inkişaf etməlidir. “Bu ilin yanvar ayının nəticələri ümidvericidir. Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektorunda isə 12 faizdən çox artıb. Bu, ümidverici göstəricidir və onu göstərir ki, biz indi yavaş-yavaş öz iqtisadi templərimizi bərpa edirik”, - deyə dövlət başçısı bildirib. 

Prezident əsas vəzifələr sırasında gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunması da xüsusi vurğulayıb: “Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”.

7 fevral seçkilərində prezidentliyə namizəd olan şəxslərin Qalib Prezidentin andiçmə mərasimində dedikləri ilə bağlı fikirlərini öyrəndik.

Zahid Oruc: "Cəmiyyətimiz prezident və parlament seçkilərinə hazırdır"

Zahid Oruc

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Zahid Oruc Prezidentin dediklərinin hər birini ayrı-ayrılıqda şərh etdi: “İnauqurasiya mərasimi qətiyyən yalnız bir konstitusion tələb və formal ritual deyil. Öz-özlüyündə dövlətdə ənənədir, mühüm dövlət quruculuğunun, varisliyin, hakimiyyət institutlarının birinin digərindən gələcəyə daşınmasının ayrı parçasıdır. Bu üzdən hesab edirik ki, 7 fevral tarixində millətimizin göstərmiş olduğu ən yüksək mütəşəkkillik, ruh, intizam, yaşanan növbələr qətiyyən hər hansı bir kənar iradə ilə təşkil oluna, gerçəkləşə bilməzdi, əgər xalqımızın özünün bu bütövlüyə, Qarabağ savaşının yekunlarına, yeni yüz illiyin qalibiyyətli başlamasına belə bir münasibəti olmasaydı. Obrazlı desək, 8 noyabrın, 20 sentyabrın davamı olaraq, artıq fevral ayı həm də Xocalının qaytarılması ayı kimi daha çox qeyd olunacaq. Bu millət məhv olmadı, biz yaşayırıq, qururuq, yaradırıq mesajımıza bütün dünya şahidlik edir. Xocalıda yeni mərhələ başlayıb. Bu həm də yeni dövrdə başlanğıc mərhələsidir, milli ideyanın ayrılmaz bir tərkib hissəsidir. Hesab edirik ki, fevral ayı üzərindən təqvimimizin təzələnməsi fonunda soyqırım ayının, faciə notlarının götürülməsi millətin gələcək inkişafının başlanması mərhələsinin başlanğıcı kimi götürə bilərik. Prezident milli çıxışında ölkənin gələcəyi ilə bağlı öz strateji baxışlarını ortaya qoydu. Bunun içərisində Silahlı Qüvvələr ön yerdə vurğulandı. Bir tərəfdən qalib Ordunun keçdiyi yol dəyərləndirildi. Bu çox önəmlidir. 90-cı illərlə müqayisədə indi nizami ordunun sinəsində 70 mindən artıq order, medallar daşınır. Bunlar hamısı, sadəcə, bir dövlət təltifləri deyil. Onlar hərbi meydanlarda qanlarını, canlarını vermələri, mübarizələri, qəhrəmanlıqları ilə bunu haqq ediblər. Bunlar qəhrəmanlığın simvolu, ifadəsidir.

Cənubi Qafqaz arealında, keçmiş sovet məkanında tək qalib ordu Azərbaycan ordusudur. Bu həqiqətən də belədir. Subyektiv yanaşmam deyil. Son 2-3 il ərzində, xüsusilə, Rusiya-Ukrayna savaşı fonunda bütün ölkələr öz hərbi büdcələrini artırmağa başlayıblar. Toplu halda bu 2 trilyon dolları keçdi. Son iki ildə 200 milyard dollara yaxın büdcələr artıb. Bu isə o deməkdir ki, müasir texnologiyaların alınması ilə bağlı hərbi xərclərin büdcələrdə ciddi yer tutması öz-özlüyündə qlobal təhlükəsizlik sisteminin köçməsi fonunda hər bir ölkənin bu risklərə qarşı adekvat reaksiyasıdır. Məsələnin digər önəmli tərəfi bir də ondan ibarətdir ki, müharibəni həm də 4-5-ci nəsil texnologiyalarla qazandığımızı söyləyirik. Yoxsa çətin relyefdə 3 min deyil, on minlərlə şəhid vermiş olardıq. Bu da hər bir ailənin, evin, millətin itkisi sayıla bilərdi. Dünyada silah bazarında çox ciddi gərginliyin yaşandığını açıq deyə bilərik. Çünki Rusiya o göstəricidə ki, 2-ci yerdə idi, artıq bunu öz daxili ehtiyaclarının ödənməsinə yönəldir. Amerika hazırda əsasən silahlarını Ukraynaya verir, Avropa ölkələrinin çoxu da belə edir. Xaricdən silah asılılığını azaltmaq, yaxud aradan qaldırmaq üçün öz hərbi sənayeni inkişaf etdirmək lazımdır. Bu həm də silah bazarına çıxmaq, gəlirlər qazanmaq imkanları əldə etmək deməkdir. Bu baxımdan müasir ordu modellərinin tətbiqi, həmçinin bunu genişləndirərək Türk dövlətləri arasında əlaqələrə qədər aparıb çıxarmaq çox vacibdir. Qlobal təhlükələrə qarşı da duruş gətirmək baxımdan belə birliyin formalaşması, alyansın yaradılması çox mühümdür. Biz bütün Türk dövlətləri ilə Şuşa Bəyannaməsi kimi bir bəyannamənin imzalanmasını ayrıca vurğulayırıq. Ölkəmizin təhlükəsizliyi birbaşa ordumuzun gücündən asılıdır. Bu, mübahisələndirilə bilməz. Biz regionda heç bir bloka qoşulmama siyasəti aparsaq da, silahlanmada hərbi xərcləri azaltsaq, bu bizə çox ciddi ziyanlar gətirə bilər. Bu da yalnız Ermənistan amili ilə bağlı deyil. Görürsünüz ki, bölgədə ciddi hadisələr cərəyan edir. Bununla bağlı da bizim ciddi tədbirlərimiz olmalıdır”.

Deputat qeyri-neft sektorundan da söz açdı:ÜDM-in artmasında problemlər ortaya çıxır. Həm də yalnız bir sektordan asılılıq əlavə problemlərə daim yol açır. Hesab edirik ki, bu yöndə hökumətin xüsusi planları olmalıdır. Azərbaycan insanı bölgələrdə öz torpaq sahələrində bu cür müəssisələr yaratmalıdır. Qarabağa qayıdış artıq həyatımızın ayrılmaz tərkib hissələrindən birinə çevrilib. 3 əsrdə ilk dəfədir ki, məğlubiyyət silsilələri dayanıb. Köçlər, onun gətirdiyi iqtisadi fəlakətlər durub. Böyük Qayıdış adlandırdığımız bu proqram mənəvi dəyərlərimizin həmçinin ayrılmaz tərkib hissəsidir. Ümidvaram ki, 2027-ci ilə qədər 140 min insanın ora dönüşü Bakının və digər ərazilərin yüklənməsinin qarşısını xeyli alacaq, insanlarımız yaşadıqları torpaq məhrumiyyətindən azad olacaqlar. 5400 insanın qayıdışla öz ərazilərində məskunlaşdıqlarını qeyd edirik, onların hansı ruhla qayıtdıqlarına şahidlik edirik. Bu həm də bir doğuluş hadisəsidir. Milli ruhda böyüdülmə, xüsusilə gənclər üzərindən çox vacibdir, deyərdik ki, şərtdir. Müxtəlif ideologiyaların təsirinə çevrilməməliyik. Azərbaycan gənci ailə dəyərlərinə, keçmişinə, tarixinə, milli varlığına bağlı böyüməlidir. Düşünürəm ki, bu ən mühüm məsələlərdən biridir. Həm də bu, dövlət, millət, ailə kursudur. Məktəblərimiz qarşısında duran ən böyük vəzifələrdən biri də budur”.

Prezidentliyə namizəd Fuad Əliyev səs verdi

 Fuad Əliyev 

Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev dövlət başçısının daxilə və xaricə yönəlik çox ciddi mesajlar verdiyini söylədi: “Dövlət başçısı andiçmə mərasimindəki çıxışında bir neçə istiqamətə toxundu. Çox maraqlı fikirlər səsləndirdi. Azərbaycanın gələcəyi, ölkənin daxili və xarici siyasəti ilə bağlı danışdı. Daxildə ictimai nəzarətin gücləndirilməsi barədə bizi də maraqlandıran fikirlər səsləndirdi. Digər toxunduğu məsələlər də çox maraqlı idi. Gənclərlə, Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa-quruculuq işləri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı həm də hər kəsi maraqlandıran məqamlara toxundu. Bir maraqlı fikir də cənab Prezident səsləndirdi ki, bizi maraqlandıran Türk xalqlarının ailəsidir, orada fəaliyyətimizi davam etdirəcəyik, gücləndirəcəyik. Bununla ölkə başçısı həm də Azərbaycanın gələcəyi ilə bağlı hədəflərini, yürüdəcəyi siyasəti açıqladı. Bir sözlə, çox önəmli mesajlar verildi. Cənab Prezident həm də o mesajı verdi ki, əgər Ermənistanın arxasında bəzi Qərb ölkələri durursa, bizim arxamızda da Türk Dövlətlərinin Birliyi durur. Sözsüz ki, dövlət başçısı necə bir prosesin getdiyi barədə hamımızdan məlumatlıdır. Qərb paytaxtlarında ölkəmizə qarşı hansı təxribatların hazırlandığını ölkə başçısı çox gözəl bilir. Məhz ona cavab olaraq, andiçmə mərasimində öz mesajlarını ünvanı olan nöqtələrə çatdırdı. Cənab Prezident açıq şəkildə bəyan etdi ki, biz istənilən təxribatın qarşısını alacağıq, heç kimdən çəkinmirik. Ermənistana aid də bir sıra fikirlər çıxışda səsləndirildi. İlham Əliyev qeyd etdi ki, sülh müqaviləsi bağlamaq istəməsələr belə, biz öz işimizi görürük. Hərbi sahədə durmadan daha da gücləndiyimizi cənab Prezident qeyd etdi. İqtisadi layihələr baxımından qonşu və digər ölkələrlə maraqlarımızı həyata keçirdiyimiz barədə də fikirlər səsləndi. Uduzan tərəfin yenə Ermənistan olacağı bildirildi. Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır. Bunun üçün də konstitusiyasını dəyişməlidir. Ali Baş Komandan bu barədə də fikirlərini səsləndirdi. Əgər bunlar sözdə yox, əməldə Azərbaycanla sülh müqaviləsi imzalamaq, Türkiyəyə ərazi iddialarından əl çəkmək istəyirlərsə, ilk növbədə, konstitusiyanı dəyişməyə məcburdurlar. Çünki orada hər iki qardaş ölkəyə qarşı ərazi iddiaları ilə bağlı müddəa yer alır. Zatən həmin maddələr götürülmədən sülh müqaviləsi mənasız və məntiqsizdir”.  

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR