İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın daha bir QƏLƏBƏSİ!- Ağdam-Xankəndi yolu işə düşür  

2149 09.09.2023 22:47 Siyasət A A

Daha öncə xəbər verdiyimiz kimi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçılar Ağdam-Xankəndi yolu üzərindən yük qəbul edəcəyini açıqlayıblar.

Bu isə o deməkdir ki, Ağdam marşrutunun açılması artıq həll olunub - sabah Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşınının Ağdama, oradan isə Əsgərana daxil olması təmin ediləcək.
Hərb meydanında haqlı savaşında qalib gələn Azərbaycan, diplomatiyada da qələbələrini qazanmaqda davam edir.

Azərbaycan prezidenti İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Ermənistan və qondarma rejim özünün sərsəm iddialarından bir-bir əl çəkir. Başa düşürlər ki, onlar bu torpaqlarda hər istədiklərini edə bilməzlər. Bu torpaqların əzəli sahibləri heç bir qanunsuzluğa imkan verməzlər.

Yolun açılması da Bakının növbəti qələbəsidir, çünki Azərbaycan malların Ermənistandan deyil, öz ərazisindən keçməsində israr edirdi, baxmayaraq ki, buna Ermənistandan başlayaraq bir çox dövlətlər etiraz edirdi, ölkəmizin daxili işlərinə qarışmağa çalışırdı. Bütün bu cəhdlər uğursuz oldu. Ermənistanla bərabər onun havadarları da ipə-sapa yatmağa başladı. Əksinin mümkün olmadığını gördülər. Azərbaycan Qarabağda yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi yenidən inteqrasiyasında qərarlı olduğu üçün, Ermənistan da ölkəmizin daxili işlərinə qarışmamalı, erməni azlıqların inteqrasiyasına xələl gətirməməli, separatizmi qızışdırmayaraq öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir.

Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını daimi olaraq öz üzərinə götürməyə hazırdır. Humanitar missiya da məhz onların rifahı, cəmiyyətə rahat inteqrasiyası üçündür. Qarabağdakı ermənilər nəhayət anlamalıdırlar ki, orada separatçıların qurduqları oyunlar onların heç də xeyirinə deyil. Əksinə, separatçılar oradakı sadə erməniləri uçuruma, məhvə sürükləyirlər.

BQXK-nın yükləri üçün Laçın yolunun açılması yalnız BQXK-nın yüklərinin Ağdam marşrutu ilə getməsi ilə eyni vaxtda mümkündür. Amma eyni zamanda unutmaq olmaz ki, Laçın yolunda Azərbaycanın gömrük-hüquqi rejimi işləyir.

Ağdam marşrutunun açılması Bakının Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi qeyri-qanuni rejimin dərhal öz-özünə dağıdılması və Qarabağın ərazisində yerləşən bütün Ermənistan silahlı qüvvələrinin Azərbaycandan çıxarılması tələblərinə təsir etmir.
Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində ərzaq yükü olan iki TIR 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Eyni zamanda, Rusiya da eyni yolla keçən marşrutla Qarabağa ərzaq yükü göndərib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR