İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda taksilərlə bağlı YENİ QƏRAR- 40 min manat cərimə

9759 12.06.2023 14:01 Son xəbər A A

Azərbaycanda icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 40 min manat cərimələnəcək.

Musavat.com-un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunur.

Yeni maddəyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 20 min manat, hüquqi şəxslər isə 40 min manat cərimə ediləcək.

Yeni qərara əsasən xarici nömrəli avtomobillərlə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirənlər 400 manat cərimələnəcək.

Məcəlləyə əlavə edilən yeni bənddə qeyd edilib ki, xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirilməsinə görə 400 manat məbləğində cərimə olunacaq.

Bütün bunlarla yanaşı  Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərdə taksometr quraşdırılması təklif edilir.

Musavat.com xəbər verir ki, bu, Milli Məclisə daxil olan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.

Eyni zamanda sənəddə qeyd olunur ki, taksilərdə hərəkətə fasiləsiz olaraq nəzarət etmək üçün rəqəmsal taxoqraf cihazı quraşdırılmalıdır. Bu cihaz imkan verəcək ki, avtomatik rejimdə avtonəqliyyat vasitələrinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz olaraq qeydə alınsın.

Bununla yanaşı, sürücünün iş və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin etmək üçün rəqəmsal taxoqraf kartının quraşdırılması təklif edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR