İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan və Türkiyə ordularının birgə təlimləri bölgədə sabitliyə xidmət edir” - hərbi ekspert

1059 06.10.2022 09:30 Gündəm A A

Rövşən Məhərrəmov: “Birgə təlimlər Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçidi prosesinin də daha uğurla reallaşmasında təsirini göstərir”

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilir. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı xəbərdə deyilir ki, təlimlər 3 oktyabrda başlayıb və 14 oktyabra qədər davam edəcək. Birgə hərbi təlimlər Türkiyə ərazisində keçirilir. Təlimlər dənizdə və quruda icra edilir.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Türkiyə və Azərbaycan Müdafiə Nazirliklərinin müxtəlif qoşun növlərinin, həmçinin xüsusi təyinatlılarının həm Azərbaycan, həm də Türkiyə ərazisində birgə təlimləri artıq xeyli müddətdir davamlı keçirilir. Bu çox vacib və əhəmiyyətli birgə təlimlərin keçirilməsi artıq bir ənənə halını alıb: “Azərbaycan dost və tərəfdaş ölkələrlə davamlı olaraq birgə hərbi təlimlər keçirir. Bu sırada ilk yerdə məhz Türkiyə gəlir. Təkcə ötən ili yada salsaq görürük ki, bir il ərzində birgə hərbi təlimlər davamlı keçirilib. Azərbaycan və Türkiyənin müxtəlif qoşun növlərini təmsil edən birləşmələrinin "Mustafa Kamal Atatürk-2021", "Anadolu Qartalı-2021", "Sarsılmaz Qardaşlıq-2021" adlı birgə hərbi təlimləri keçirilib. Eyni zamanda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlılarının "Üç qardaş-2021" hərbi təlimləri, həmçinin Gürcüstanın paytaxtı Tiflis şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2021" kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib. Türkiyə-Azərbaycan birgə hərbi təlimləri 2022-ci ilin birinci yarısında da əvvəldən nəzərdə tutulan plan əsasında gerçəkləşdirilib. İndi xüsusi təyinatlıların birgə təlimləri də bu uğurlu prosesin bir həlqəsidir.

Ukraynanın Vətən müharibəsi - ilin sonunadək Rusiya ordusu məhv ediləcək?

Rövşən Məhərrəmov

Birgə hərbi təlimlərin əhəmiyyətinin necə böyük olduğu haqda 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycan Ordusunun, əsasən də xüsusi təyinatlılarının keçirdiyi əməliyyatları göz önünə gətirsək aydın təsəvvür yaranar. Azərbaycan Ordusu dünyanı heyrətə gətirən 21-ci əsrin müasir müharibəsini nümayiş etdirdi. Burada qardaş Türkiyə ordusu ilə keçirilən birgə hərbi təlimlərdə qazanılan təcrübələrin ciddi rolu var idi. Müharibədən sonra birgə hərbi təlimlər bir qədər də sıxlaşdırıldı. Bu çox vacib idi və sevindiricidir. Ordu elə bir mexanizmdir ki, daim müasirləşməli,  dinamikliyini, çevikliyini daim gücləndirməlidir. Azərbaycan Silahlı Qüvvələri bu tələbləri nəzərə alır və güclənmək xəttini davam etdirir. Güclənməyin yollarından biri də məhz NATO-nun ikinci ən güclü ordusu olan Türkiyə ordusu ilə silsilə birgə təlimlər keçirməkdir".

R.Məhərrəmov vurğuladı ki, Azərbaycanla Türkiyə əsl müttəfiqlik nümunəsi ortaya qoymaqdadır. Bu strateji tərəfdaşlığın ən mühüm istiqamətlərindən biri olan hərbi əməkdaşlıq məsələsi iki qardaş ölkənin Silahlı Qüvvələrinin yeni situasiyada birgə fəaliyyəti üçün də yeni perspektivlər vəd edir: “Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də imzaladığı Şuşa Bəyannaməsində hər iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edilməsi xüsusi vurğulanır. O cümlədən sənəddə Azərbaycanla Türkiyənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi vurğulanır. Bütün bunlar da ordularımızın birgə təlimlərini şərtləndirən hüquqi bazadır. Keçirilən birgə təlimlər Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçidi prosesinin də daha uğurla reallaşmasında xüsusi təsirini göstərir".

Ekspert qeyd etdi ki, Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsində, ordumuzun peşəkarlığının artırılmasında əsl qardaş dəstəyi göstərib: "Artıq Azərbaycan Ordusu, o cümlədən xüsusi təyinatlılarımız NATO standartlarını mənimsəmiş bir səviyyəyə gəlib çatıb. Dünyanın bir çox dövlətləri Azərbaycan Ordusunun 44 günlük müharibədəki göstərdiyi peşəkarlıq nümunəsini öyrənirlər. Eyni zamanda Azərbaycan Ordusunun Türkiyə ilə birgə hərbi təlimləri əməkdaşlığa, bölgədə sabitliyə və təhlükəsizliyə xidmət edir. Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsi hərbi əməkdaşlığın mühüm elementlərindən biridir. Bütün sahələrdə olduğu kimi, hərbi sahədə də hər iki dövlətin əməkdaşlığı yüksələn xətlə davam edir. Dediyimiz kimi, bunun həm hüquqi bazası mövcuddur, həm də bu istiqamətdə siyasi iradə ortadadır. Bunun  nəticəsində Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə hərbi təlimləri ilbəil artırılır. Bu hərbi təlimlər sülh və təhlükəsizlik naminədir, onun bütün region üçün faydası var. Çünki Azərbaycanla Türkiyə hər zaman bölgədə sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Türkiyə ilə Azərbaycanın hərbi qüvvələrinin birgə təlimləri, qeyd etdiyimiz kimi, davamlıdır və bunun hansısa son həddi yoxdur. Türk ordusu kimi güclü ordu ilə birgə hərbi təlimlərin praktiki nəticələrini biz daim hiss edirik, görürük və bundan sonra da görəcəyik”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR