İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan üzərindən Ermənistana işıq - Bakının təklifə cavabı...

4797 13.09.2023 13:17 Siyasət A A

Rusiya Azərbaycandan keçməklə Ermənistana, oradan isə İran və digər ölkələrə elektrik enerjisi çatdırmağı nəzərdə tutur; ABŞ vaxtilə bu layihəyə qarşı çıxmışdı

Rusiya Azərbaycan üzərindən Ermənistana, oradan isə İran və digər ölkələrə 300 MVt elektrik enerjisi çatdırmaq imkanını nəzərdən keçirir. “Yeni Müsavat” yazır ki, bunu Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib. O qeyd edib ki, layihədə bütün iştirakçıların marağı var.

Bundan əvvəl İranın energetika naziri Əli Əkbər Mehrabian da İranın Azərbaycan ərazisi vasitəsilə Rusiya ilə elektrik enerjisi mübadiləsinə başlayacağını bildirib. O, elektrik şəbəkələrinin bir mərhələdə sinxronlaşdırıldığını əlavə edib.

Xatırladaq ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır. Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir. İran hesab edir ki, Azərbaycandan Rusiyaya elektrik mübadiləsi aparmaq daha sadədir. Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi üzrə Texniki-İqtisadi Əsaslandırma (TİƏ) ilin sonuna qədər hazır olmalıdır. Tərəflər razılaşıblar ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Texniki-İqtisadi Əsaslandırmanın yekunlaşdırılması 2023-cü ilin sonunadək başa çatdırılmalıdır. İştirakçı ölkələrin elektrik şəbəkələri ilə elektrik enerjisinin ötürülməsi üçün müxtəlif şərtlər ətraflı təhlil edilir, əlavə enerji obyektlərinin tikintisinin məqsədəuyğunluğu da nəzərdən keçirilir.

Azərbaycan tranzit ölkə kimi elektrik enerjisinin ötürülməsi əməliyyatlarından dividentlər əldə edəcək. Yada salaq ki, bu əməkdaşlıqla bağlı məsələ ortaya çıxanda ABŞ buna qarşı çıxmışdı. Vaşinqton enerji sahəsində Tehrana qarşı tətbiq edilmiş sanksiyaların təsirinin zəifləyəcəyindən narahat idi. İndi Vaşinqtonun mövqeyində hansısa dəyişiklik varmı? Qərbin sanksiyaları altında olan iki ölkə ilə Azərbaycanın əməkdaşlığına münasibət necə ola bilər? Azərbaycan üzərindən Ermənistana işıq verilməsi sülhə hansı töhfəni verə bilər? İrəvan və Tehran elektrik enerjisi müqabilində qaz sazişini həcmləri artırmaqla 2030-cu ilə qədər uzadıb. Sənədi “Yerevan TES” QSC-nin direktoru Aram Qazaryan və İran Milli Qaz Şirkətinin rəhbəri Məcid Çegeni imzalayıblar. Ermənistanın ərazi-idarəetmə və infrastruktur naziri Qnel Sanosyan sazişi sərfəli adlandırıb: “Çünki bu, İran qazının idxalının və Ermənistanın elektrik enerjisi ixracının artması üçün imkanlar açır”.

Azad MƏSİYEV

 Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin  bildirdiyinə görə, Ermənistanla Azərbaycan arasında sülh sənədi olmadığına görə hələlik bu məsələlərin həlli real görünmür. A.Məsiyev 10 noyabr bəyanatının təşəbbüskarının Rusiya olduğunu qeyd edərək xatırladır ki, ortada razılaşma var - nəqliyyat kommunikasiyaları açılsın: “Amma bu məsələlər reallaşmayıb, sülh müqaviləsi imzalanmayıb deyə elektrik enerjisinin Azərbaycandan keçərək Ermənistana ötürülməsi mümkün deyil. Ancaq İranla belə bir əməkdaşlıq mümkündür. Şimal-Cənub dəhlizinin açılması plandadır. Eləcə də bu proyekt ola bilər. Ancaq bunun üçün İran-Azərbaycan münasibətləri də yaxşı səviyyədə olmalıdır. Çünki iqtisadiyyatla siyasət biri-birinə bağlıdır, təsir imkanları var. Hazırda Tehran-Bakı xəttində əlaqələrin normallaşmasından asılı olan bir təklifdir”.

Fuad Əliyev: Onlar müvəqqəti olan Laçın dəhlizi ilə yola salınacaqlar

 Fuad Əliyev

Siyasi ekspert Fuad Əliyev bu platformanın reallaşmasını bir şərtlə mümkün hesab edir - Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirsin: “Rusiyanın energetika naziri maraqlı təklif səsləndirib. Lakin Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisində qala-qala onlara bizim üzərimizdən işıq vermək həddindən artıq humanistlik olardı. Biz nəqliyyat kommunikasiyalarının, bölgədə müxtəlif sahələr üzrə əməkdaşlıq platformalarının əleyhinə deyilik, yetər ki, Ermənistan 10 noyabr sənədinin bütün müddəalarını icra etsin. Yəni hər bir əməkdaşlıq qarşılıqlı addımlarla həyata keçirilir. Azərbaycan o qədər sadəlövh deyil ki, birtərəfli qaydada razılaşsın. Bunun üçün Zəngəzur koridoru ilə bağlı bir hərəkətlilik olmalıdır, Qarabağdan erməni silahlı dəstələri çıxmalıdır, Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında quru yol açılmalıdır, o zaman digər müstəvilərdə də projelər istisna deyil. Bu gün Ermənistan sərhəddə atəşkəsi pozsun, Qarabağdakı terrorçu köpəklərin üzərinə partlayıcı maddə quraşdırıb üstümüzə it göndərsin, səngərlər qazsın, Xankəndinə göndərdiyimiz 40 ton un məmulatını qəbul etməyə mane olsun, sonra da biz deyək ki, Rusiyadan gələn elektrik enerjisi Azərbaycandan keçməklə Ermənistana ötürülsün. Dediyim kimi, hər bir əməkdaşlıq formatı qarşılıqlı anlaşma və etimad tələb edir. Biz Ermənistanın bölgədə sülhə, sabitliyə töhfə verdiyini görmürük. Əksinə, regionda sülhə təhdid yaradan, bölgəni müxtəlif güc mərkəzlərini cəlb etməklə qarışdıran elə rəsmi İrəvandır”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR