İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan üçün 9 mayın gerçək anlamı - Vətən savaşımız nə vaxt bitəcək...

476 09.05.2023 09:02 Gündəm A A

Siyasi şərhçi: “İkinci Dünya müharibəsində dünya alman faşizminə qarşı savaşırdı, Qarabağ müharibəsində Azərbaycan xalqı erməni faşizminə qarşı tək döyüşürdü”

Mayın 9-u alman faşizmi üzərində qələbənin 78-ci ildönümüdür. Sirr deyil ki, bu qələbəyə mühüm töhfə vermiş Azərbaycan xalqının özü az sonra erməni faşizminə tuş gəlib. 2-ci Dünya savaşı bitər-bitməz xalqımızın böyük hissəsi Ermənistan adlı qondarma dövlətdən zorla deportasiya (1948-1953) edilib. Sonuncu azərbaycanlıları isə 1989-cu ildə oradan zorla qovub çıxarıblar.   

Nə yazıq ki, Hitler Almaniyasına qarşı amansız olan bir sıra dövlətlər erməni faşizminin yaşaması və yeni nəfəs alması üçün hər şey edir. Bunlar ilk növbədə Fransa başda olmaqla, bir sıra Qərb dövlətləridir (Niderland, Danimarka və s.) ABŞ və Rusiya da zaman-zaman bu və ya digər formada türkə qarşı nifrəti körükləmək üçün dağıdıcı erməni separatizmi və irqçiliyinə (ultra-millətçiliyinə) dəstək verib və verməkdədir.

Bu səbəbə 44 günlük müharibədən sonra da erməni həyasızlığı davam edir, İrəvan Bakı ilə sülh müqaviləsi imzalamaq istəmir. Revanşist xəyallarla yaşayır. Odur ki, sual yaranır: Azərbaycan üçün 9 mayın gerçək anlamı nədir, bizim üçün Vətən müharibəsi nə vaxt bitəcək?

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, İkinci Dünya müharibəsində Azərbaycan xalqı o zamankı alman faşizminə qarşı müharibədə döyüşürdü, 30 ilə yaxın, xüsusən də 44 günlük müharibədə isə erməni faşiziminə qarşı döyüşüb. Alman faşizminə qarşı dünya savaşırdı, azərbaycanlılar da bu savaşın içərisində iştirakçı idi. Erməni faşizminə qarşı isə Azərbaycan xalqı ancaq özü döyüşüb. Dünyanın böyük gücləri erməni faşizminə qarşı hərəkətə kemək əvəzinə ona dəstək veriblər: “İkinci Dünya müharibəsinin növbəti ildönümündən çıxaracağımız əsas dərslərdən biri faşizmin müasir təzahürlərinə güzəştə getmənin, göz yummanın bəşəriyyət üçün nə qədər böyük təhlükə olduğunu göstərməsidir. Erməni faşizminə göz yumanlar, örtülü dəstək verənlər imkan verdilər ki, Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunsun və o torpaqlarda yaşayan insanlar öz ata-baba yurdlarından didərgin salınsın. Bu davranışdan ruhlanan Rusiya əvvəl Gürcüstana qarşı, sonra isə Ukraynaya qarşı işğalçılıq müharibəsinə başladı. Bununla da dünyanın məhv olma təhlükəsinə gətirdi. İndi ayılıblar və dərk eləyirlər ki, bu cür hallara vaxtında və qəti münasibət bildirilməlidir”.

Abutalıb Səmədov: Zəngilanda aparılan bərpa-quruculuq işləri bizi  qürurlandırdı - AZƏRTAC

Abutalıb Səmədov 

Siyasi şərhçi qeyd etdi ki, Azərbaycan üçün Vətən müharibəsi 2020-ci ilin 10 noyabrında başa çatdı. Biz ərazi bütövlüyümüzü təmin elədik, işğal olunmuş torpaqlarımızı azad etdik. Ancaq suverenliyimizi tam təmin eləyə bilmədik. Buna dünyanın böyük gücləri, ilk növbədə Fransa və Rusiya maneçilik törətdilər. Lakin müharibənin bitməsindən keçən üç il müddətində Azərbaycan addım-addım suverenlyinin bərpası istiqamətində irəlilədi: “Artıq son addımları atmaq ərəfəsinə gəlib çıxmışıq. Ermənistan və onun əsas müttəfiqləri Fransa və Rusiya Praqada, həmçinin Soçidə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdıqlarını imzaları ilə təsdiq eləyiblər. Ermənistanın baş naziri dəfələrlə onun əsas məqsədinin Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini qorumaq olduğunu bəyan edib. Hamı da görür ki, Ermənistan Qarabağdan imtina edib, Qarabağın yükünü çəkmək istəmir və Azərbaycan hökuməti ilə Qarabağda yaşayan ermənilərin nümayəndələri arasında danışıqların aparılmasının tərəfdarı kimi çıxış edir. Ancaq Ermənistan beynəlxalq mexanizmləri də buna qoşmaq istəyir ki, Azərbaycan da bunu qətiyyən qəbul eləmir. Çünki bu, Azərbaycanın daxili işidir. Proseslər göstərir ki, artıq həm Fransa, həm ABŞ, həm də Rusiya Ermənistanın istəklərinə uyğun mövqe ortaya qoymaq istəmirlər. Qərbdən əli üzülən Nikol Paşinyan son müsahibəsində bir daha Rusiyaya müraciət edib və ötən il sülh sazişi ilə bağlı verdiyi təklifi yeniləməyi xahiş edib. Çünki çıxılmaz vəziyyətdədir. Ancaq Rusiya ondan artıq imtina edib. Sergey Lavrovun Ararat Mirzoyanla mətbuat konfransında söylədiyi fikirlər və Qarabağın gələcəyi ilə bağlı dedikləri ermənilər üçün çox böyük zərbə oldu. Ağır da olsa, bizim arzuladığımız sürətlə olmasa da Azərbaycan addım-addım öz məqsədlərinə doğru yaxınlaşır və ümid var ki, yaxın aylarda sülh sazişi imzalansın, Qarabağ üzərində tam suverenliyimiz təmin olunsun. Bununla da biz faktiki olaraq Qarabağ uğrunda apardığımız Vətən müharibəsinin başa çatdığını elan eləyə bilərik”.     

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR