İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub

632 23.06.2026 12:23 Siyasət A A

Azərbaycan ilə Türkmənistan münasibətləri qədim tarixə malikdir. Hər iki xalq eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa azərbaycanlılarla türkmənləri dil və din eyniliyi də birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri və səfər çərçivəsində imzalanan sənədlər dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirmişdir. Bu gün də iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun  bu günlərdə Azərbaycana səfəri zamanı bunun bir daha şahidi olduq.

Bu fikirləri Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

CİNGİZ SON.jpg (299 KB)

Komitə sədri deyib ki, Azərbaycan-Türkmənistan münasibətləri tarixi bağlar, mədəni və mənəvi əlaqələr üzərində qurulub. Hər iki ölkənin, eləcə də dünya ictimaiyyətinin nümayəndələri bu səmimi dostluq münasibətlərinin Qarabağda aparılan abadlıq işləri zamanı da şahidi oldu. Prezident İlham Əliyev Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda da Qarabağın bərpasında köməyə görə Türkmənistana təşəkkürünü bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, ötən ilin iyulunda Qurbanqulu Berdiməhəmmədov ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi.

Tanınmış hüquqşünas iki ölkə arasında müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarının təşkilindən söhbət açaraq deyib ki, bu yaxınlarda həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində iştirak etdilər. Həmçinin qeyd edildi ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar dost ölkələrin birliyinin nümayişidir. Dövlətimizin başçısı Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə Türkmənistan tərəfinə bir daha təşəkkürünü bildirdi.

Ç.Qənizadə Azərbaycanla Türkmənistanın siyasi qarşılıqlı fəaliyyətindən coğrafi şəraitin yaxşılaşdırılmasından da söhbət açdı: “Prezident də diqqətə çatdırdı ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır. Hətta bu, təkcə bizim və qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik”.

Komitə sədri Azərbaycanın həmişə dost dövlətlərin, o cümlədən Türkmənistanın uğurlarına sevindiyni vurğulayaraq deyib ki, bunu dövlətimizin başçısı mətbuata bəyənatında da diqqətə çatdırdı. Azərbaycan Prezidenti  uzun illər ərzində dəfələrlə Türkmənistana səfərləri zamanı bu uğurların şahidi olduğunu dedi. Qeyd etdi ki, biz dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik.

“Səfər zamanı iki ölkə arasında imzalanmış sənədlər Azəırbaycan-Türkmənistan münasibətlərinin yeni mərhələyə qədəm qoymasından xəbər verir”, - deyə Ç.Qənizadə bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR