İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan “Taliban”la anlaşma yolunda

1105 05.06.2024 10:06 Siyasət A A

Səfir göndərilməsinə baxmayaraq, Bakı ilə Əfqanıstanın qanuni iqtidarı arasında hər hansı rəsmi təmas yoxdur, amma...

Rusiyanın yüksək səviyyəli diplomatının bildirdiyinə görə, Rusiya Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Əfqanıstan hökumətinə rəhbərlik edən “Taliban”ın Rusiyanın terror təşkilatları siyahısından çıxarıla biləcəyinə dair təkliflərini Vladimir Putinə təqdim edib.

Rusiya Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci şöbəsinin direktoru Zamir Kabulov Rusiyanın TASS dövlət xəbər agentliyinə deyib ki, “Taliban” hərəkatının terror təşkilatları siyahısından çıxarılması Moskvaya Əfqanıstan hökumətini tanıyıb-tanımamaq barədə qərar verməyə imkan verir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da deyib ki, “Taliban” Əfqanıstanda “əsl qüvvədir” və Moskvanın qadağan olunmuş təşkilatlar siyahısından çıxarılmasının mümkünlüyü obyektiv reallığı əks etdirir.

Bu arada Qazaxıstan “Taliban”ı terrorçular siyahısından çıxarıb. Bu barədə məlumatı ölkənin prezidenti Kasım-Jomart Tokayev açıqlayıb.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 28 iyul 2021-ci il tarixli sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub. O, bu il fevralın ortalarında Kabilə gedib və Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb. 

Onu da bildirək ki, Əfqanıstan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 21-də ilk tanıyan dövlətlərdən biridir. 1994-cü ildən ölkələr arasında diplomatik münasibətlər mövcuddur. 2012-ci ildən Bakıda Əfqanıstanın səfirliyi fəaliyyət göstərir. 

Azərbaycan Əfqanıstanın keçmiş hakimiyyətləri ilə sıx əməkdaşlıq edirdi. İndiyə qədər Azərbaycan Respublikası ilə Əfqanıstan İslam Respublikası arasında 15 sənəd imzalanıb. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və rəhbəri Musa Qasımlıdır.   

Onu da bildirək ki, “Taliban” üsyançıları 2021-ci il avqustun 15-də hakimiyyətə qayıdıb və ABŞ-ın başçılıq etdiyi xarici qüvvələrin Əfqanıstandan çıxarılmasından sonra tamamilə kişilərdən ibarət “Taliban” hökuməti yaradıb.

Musa Qasımlı: Azərbaycan modernləşmə yolu ilə irəliləyir - AZƏRTAC

Musa Qasımlı

Musa Qasımlı “Yeni Müsavat”a dedi ki, “Taliban” artıq bir neçə ildir ki, Əfqanıstanda hakimiyyətdədir, dünyanın bəzi ölkələri ilə əlaqələr qurub, tanınma prosesi baş verib, müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirir: "Azərbaycanla Əfqanıstan arasında münasibətlərə ən düzgün qərarı dövlətimiz verəcək. Milli maraqlarımız əsas götürüləcək. Hər hansı bir təşkilatın ölkədə hakimiyyətə gəlməsi və getməsi o xalqın öz işidir. Biz Əfqanıstanda sabitliyin olmasında, xalqın dinc şəraitdə yaşamasında maraqlıyıq". 

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

 Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov qeyd etdi ki, 2021-ci ildə hakimiyyəti ələ keçirən, bir çox ölkələr tərəfindən terror  siyahısına salınan “Taliban” xarici işğalçı güclərə qarşı yaradılmış silahlı müqavimət hərəkatıdır: ""Taliban" 1996-2001-ci ilədək Əfqanıstanın bütün ərazilərini idarə edirdi. Lakin məlum 11 sentyabr terror hücumundan sonra ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasının Əfqanıstana hücumu nəticəsində “Taliban” hakimiyyəti süqut etsə də, silahlı mübarizəsini dayandırmadı. Uzun sürən müqavimət “Taliban”ın ABŞ-ı ölkədən çıxarması və yenidən hakimiyyətə gəlməsi ilə nəticələndi. “Taliban” Əfqanıstanda iqtidarda olsa da, hələ də terror təşkilatı kimi tanınması beynəlxalq tədric vəziyyəti yaradıb. Azərbaycanla Əfqanıstan arasında münasibətlər hakimiyyətlərin dəyişməsindən asılı olmayaraq sabit qalıb. Əfqanıstan cəmiyyətində Azərbaycana, Azərbaycanın da Əfqanıstanla dostluq münasibətləri mövcuddur. Birinci Qarabağ müharibəsində Əfqanıstandan gələn onlarla könüllü döyüşçü Azərbaycan əsgəri ilə çiyin çiyinə erməni-rus hərbi işğalçı qüvvələrinə qarşı vuruşdular. Azərbaycan-Əfqanıstan əlaqələri təkcə iqtisadi, ticari əlaqələr deyil, humanitar, mənəvi bağlılıqlar da var. Əfqanıstanda özbək və türkmən kimi türk etniklər bu ölkənin həyatında həlledici mövqeyə sahibdir. Odur ki, Bakı ilə Kabil arasında münasibətlərin inkişafı hər iki ölkə üçün faydalıdır. “Taliban”ın Əfqanıstanda hakimiyyətə yenidən gəlməsi yeni reallıqlar yaradıb. Mövcud reallıqları düzgün qiymətləndirən ölkələr qərarlarına yenidən baxaraq Əfqanıstanla diplomatik münasibətlərini qurur. Doğrudur, şəxsən mənim “Taliban” rejiminin yaratdığı Əfqanıstan İslam Əmirliyi dövlətindəki sərt islam idarəçiliyinə mövqeyim birmənalı deyil. Ancaq fundamental olaraq yanaşsaq, dövlətlərarası münasibətlər subyektiv baxışlara əsaslanmır və Əfqanıstan beynəlxalq aləmin subyekti olaraq qalır".

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu 

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu səfir göndərilməsinə baxmayaraq, Azərbaycan rəhbərliyi ilə “Taliban” arasında hər hansı bir rəsmi təmasın olmadığını söylədi: “Düzdür, Bakı Kabilə səfir göndərib. Amma hələlik qarşılıqlı olaraq hər hansı yüksək səviyyədə açıq görüş olmayıb. Bu yəqin ki, gələcəkdə olar. Ancaq əsas odur ki, Bakı artıq səfirini göndərib. Bu da Mərkəzi Asiya ilə əlaqələrin inkişafı ilə bağlıdır. "Taliban" artıq Əfqanıstanın reallığıdır və bir çox region ölkələri bunu qəbul edir. Rusiya “Taliban”la artıq 2 ildən çoxdur ki, təmaslar həyata keçirir, “Taliban” heyəti bir neçə dəfə Moskvada olub. Oxşar addımı indi Qazaxıstan atıb, “Taliban”ı terrorçu siyahısından çıxarıb. Rusiya da analoji addımı atmağa hazırlaşır. Lakin Azərbaycanın belə bir siyahısının olduğunu bilmirəm, yəni bizdə bu cür terrorçu siyahısı olmadığı üçün bu formallığa gərək yoxdur. Ancaq düşünmürəm ki, Bakı bu məsələdə qabağa düşəcək. Ehtimal edirəm ki, ehtiyatlı addım atılacaq. Əfqanıstan Azərbaycana çox uzaq ölkə deyil. Tarixi, mədəni əlaqələr var, hazırda iqtisadi baxımdan Əfqanıstan mühüm enerji və nəqliyyat dəhlizinin üzərində yerləşir. Ən mühümü Əfqanıstanda böyük Azərbaycan - Qızılbaş Qarabağlılar icması var. Əfqanıstan azərbaycanlıları bizim üçün bu ölkədə təbii diaspor rolunu oynayır. Yəni bizim “Taliban”la düşmən olmamaq üçün ciddi əsaslarımız var. “Taliban” üzərində Çinin ciddi təsiri var. Daha əvvəl yalnız ərəb ölkələri və Pakistan “Taliban”a təsirli hesab olunurdusa, indi “Taliban” həm də Çinlə müttəfiqdir. Onu da qeyd etmək lazımdır ki, “Taliban” həm Əfqanıstanın coğrafi mövqeyi, həm də bu qruplaşmanın ideoloji, hərbi və dini gücü baxımından regionda sabitliyin əsas indikatoru rolundadır. Yəni Mərkəzi Asiyanın sabitliyi “Taliban”dan və onun hərəkətlərindən çox asılıdır. Bunu region ölkələri də anlayır, bu səbəbdən də “Taliban” və region ölkələri arasında inteqrasiya prosesi gedir. Lakin bunun elə də hamar və rahat olacağını düşünmürəm. Hər bir halda, inteqrasiya və əməkdaşlıq müsbət hadisədir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR