İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan “sədrlik troykası”nda

1111 27.10.2023 11:00 Siyasət A A

Deputat Elman Nəsirov: “Bu hadisə BMT-də və digər təşkilatlarda Azərbaycana təzyiqlərin neytrallaşdırılması baxımından olduqca əhəmiyyətlidir”

Azərbaycan növbəti üç il ərzində Qoşulmama Hərəkatının “sədrlik troykası”nda yer alacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, gələn il yanvarın 15-20-də Uqandanın Kampala şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 19-cu Zirvə görüşü ilə hərəkata sədrlik Azərbaycandan Uqandaya keçəcək: “Ölkəmiz növbəti üç il müddətində hərəkatın "sədrlik troykası"nda yer alacaq. Troyka üzvü qismində də Azərbaycan hərəkatın beynəlxalq nüfuz və mövqelərinin gücləndirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək".

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. 1961-ci ildə  Fidel Kastro  və marşal İosif  Titonun  rəhbərliyi ilə o zamankı Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub.

Bu hərəkatın üzvü olan 53 ölkə Afrikadan, 37-si Asiya, 26-sı Latın Amerikası  və 2-si Avropadandır.

Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür, bu qurumda 2011-ci ildən fəaliyyət göstərir. Fəaliyyətinin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunub. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi bu idi. 120 ölkənin yekdil dəstəyi ilə Azərbaycan Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrliyi üzərinə götürdü. Qoşulmama Hərəkatına sədrliyimizin yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılmasını ölkəmizə böyük  hörmət və fəaliyyətinin qiymətləndirilməsi deməkdir. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, qurumun institusional inkişafına ciddi töhfə verib. 

Oxu.az - Tələbəsi ilə eşq yaşadığı deyilən Elman Nəsirov məhkəmədə uduzur?  – Vəkildən şok AÇIQLAMA

Elman Nəsirov

Ölkəmiz hərəkatın timsalında özünün haqq səsini dünyaya bəyan edən, kifayət qədər ciddi platforma qazandı və ondan yetərincə faydalanmağı bacardı. 2020-ci ilin Vətən müharibəsi günlərində BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısını yeddi Qoşulmama  Hərəkatı ölkəsi böyük inamla aldı. Torpaqlarımızın işğaldan azad olunmasından sonra ölkəmizin yeni çağırışlarla - dağıntılarla, mina partlayışları ilə, ərazilərin bərpası məsələləri ilə, itkin düşmüş şəxslər problemləri ilə üzləşdi. Bu zaman da Azərbaycan QH-yə üzv dövlətlərin timsalında etibarlı tərəfdaşlar tapdı. Prezident İlham Əliyev hərəkata üzv ölkələrin bir hissəsinin mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış etdi. Dövlət başçımızın bu təşəbbüsü də geniş dəstək qazandı.

Azərbaycanın növbəti üç il ərzində Qoşulmama Hərəkatının “sədrlik troykası”nda yer alması ölkəmizə qarşıdakı illərdə bu təşkilatın ciddi dəstəyini qazanmaq fürsəti verəcəkmi? Bunun anti-Azərbaycan qüvvələrin fəallaşdığı  dövrdə ölkəmiz üçün ciddi faydaları olacaqmı?

Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində çox ciddi faktorlardan birinə çevrilmiş Qoşulmama Hərəkatına üç il müddətində sədrlik edir. İndi isə məlum olur ki, 2024-cü ilin yanvar ayının 15-dən 20-dək Uqandanın paytaxtında Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və sədrlik Azərbaycandan Uqandaya veriləcək: "Burada sevindirici hal bundan ibarətdir ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi 3 il ərzində təşkilatın nüfuzunun, beynəlxalq aləmdə imicinin, beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfənin çox böyük olması reallığını nəzərə alan təşkilat qərara gəlib ki, Azərbaycan Uqandanın sədrlik etdiyi dövrdə də “sədrlik troykası”nda yer alsın. Bu, çox mühüm hadisədir və Azərbaycana olan böyük etimadın ifadəsidir. Xüsusilə də indiki dövrdə bunun böyük mənası və əhəmiyyəti var. Qoşulmama Hərəkatına sədrlik dövrümüz  dünyada çox mürəkkəb proseslərin getdiyi vaxta təsadüf etdi. Belə bir vəziyyətə baxmayaraq Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatının inkişafına, nüfuzunun artmasına, fəaliyyətinə çox ciddi töhfələr verdi. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə özünün ən mürəkkəb problemini həll etdi - işğaldakı torpaqlarını azad etdi, ərazi bütövlüyünü təmin elədi. Bu nöqteyi-nəzərdən də Qoşulmama Hərəkatına sədrliyimizin faydaları olub. Bundan sonrakı mərhələdə "sədrlik troykası"nda yer almağımız, hesab edirəm ki, yeni reallıqda dövlətimiz üçün olduqca əhəmiyyətlidir. Azərbaycanın yaratdığı yeni reallıqları həzm edə bilməyən dövlətlər var. Xüsusilə də Fransa bu prosesdə daha fəaldır. Müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində, əsasən də BMT çərçivəsində Azərbaycana qarşı təzyiq kampaniyası həyata keçirirlər. İndi Fransa hazırlaşır ki, Qarabağdan könüllü köçüb getmiş ermənilərin guya Azərbaycan tərəfindən deportasiyaya, etnik təmizləməyə məruz qaldığı rəyini yaratsın və bu fikirlərin əksini tapdığı qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarsın, Azərbaycana qarşı qətnamə qəbul edilsin. Ancaq Azərbaycanın Qoşulmama Hərəkatında gələn il “sədrlik troykası”nda yer alması nəticə etibarilə Azərbaycana təzyiqlərin neytrallaşdırılması baxımından olduqca əhəmiyyətlidir". Deputatın sözlərinə görə, nəzərə alsaq ki, BMT Baş Məclisini təmsil eləyən dövlətlərin üçdə ikisi Qoşulmama Hərəkatının üzvləridir və Azərbaycan bu təşkilatda böyük nüfuza malikdir, deməli, həm BMT kürsüsündə, həm də digər beynəlxalq qurumlar çərçivəsində də Azərbaycana qarşı anti-Azərbaycan dairələrin çirkin niyyətlərinin həyata keçirilməsi yolunda ciddi maneə yaranacaq: “Qoşulmama Hərəkatı Azərbaycana münasibətdə haqqı, ədaləti üstün tutur. Bundan sonra da gələn il Azərbaycanın Qoşulmama Hərəkatına "sədrlik troykası"nda yer alması ölkəmizin üzləşdiyi problemlərin həlli prosesinə töhfə verəcək, bizim imkanlarımızı genişləndirəcək".  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”   

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR