İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan müxalifətinin Kılıçdaroğluna dəstəyinin səbəbi

1643 31.05.2023 09:42 Siyasət A A

Vaxtilə Yuşşenkoya, Saakaşviliyə ümid bəsləyənlər bu dəfə yanlış seçimin acısını yaşadılar

Kamal Kılıçdaroğlu həm parlament, həm də prezident seçkisində növbəti dəfə məğlub oldu. Ekspertlər hesab edir ki, bu məğlubiyyətdən sonra CHP lideri Kamal Kılıçdaroğlu Türkiyədə bələdiyyə seçkilərində iştirak edə bilməz. Perspektivli namizədlər arasında Mansur Yavaş, Əkrəm İmamoğlunun adı çəkilir. CHP-nin yeni lideri olmasa, müxalifət bələdiyyə seçkilərində də məğlubiyyətə düçar ola bilər . Xüsusilə İstanbul və Ankara kimi böyük şəhərlər yenidən AKP-nin nəzarətinə keçə bilər.

Seçki müddəti və ondan sonrakı dövrdə Azərbaycan müxalifətinin əksər nümayəndələrinin Kamal Kılıçdaroğluna dəstəyi nəzərdən yayınmadı.

İran səfirliyinin dostu olan 60-dan çox jurnalist: onlar kimlərdir? - Elçin  Mirzəbəyli yazır

 Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, son 30-31 il ərzində bu ölkədə bir qrup insanın dünyagörüşündə heç bir dəyişiklik baş verməyib. E.Mirzəbəyli qeyd etdi ki, hər hansı ölkədə iğtişaş baş verəndə, yaxud kənardan dəstəklənən, “beşinci kolon” funksiyasını yerinə yetirən qüvvələr önə çıxanda sözügedən qrup emosiyaları “şahə qaldırır”, ortaya faciəli nəticələr çıxdıqdan sonra isə “endirirlər”. Beləcə “rəngli inqilab” ssenarilərinə uyğun “köynəklərini”, “bayraqlarını”, siyasi orientasiyalarını dəyişirlər və hər dəfə yanılırlar: ""Ərəb baharı"ndan geridə qalan cəhənnəmdən də dərs götürmədilər. Təəssüf ki, bəzən vaxtımızın bir hissəsini bu fəlakət dəllallarına sərf etməli oluruq... Azərbaycanın radikal müxalifətinin siması budur. Onlar düşünürlər ki, ayrı-ayrı ölkələrin dəstəklədiyi siyasi qüvvələr önə keçəndə  bu onlar üçün də müəyyən zəmin yaradacaq və Azərbaycanda qarşıdurma, kataklizmlər yaratmaqla siyasi hakimiyyətə etirazlarını təmin etməyi bacaracaqlar. Əsas məqsəd Azərbaycanın milli maraqlarına zidd olan qrupların yanında olmaqdır. Təəssüf ki, bu gün Azərbaycan müxalifətinin özünü radikal adlandıran bir qismi xarici maraqların izindədir. Türkiyədə Kamal Kılıçdaroğlunun Azərbaycanın əleyhinə çıxışlarına baxmayaraq, müxalifətin dəstəyi əslində bu insanların milli maraqlardan nə qədər uzaq olduğunun göstəricidir. Hesab edirəm ki, Ərdoğan sayəsində 44 günlük müharibədə Türkiyənin Azərbaycanın yanında olması vəfa borcu yaradıb. Sözügedən müxalif qisim bu dəyərləri də nəzərə almır. Ümumiyyətlə, Azərbaycan radikal müxalifəti tükənmiş vəziyyətdədir".

Cavansir.jpg (198 KB)

Cavanşir Abbaslı

AĞ Partiya sözçüsü Cavanşir Abbaslı da hesab edir ki, mayın 14-ü və 28-i tarixlərində qardaş Türkiyədə baş tutan seçkilərdə təkcə AKP və ya Ərdoğan deyil, həm də Azərbaycan xalqı və prezident İlham Əliyev uddu. C.Abbaslının fikrincə, ölkə rəhbəri Qarabağ münaqişəsinin tam həllində Azərbaycanın yanında sona qədər qardaş ölkənin rəhbərinin olacağına əmin olduğu üçün ilk gündən mövqeyini açıq şəkildə ortaya qoydu: “Azərbaycan müxalifətinin böyük qismi  isə əks-mövqe göstərdi. AĞ Partiya və dostumuz, hörmətli Pənah Hüseyn istisna olmaqla, müxalif düşərgədən heç kəs açıq şəkildə mövqe ifadə etmədi. "Xala xətrin qalmasın" edənlər də mayın 28-i axşam saatlarına qədər mövqelərini malalamaqla məşğul oldular. Hətta müxalifətin vahid namizədini açıq şəkildə müdafiə edənlərə də rast gəldik. Mayın 28-də Respublika Günü ilə əlaqədar Novxanıda Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edən, əsasən AXCP-dən ibarət olan Milli Şura rəhbərliyi tədbirin sonunda Türkiyə müxalifətinin seçki dövründəki mitinqlərdə göstərdikləri “ürək” işarəsini nümayiş etdirdi. Bu da, sadəcə, həyasızlığın son həddi idi. Nəticələr açıqlanar-açıqlanmaz isə bu müxalif qismin tərəfdarları, hətta rəhbərliyində təmsil olunan bəzi şəxslər Türkiyə müxalifətinin dilinə gətirmədiyi qanun pozuntuları iddialarını səsləndirməyə başladılar. Ölkədəki “Sem dayının uşaqları”, yəni özlərini liberal göstərən qisim, bir sözlə “müstəmləkə aydınları” daha fəal idilər. Özlərini Rəsulzadənin yaratdığı partiyanın təəssübkeşləri sanıb, onun davamçıları kimi cəmiyyətə sırımağa çalışanları da bu prosesdə unutmaq olmaz. Hələ “Cümhuriyyətçilərik” deyib guya Türkiyədəki cümhuriyyətçilərin yanlarında özlərini göstərməyə çalışanlar da başqa bir dərd idi... Adama sual verərlər ki, onlardan sizlərə nə?"

Partiya sözçüsü “Niyə məhz Ərdoğan” sualımıza belə cavab verdi: “Bilirsiniz, kimlərsə düşünə bilər ki, hər kəsin seçimi var, amma Ərdoğan Vətən müharibəmizdə oynadığı rolla hər cür dəstəyə layiq idi. Düşünürəm ki, az sayda əks-mövqe nümayiş etdirən oldu ki, onların mövqeyi heç nəyi həll etmirdi və sadəcə, "milçək vızıltısı" təsiri bağışladı. Zatən onlardan bundan başqa nə gözləmək olardı? Məhz onların arasından II Qarabağ savaşında sülh istəyən “sülh göyərçinləri” peyda olmuşdu. Eyni zamanda yaxın tarixi unutmamışıq. Vaxtilə Ukrayna, Gürcüstan kimi ölkələrdə seçki prosesi ilə əlaqədar inqilab baş verən kimi bu müxalifət dərhal həmin ölkələrdəki müxalifətə can-başla dəstək verməyə başladı. Həmin ölkələrdə müxalifət hakimiyyətə gəlsə də, prezident seçilən Viktor Yuşşenko və Mixail Saakaşvili nəinki bunlara təşəkkür etmədi, əksinə, Azərbaycana səfər zamanı müxalifət nümayəndələrinə salam belə vermədilər. İndi də Kamal Kılıçdaroğluna ümid bəsləyirdilər, lakin bu ümidləri də puç oldu. Bir də lap dəyişiklik olsaydı belə, bu düşərgəyə qızıl məcməyidə hakimiyyətin açarı veriləcəkdi? Sadəcə, burada bircə əsas səbəb var. Özlərini “ana” və ya bilmirəm, “ata” müxalifət adlandıranlar o qədər məğlubiyyət, uğursuzluq sindromu yaşayıblar ki, hansı ölkədə seçkilər keçirilirsə, dəyişiklik şansı yaranıbsa, həmin ölkə ilə hava alırlar, oradakı seçki prosesinin təsirində yatıb-dururlar... Onları da haradasa başa düşmək lazımdır, çünki məğlubiyyət yetim olur, ona heç kəs sahib çıxmır, amma bu da onlara haqq vermir. Biz bu gün Qarabağ, Azərbaycan naminə sona qədər bizimlə bir yol gedənlərin, bizə hər cür dəstək verənlərin yanında olmalıyıq. Bunun əksində dayananlar, sadəcə, vətən xainləridir..."

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR