İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan Mehrini alacaq” iddiası sərhəd “revizor”larını qorxutdu

2091 13.09.2023 13:10 Siyasət A A

Ermənistan Azərbaycanın Mehrini güc yolu ilə ələ keçirəcəyi barədə yalandan hay-küy yaradıb; Aİ-nin Ermənistandakı missiyası eskalasiya riskini əsas götürərək iki patrul xidmətini gücləndirir

Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası Azərbaycan-Ermənistan sərhədində patrul fəaliyyətini artırıb. “Yeni Müsavat” yada salır ki, bu barədə missiyanın “X” (Tvitter) sosial şəbəkə hesabında qeyd edilib. “Aİ Monitorinq Missiyası hərbi vəziyyətdə hər hansı dəyişikliyi müşahidə etmək üçün Ermənistanın Qeqarkunik və Sünik (Zəngəzur - E.S.) vilayətlərinin Azərbaycanla sərhəd ərazilərində patrul fəaliyyətini artırıb.

Biz regionda mövcudluğumuz vasitəsilə gərginliyin aradan qaldırılmasına və vəziyyətlə bağlı Aİ-ni qərəzsiz hesabatına töhfə verməyi hədəfləyirik”, - deyə paylaşımda bildirilib. Xatırladaq ki, bu il 21 fevral tarixində Avropa İttifaqının (Aİ) Ermənistana göndərdiyi mülki missiya (EUMA) fəaliyyətə başlayıb. Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mülki planlama və davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat əməliyyatın mülki komandanlığı vəzifəsini yerinə yetirəcək, missiyaya rəhbərliyi isə Markus Ritter edəcək. Missiyanın ilkin mandatı iki ili əhatə edir.

Ekspertlər hesab edir ki, son günlər Ermənistan rəsmiləri Azərbaycanın müharibəyə hazırlaşdığı, guya hətta Mehri rayonunu güc yolu ilə ələ keçirəcəyi barədə yalan hay-küyü yaradıb. Aİ-nin Ermənistandakı Monitorinq Missiyası da eskalasiya riskini əsas götürərək Ermənistanın iki vilayətində patrul xidmətini gücləndirir. Guya ki, yaranan eskalasiya zamanı bunlar toqquşmaları qeydə alıb hesabat hazırlayacaqlar. “Əslində isə Avroittifaqın məqsədi Monitorinq Missiyası adı altında Ermənistanda fəaliyyət sferasını genişləndirmək, müşahidəçilərin sayını artırmaqdır. Çünki Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi fonunda, Aİ-nin bu yöndə aktivliyini artırması təsadüfi deyil. Bütün bunlar arasında heç şübhəsiz ki, bu və ya digər dərəcədə əlaqə var”, - deyə, ekspert Ramil Hüseynov deyib. Ümumiyyətlə, İrəvan israrla iddia edir ki, Azərbaycan sərhədə qoşun cəmləyir və guya onun suveren ərazilərinə hücum edə bilər. Baş nazir Nikol Paşinyan ictimai televiziyaya müsahibəsində Ermənistanın sərhədə qoşun yığmasını Azərbaycanın belə bir addım atması ilə əlaqələndirib. Amma burada əsas hiylə KTMT-nin guya öz missiyasını yerinə yetirməmək görüntüsü yaratmaqdır. Bu minvalla “rus NATO”sundan uzaqlaşma və Aİ-nin müşahidə missiyasının regionda fəaliyyət sferasını genişləndirmək məqsədi güdülür. Maraqlıdır, Aİ-nin Monitorinq Missiyasının fəaliyyətinin gücləndirilməsində məqsəd nədir? Azərbaycanın Mehrini hərbi yolla ələ keçirilməsi yalanı niyə tirajlanır? Sərhəddə toqquşmanı bəhanə edərək, Azərbaycan Ermənistan ərazilərinə “hücum edib” ittihamı ilə Fransa BMT Təhlükəsizlik Şurasında iclas çağıra bilərmi?

Azərbaycan iqtisadiyyatı Heydər Əliyevin sayəsində dirçəlib- Tofiq Abbasov  - "İki sahil"

Tofiq Abbasov

AzTV-nin İctimai-siyasi proqramlar studiyasının direktoru, politoloq Tofiq Abbasov “Yeni Müsavat”a qeyd etdi ki, Paşinyanın yalançı olması yenilik deyil: “Onun siyasəti qərbyönümlüdür. Erməni hərbçilər amerikalı xüsusi təyinatlarla birgə təlimlərə başlayıb. Faktiki olaraq, Paşinyan zorla Qərbi regiona gətirir. Özü də KTMT üzvü ola-ola...

Plan budur ki, Qərb Cənubi Qafqaza gəlsin. Bu, tək Rusiyanın deyil, İran və Türkiyənin də narahatlığıdır. Çünki Qara dənizdə iki donanma var idi - rusların və türklərin. Amerikalılar Qara dənizə soxulmaq istəyəndə türklər dedi ki, NATO ölkəsi kimi biz burada varıq. İndi Qərbi Qafqaza yenidən gətirmək istəyirlər. Xatırlayırsınızsa, Prezident İlham Əliyev 3+3 formatı ideyasını irəli sürəndə ABŞ etiraz etdi. Pentaqon rəhbəri Lloyd Ostin Gürcüstanda olarkən bu təşəbbüsün əleyhinə çıxdı. Vaşinqton hesab edirdi ki, onların rəqibləri bölgədəki marşrutlardan istifadə edəcək. Yəni bütün komponentlər üzrə biz görürük ki, ABŞ-ın Qafqaza gəlməsi məqsədlidir: regionda hərc-məclik, müharibə olsun, nəticədə Orta dəhliz sıradan çıxsın. Qərbi də bölgəyə gətirən həmin bu Paşinyandır. Ona görə Azərbaycanı qaralayır, sərhəddə guya hücum edəcəyimiz haqda əsassız fikirlər səsləndirilir".

T.Abbasov artıq kollektiv Qərb anlayışı olmadığını vurğuladı: “Amerika və Avropanın bu məsələlərə fərqli mövqeyi var. Ancaq yavaş-yavaş Amerika silahlı qüvvələri bura yerləşdiriləcək. Vaxtilə Saakaşvilinin etdiklərini dolayısı ilə Paşinyan edir. Amerika dünyanı maraq zonası elan edib, bir Qafqaz qalmışdı, bura da soxulacaqlar. Bu mənada Rusiya ilə ABŞ-ın yeni toqquşma bölgəsi Qafqazdır. Ancaq tək Rusiya yox, İran və Türkiyə də regiondadır. Yəni real vəziyyətdə Paşinyanın hansı "dəyirmana su tökdüyü" görünür. Ona görə də sərhəddə eskalasiya riski artır. Uzaq Hindistanın silah göndərməsinin səbəbi nədir? Bu məsələdə dəstək verən Paris də Amerikanın itidir. Ona görə belə gərgin şəraitdə müharibə baş verməsi istisna deyil. Nəticə etibarı ilə Qafqaz sabit şəraitdən qeyri-stabil yerə çevrilə bilər ki, bununla da Orta dəhliz baş tutmasın. Belədə Çinin, Rusiyanın, Türkiyənin cibindən gedəcək".

ABŞ-Türkiyə münasibətlərində gərginlik yeni mərhələyə keçəcəkmi - politoloq  danışır - 22.06.2019, Sputnik Azərbaycan

Ramiyə Məmmədova 

“World Panorama” strateji araşdırmalar mərkəzinin rəhbəri Ramiyə Məmmədova erməni tərəfdən tez-tez “Bakı İrəvana qədər gələcək”, “Bir də görəcəyik ki, Əliyev İrəvanda çay içir”, “Azərbaycanın hədəfi Zəngəzuru da götürməkdir” kimi iddialar səsləndiyini xatırlatdı. Onun sözlərinə görə, Ermənistanla şərti sərhəddə hərbi toqquşmalar baş verərsə, Azərbaycanın guya onların ərazilərinə hücum etməsi rəyi formalaşdırmağa cəhd ediləcək: “Məqsəd Zəngəzur koridorunun açılmasını gecikdirmək, Azərbaycanı aqressor kimi qələmə vermək, regionda qarışıqlığa nail olaraq sülh prosesini uzatmaq, həmçinin "KTMT bizə yenə kömək etmədi" bəhanəsi ilə Rusiyanın orbitindən bir qədər də uzaqlaşmaqdır. Avropalı müşahidəçilər, fransız jandarması, alman polisi, kanadalı atlı polislər, amerikalı hərbçilər... Bunlar hamısı Ermənistan ərazisindədir. Vaşinqtonun ikinci ən böyük diplomatik korpusu İrəvana yerləşib, Paşinyan hakimiyyəti ən yüksək səviyyədə qorunur, yəni bütün sadalanan faktlar təsadüfidirmi? Rusiya hələ ki təmkinli davranır. Ancaq Ermənistan sürətlə rusun ağuşundan alınıb Qərbin qucağına atılmaqdadır. Bu strategiya proqramlaşdırılıb və tək Paşinyan komandasının ağlının məhsulu deyil. Biz hadisələrə bəsit yanaşa bilmərik. Postmünaqişə dövründə Ermənistan xeyli dərəcədə dəstək əldə etməyə, hərbi və iqtisadi cəhətdən dirçəlməyə çalışıb, regionda beynəlxalq oyunçuları cəlb edib, nəticə etibarı ilə Cənubi Qafqaz yeni strateji qarşıdurma meydanına çevrilib. Sadəcə, proksi müharibə aparan Şərq-Qərbdir, yəni ABŞ və Rusiyadır, burun-buruna gələn isə Ermənistanla Azərbaycandır. Lakin Ukraynadan sonra ikinci cəbhənin Cənubi Qafqazda açılmasına imkan verməməliyik. Belə bir təhlükəli gedişatı müşahidə edirik, amma bundan yayınmaq yolları da var. Ərdoğanın Paşinyanla telefon danışığı, Blinkenin çağırışı, Mişelin reaksiyası sərhəddəki gərginliyi qismən azalda bilər. Ancaq avropalıların patrul xidmətlərini genişləndirməsi yalnız bizimlə bağlı deyil, bunu Ermənistan sərhədlərini qoruyan rus hərbçilərinə kontur addım kimi qiymətləndirmək lazımdır".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR