İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Gürcüstan münasibətlərində yeni mərhələ - Strateji müttəfiqlər nəhəng beynəlxalq layihənin açar ölkələrinə çevrilir

1090 24.10.2022 23:24 Gündəm A A

Artıq xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfərdə. Müstəqillik əldə edəndən bəri Cənubi Qafqazın bu iki dövləti arasında münasibətlər uzun və çox dinamik bir inkişaf yolu keçib. Yaxın qonşuluq və iqtisadi maraqlar üzərindən çıxılan yolda iki ölkənin münasibətləri sürətlə inkişaf edərək demək olar ki, bütün istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Söhbət həm siyasi, həm iqtisadi, həm də hərbi istiqamətlərdən gedir.

Bu gün Azərbaycan-Gürcüstan iqtisadi-siyasi əməkdaşlığı yalnız region deyil, Asiyadan tutmuş Avropaya qədər beynəlxalq ticarət zənciri ilə bağlanmaqda olan onlarla ölkə üçün mühüm əhəmiyyət kəsb edir.

Belə ki, Ukraynada başlanan müharibə nəticəsində beynəlxalq yükdaşımalar sistemindən uzaqlaşdırılmaqda olan Rusiya ərazisini əvəz edəcək əsas marşrut sayılan Orta Dəhlizin əsas açar nöqtələrindən biri Azərbaycandır – Asiyadan Rusiyadankənar ərazidən keçməklə yüklərin daşınması üçün ölkəmizin ərazisinin alternativi yoxdur: Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verən İranın Qərblə əvvəldən də problemli olan münasibətləri qırılma nöqtəsindədir. Avropa İttifaqının sanksiyalara məruz qoyduğu İran ərazisindən yükdaşımalar üçün istifadə etməsi artıq real görünmür. Halbuki Rusiya ilə münasibətlər kəskinləşdikdən sonra bir sıra Avropa ölkələri Hindistandan yükdaşımaların məhz İran üzərindən həyata keçirilməsini dəstəkləyirdilər. Lakin Rusiyaya hərbi dəstək verməsi ilə Tehran faktiki olaraq bu qapını öz üzünə bağlamış oldu. Artıq Çin-Orta Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Qara dəniz-Türkiyə-Avropa beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımalar böyük vüsət almaqdadır. Beynəlxaq daşıma şirkətləri aprel ayından etibarən bu marşrutla yükdaşımalara başlayıblar. Marşrutla həm quru, həm də maye yüklərin daşınması imkanları sürətlə genişlənir. Bu, xüsusilə neft və neft məhsullarına aiddir. Belə ki, Qazaxıstan sürətlə neft hasilatını artırır. Eyni zamanda Avropa İttifaqının neft embarqosu ilə üzləşən Rusiya Qazaxıstan neftini öz ərazisindən daşıyan Xəzər Boru Xəttinin normal işləməsinə imkan vermir. Ukraynada müharibə başlanandan artıq dörd dəfə kəmərlə Qazaxıstan neftinin nəqli ya tam dayandırılıb, ya da kəskin məhdudlaşdırılıb. Avropa İttifaqının dekabrın əvvəlindən həm də Rusiya neftinə qiymət tavanı tətbiq etməyə başlayacağı nəzərdə tutulur. Rusiya isə tavan qiyməti ilə neftini satmayacağını bəyan edib. Bu şəraitdə Rusiyanın bazarda qıtlıq və bahalıq yaratmaq üçün yenidən Qazaxıstan neftinin dünya bazarına yolunu bağlayacağı ehtimalı yüksəkdir. Ümumiyyətlə, son aylarda Astana ilə Moskva arasında münasibətlər heç də dərinləşmə istiqamətində deyil, iki ölkə əlaqələrində soyuqluq açıq hiss olunur. Belə bir şəraitdə Qazaxıstan öz neftinin dünya bazarına çıxarılması üçün alternativ marşrutlar üzərində işləri sürətləndirib. Belə marşrutlar isə cəmi 2 istiqamətdədir: Çinə ixracı artırmaq, bir də Xəzər dənizi üzərindən keçməklə Azərbaycanın boru şəbəkəsinə qoşulmaq. Hazırda Azərbaycanın ildə 40 milyon tona yaxın əlavə neft nəql etmək imkanı var. Bu imkanları təmin edən Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəmərləri məhz Gürcüstan ərazisindən keçir. 

Azərbaycan-Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır" -  Ekspertlərdən açıqlamalar

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Gürcüstanda olarkən illik ötürücülük gücü 7 milyon ton olan Bakı-Supsa kəməri ilə daşımaların bərpa olunacağını bəyan edib. O, həmçinin BTC ilə də neft nəqlinin artacağını açıqlayıb. Aydın məsələdir ki, bu artım Azərbaycan neftinin hesabına olmayacaq, çünki ölkəmizdə hasilat təbii səbəblərdən getdikcə azalır. Buna görə də artım bilavasitə Xəzərin o üzündən gələcək neft həcmləri hesabına baş verəcək. Gürcüstana getməzdən əvvəl – oktyabrın ortalarında Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri baş tutub. Orada aparılan müzakirələr arasında Qazaxıstan məhsullarının, həmçinin digər ölkələrin məhsullarının Qazaxıstan vasitəsilə Azərbaycan üzərindən dünya bazarına çıxarılması məsələsi əsas yeri tutub.

Xatırladaq ki, bu ilin yazında Qazaxıstan Azərbaycan üzərindən ildə 18 milyon ton quru yükü ötürməyə hazır olduğunu bəyan edib. Azərbaycan bu yükləri, həmçinin Türkmənistan üzərindən gələcək yükləri öz ərazisindən ötürmək üçün həm öz infrastrukturunu hazırlayır, həm də stratreji tərəfdaşı olan Gürcüstana dəstək verir. Bakı-Tiflis-Qars dəmiryol xəttinin Gürcüstan ərazisindəki hissəsinin tikintisini çox əlverişli şərtlərlə maliyyələşdirən Bakı xəttin ötürücülük imkanlarını genişləndirmək üçün də dəstəyini əsirgəməyəcək. 

15096075554029250119_1000x669.jpg (59 KB)

Regionda sülhün bərqərar olmasına imkan verməyən Ermənistan, onu aktiv şəkildə dəstəkləyən İranın çox nəhəng bir layihədən kənarda qalmaları artıq şübhə doğurmur. Belə ki, Azərbaycan Xəzərin o üzündən gələn yüklərin bir hissəsinin Ermənistan və İran üzərindən ötürülməsində maraqlı olduğunu dəfələrlə bəyan edib. Bunun üçün Ermənistan ərazisindən Naxçıvana nəqliyyat dəhlizinin açılması məsələsinə rəsmi İrəvan mane olmaqdadır. Öz ərazisindən Naxçıvana nəqliyyat dəhlizinin açılması üçün Azərbaycanla müqavilə imzalayan İran isə ölkəmizə qarşı dost olmayan münasibət sərgiləməkdədir. Rəsmi Tehran həmçinin Rusiyaya hərbi yardım etməkləAvropa İttifaqı ilə qismən qalan münasibətlərini də kəskinləşdirib. Belə bir şəraitdə Gürcüstanın İran-Ermənistan üzərindən keçəcək hansısa yüklərə ümid etməsi reallıqdan uzaq olar. 

Azərbaycanın neft-qaz ehtiyatlarının dünya bazarına çıxarılmasında tranzit ölkə olan Gürcüstan bundan böyük həcmdə gəlir əldə edir. Tiflis öz ərazisindən Türkiyəyə ötürdüyü Azərbaycan qazının 5 faizini tranzit haqqı olaraq özünə götürür. Bu isə ölkənin qaz ehtiyacının mühüm hissəsinin təmin olunmasına imkan verir. Eyni zamanda Gürcüstan BTC ilə neft nəqlindən də kifayət qədər gəlir əldə edir. Ölkə statistikasının açıqladığı məlumatdan aydın olur ki, son 5 ayda Gürcüstan Azərbaycandan keçməklə Asiyadan Avropaya yük daşıyan avtomobillərin ödədiyi tranzit haqlarından da gəlirini 4 dəfəyə yaxın artırıb.

BTQ ilə yükdaşımaların illik həcminin 5 milyon tona çatdırılması planının icrasına başlanması Gürcüstanın bu xəttin istismarından da gəlirinin artmasını təmin edəcək. Bundan əlavə, Azərbaycan Xəzər dənizindən əldə edəcəyi böyük həcmdə elektrik enerjisini məhz Gürcüstan üzərindən Avropaya nəql etməyə hazırlaşır. Prezident İlham Əliyevin qonşu ölkədə olarkən verdiyi məlumatdan aydın olur ki, Azərbaycan elektrik enerjisi ixracında da əsas tranzit ölkə olaraq Gürcüstanı görür. Bu isə Gürcüstan iqtisadiyyatı üçün əlavə gəlir mənbəyinin formalaşması deməkdir. 

f77a3bad-7fb4-358f-9b96-972257838a38.jpg (151 KB)

Gürcüstan yalnız tranzit ölkə kimi deyil, Azərbaycanla qarşılıqlı iqtisadi əlaqələrin inkişafından da faydalanır. Azərbaycan indiyədək Gürcüstana 3 milyard dollar investisiya yatırıb. Cari ilin 9 ayında ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi 21 faizdən çox artaraq 1 milyard dollara yaxınlaşıb.

Cənubi Qafqazda sülhə əsas təhdid olan Ermənistan özünü bütün regional, eyni zamanda region üzərindən reallaşan beynəlxalq layihələrdən kənarda qoymağa davam edir. Müxtəlif müstəvilərdə Azərbaycanın sülh təkliflərinə tərəfdar olduğunu bildirən rəsmi İrəvan real addımların atılması gərəkəndə müxtəlif bəhanələrlə bundan yayınır, yaxud Azərbaycana qarşı böhtan siyasətini davam etdirməklə sülh prosesinə mane olur. Prezident İlham Əliyev Gürcüstanda olarkən Bakının dost və müttəfiq ölkənin Azərbaycan-Ermənistan-Gürcüstan formatında üçlü məsləhətləşmələrə başlanması təklifinə İrəvan da hazırdırsa, müsbət yanaşdığını açıqlayıb. Bununla da dövlət başçısı Azərbaycanın regionda dayanıqlı sülhün bərqərar olmasını səmimi olaraq istədiyini bir daha nümayiş etdirmiş olub.

Azərbaycanla strateji tərəfdaşlıq Gürcüstanın Türkiyə ilə münasibətlərinin dərinləşməsində müstəsna imkanlar yaradıb. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyənin istər iqtisadi, istər siyasi, istərsə də hərbi sahədə müttəfiqliyi bütövlükdə region üçün təhlükəsizliyin qarantına çevrilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR