İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan anklavlar məsələsində bu mövqeni tutmalıdır” - Akif Nağı 

625 10.10.2023 17:49 Siyasət A A

“Ermənilərin anklavlarla bağlı iddiası süni olaraq düşünülmüş məsələdir. Bilirlər ki, Azərbaycan 8 anklav kəndindən əl çəkməyəcək, dövlət başçısı da hər dəfə həmin kəndlərin qaytarılmasını xüsusi olaraq vurğulayır. Onlar da bizə əks mövqe qoymağa, siyasi möhtəkirlik məqsədilə özlərinin bu məsələdə iddialarının olduğunu göstərməyə çalışırlar”.

Bunu Musavat.com-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun fikrincə, Berkaber və digər dedikləri kəndlər şərti sərhəd xəttinin yaxınlığında yerləşir, anklav statusuna da o qədər uyğun gəlmir, daha çox neytral zona kimi nəzərdən keçirilə bilər:

“Həmin kəndlər bütövlükdə deyil, qismən neytral ərazi hesab oluna bilər. Amma bizim Qazax rayonundakı 7 kəndimiz, xüsusilə də Bərxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri tam anklav vəziyyətindədir və Ermənistan tərəfindən işğal olunub. Bu kəndlər, həmçinin Naxçıvanın Kərki kəndi qeyd-şərtsiz qaytarılmalıdır. Burada siyasi möhtəkirliyə yol vermək olmaz”.

Akif Nağı bildirib ki, ermənilər daha çox Başkəndlə bağlı tələb irəli sürməyə çalışırlar:

“Bu kənd 1845-ci ildə Azərbaycanın yaxın bölgələrindən gedən bəylər tərəfindən salınıb, təxminən 15 il sonra az miqdarda erməni bəylərin icazəsi ilə ora gəlib, sonradan sayları artıb. Sovet işğalından sonra kənd Ermənistanın nəzarətinə verilib. Amma yenə də Azərbaycanın təsiri altında qalıb. Bu kənd əvvəldən Yelizavetpol (Gəncə) qəzasının tərkibində olub, onun Ermənistana verilməsi qeyri-qanuni idi. Kənd 1978-ci ilə qədər Başkənd, həmin ildən sonra isə Ermənistan Ali Sovetinin qərarı ilə Arsvaşen adlanıb. Gədəbəyin Şınıx zonasının 28 kəndinə gedən yol bu kənddən keçir. Həm də buna görə həmin kəndi müzakirə etməyə ehtiyac yoxdur. Kəndin erməni sakinləri 1992-ci ildə ətraf kəndlərin azərbaycanlı əhalisinə qarşı dəhşətli cinayətlər törədiblər. Ona görə də onlar kəndə hər hansı iddia haqqını itiriblər”.

AVP sədri hesab edir ki, Azərbaycan anklavlar məsələsində qətiyyətli mövqe tutmalı, xırda güzəştə belə getməməlidir.

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR