İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan 10 noyabr sənədindən çıxsa... - Bakı 4-cü bəndlə bağlı konkret vaxt qoyacaqmı?

1899 11.03.2023 09:53 Siyasət A A

Ekspert: “Bölgədə problemin həllinin qarşısında əsas əngəl ruslardır”

Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda ordumuza qarşı törədilən erməni təxribatı və bu təxribata Rusiya Müdafiə Nazirliyinin reaksiyası rəsmi Moskvanın 10 noyabr üçtərəfli kapitulyasiya sənədinin 4-cü bəndini ciddiyə almadığnı bir daha ortaya qoydu. Nazirlik insident zamanı öldürülmüş erməni terrorçularını mifik “Dağlıq Qarabağ” dövlətinin “hüquq-mühafizə orqanlarının əməkdaşları”, qanunsuz dəstələri isə legitim qüvvələr kimi təqdim eləməklə gerçək niyyətini nümayiş etdirdi. Ərazi bütövlüyümüzə sayğısızlığını bundan sonra da davam etdirəcəyinin anonsunu verdi.

Halbuki Azərbaycanla Rusiya arasında imzalanmış 22 fevral 2022-ci il Moskva Bəyannaməsi və 10 noyabr üçtərəfli Bəyannaməsi var. Onların hər ikisində Putinin imzası durur və heç birində də separatizmə dəstək əksini tapmayıb. Amma martın 7-də məlum oldu ki, Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri növbəti dəfə həmin yolla hərbi təyinatlı daşımaları kolon şəkildə həyata keçirib. Rusiya sülhməramlı kontingenti də kolonu müşayiət edib.

Sual yaranır: əgər Rusiyanın “sülhməramlıları” iki ildən çoxdur öz missiyasına zidd olaraq, bölgədə sülhə deyil, müharibəyə xidmət edirsə, silahlı quldurların əsas havadarına çevrilibsə, Rusiya onları legitim hərbi qüvvə sayırsa, ümumiyyətlə “sülhməramlılar”ın erməni quldur-terrorçulardan fərqi qalmayıbsa, o zaman onların ərazimizdə nə işi?

10 noyabr 2020-ci il üçtərəfli kapitulyasiya aktı beynəlxalq hüquqi sənəd sayılır. İrəvan və Moskva ona əməl eləməyə borcludur. Eləmirlərsə, Bakı da buna borclu deyil və günün birində anlaşmadan birtərəfli qaydada çıxmaq haqqı var. Bundan ötrü zəmin artıq yetişmiş kimi görünür. Azərbaycanın səbir kasası günün birində dola da bilər.

Bəs Azərbaycan 4-cü bəndlə bağlı Rusiya və Ermənistana konkret vaxt tələbi qoya və buna da əməl olunmazsa, 10 noyabr sənədindən çıxa bilərmi? Bunun hansı hüquqi və başqa nəticələri mümkündür?

Azər Həsrət: “Onlayn mediaya dövlət dəstəyi vacibdir” - 13.03.2018, Sputnik  Azərbaycan

Azər Həsrət 

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, qarşımızda Rusiya kimi dünya qayda-qanunlarından anlamayan bir dövlət dayanır, ona görə də bu dövlətlə hüquq dilində danışmaq mümkün deyil: “Ümumiyyətlə, bu dövlətlə adi məntiq dilində də danışmaq mümkünsüzdür. Təəssüflər olsun ki, Azərbaycan belə bir dövlətlə qonşuluqda yerləşir. Bu, bizim seçimimiz deyil və harasa da köçüb gedəsi deyilik. O baxımdan məsələlərə yanaşanda bir qədər təmkinli davranmaq məcburiyyətindəyik. Sualınızda qeyd olunan konkret məqamlara gəldikdə, əlbəttə ki, Rusiyanın da, Ermənistanın da 10 noyabr üçtrərəfli sazişlə üzərlərinə götürdükləri öhdəliklər var. Azərbaycan bu sənədlə üzərinə götürdüyü öhdəliklərin hamısını artıq həyata keçirib. Lakin Rusiya və Ermənistan öhdəliklərin bir çoxunu yerinə yetirməyib. 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndinə görə Rusiya sülhməramlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsinə yerləşən andan erməni silahlı birləşmələrinin qalıqları Qarabağdan tamamilə çıxarılmalıdı idi. Bunu Rusiya təmin etməli idi. Amma təəssüflər olsun ki, onlar nəinki çıxarılmadılar, əksinə, Azərbaycan ərazisində həmin qanunsuz silahlı birləşmələrə, dəstələrə Rusiya sülhməramlı qüvvələri tərəfindən ən müxtəlif formada dəstək verildi və bu gün də verilir. Ermənilər Qarabağda məhz Rusiya sülhməramlılarının dəstəyi, iştirakı ilə yenidən silahlandırıldılar.

Son günlərdə də Azərbaycan Müdafiə Nazirliyinin apardığı videoçəkilişlər təsdiqlədi ki, erməni terror qruplarının silahlandırılmasına Rusiya sülhməramlı qüvvələri birbaşa dəstək verir. Belə bir şəraitdə Azərbaycan necə etməlidir ki, məsələni az ziyanla həll edə bilsin? Birincisi, artıq Azərbaycan dövləti rəsmi şəkildə BMT başda olmaqla, böyük beynəlxalq qurumlara müraciət ünvanlamalıdır ki, üçtərəfli bəyanatın tələblərini pozan Rusiya ümumilikdə Qarabağdakı erməni əhalinin dinc yaşamasına əngəl törədir. Yəni Rusiya olmasaydı, bu ötən iki ildə ermənilərin Azərbaycana inteqrasiyası başa çatmış olacaqdı, biz artıq birlikdə dinc quruculuq işləri ilə məşğul olacaqdıq. Lakin Rusiya sülhməramlı qüvvələrinin əli ilə buna imkan vermir. Bölgədə problemin həllinin qarşısında əsas əngəl ruslardır".

Ekspert qeyd etdi ki, ona görə də Azərbaycan bu məsələni həm də Moskvanın qarşısında ciddi şəkildə qoymalıdır: “Konkret bəyan edilməlidir ki, ya üçtərəfli bəyanatın 4-cü bəndinin tələbini icra edin, ya da tezliklə ərazimizi tərk eləyin. Sülhməramlılar üzərlərinə düşən öhdəliyi yerinə yetirmirsə və ya yerinə yetirə bilmirsə, onların qalmasına ehtiyac yoxdur. Azərbaycanın 10 noyabr üçtərəfli bəyanatından çıxmaq hüququ da var və Bakı Moskvanın nəzərinə bunu da ciddi şəkildə çatdırmalıdır. Ermənilərə də müraciət edilməli və əminlik yaradılmalıdır ki, Rusiya sülhməramlıları Qarabağdan çıxarılacağıa halda Azərbaycan erməni vətəndaşlara qarşı heç bir problem yaratmayacaq”. 

Siyasi ekspert hesab edir ki, Azərbaycan 10 noyabr üçtərəfli bəyanatından çıxsa, həmin sənəd qüvvədən düşər. Bu halda Rusiya sülhməramlıları dərhal Azərbaycan ərazisindən çıxarılmalıdır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR