İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər Ayxan 46 yaşı və Atamın evrəndə qalmış səsi...

6755 13.05.2018 13:05 Yazarlar A A

Ötən il bu zamanlardı, gecə 12-ni az keçmişdi, köydəydim, onun 45 yaşına vardığı ilk dəqiqələrdə Atamın Oğlu üçün bir şeylər yazırdım.

Atam sağ idi, həyətdən səsi gəlirdi, gec olmasına baxmayaraq, hələ ev əhli də yatmamışdı. (Gecə 12 tamamı gözləyib, Azəri təbrik etmədən, yatmazdılar) Amma gələn səslərdən aydın idi ki, artıq günə yekun vurulur, yatmağa hazırlaşırlar.

Yaxınlarım bilir: bir şeylər yazanda, ona elə odaqlanıram ki, kiçik bir səs, hərəkət fikrimi dağıdır. Bu baxımdan, həyətimizdən arxa otağa gələn səslərin tez kəsilməsini istəyirdim: "Bir an öncə yatsınlar, fikirlərimi yazım, 45 yaşın tamamında qaqamı Bakıda buraxdım, kəndə gəldim, barı burdan ona layiq bir şeylər yazım, paylaşım"...

Azercell-in interneti bizim kənddə zəifdi. 

Bax, həmin anlarda onu da fikirləşirdim ki, yaxşı, bunları yazıram, bəs, bu mətni Azercell data-kartı ilə Feysdə necə paylaşacam, onu sayta necə yükləyəcəm...

Günorta yoxlamışdım, evin arxa tərəfinə qalxanda, yolun qırağındakı bulağımızla tut ağacının düz kəsişməsində Azercell 2 qanadla tutur və zəif də olsa, 3G gəlir. "Hə, yazını yazım, əlimdə kompyuter çıxaram, evin dalına, ordan o nöqtəni taparam, gecə daha güclü olar  və ..."

Elə də etdim...

Düz bir il ötdü, 46-cının təbrikini həmin kompüterlə yazıram. Qardaşım üçün. Onun Doğum Günü üçün! Qardaşların ən gözəli, ən yaxşısı üçün! Qürurla, sevə-sevə! Etiraf edim ki, həm də kədərlə...

Yenə kənddəyəm. Amma Novxanıdayam, bu dəfə. Azercell də əla tutur. 

Amma nə bağ evimdə, nə də həyətdə kimsə yoxdu...

Heç səs gəlmir. Elə bir sükut var ki...

Atamın səsi evrəndə mütləq ki, qalıb. Dünən kənddə olanda, sanki qulağıma da dəydi... Lakin bilirəm ki, o səsi bir daha canlı olaraq dinləyə bilməyəcəm...

Bu gecə və bu gün - 13 may tarixində Azərimi də bir nəfər az təbrik edəcək.

Və bu gecə - bu 13 mayın ilk dəqiqələrində bir az da peşman kimiyəm.

Ötən il bu zamanlar Atamın səsinin hündürdən gəlməsi fikrimi dağıdır, deyə, düşündüyüm üçün...

İndi onun səsini bir daha eşitmək üçün nələrdən keçməzdim...

Amma Azərim elə həm də mənə təsəllidir. Atamdan belə oğul qalıb.

Mənə, sözə və millətə. Vətənimin adını daşıyan adıyla. Çox şükürlər olsun.

Anamın gözləri aydın olsun. İki oğlunun 98 yaşı var... 46-sı Azərin.

Allah bizə və bütün dostlara kədərini ovudacaq, itkisini dolduracaq doğmalar, qardaş-bacılar, oğul-uşaqlar nəsib etsin.

Azər Ayxanı - qardaşımı, silahdaşımı, sirdaşımı, 27 illik iş yoldaşımı 46-cı doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm! Onu verən Allaha və valideynlərə şükürlər olsun.

Və bu məqamda təbrikimi ötən ilki yazımın orta abzası ilə bitirirəm!

*     *     *    *

“İş elə gətirdi ki, bu sətirləri doğulduğumuz evdə, ata yurdunda yazdım. Bu günə, 13 maya tədbirimiz vardı, Azər Ayxanın 45 yaşını - yubileyini kollektivlə, qohumlarla və dostlarla birgə qutlayacaqdıq. Lakin qardaş kimi dostlardan birinin anası rəhmətə getdi və mən Tovuza gəldim, Azər Ayxan qəzetin başında qaldı...

Bəlkə də mistik bir ssenaridir bu! Burada, hər şeyin və həyatımızın başladığı bu hüzurlu ata evində onunla bağlı ürək sözlərini yazmaq, sonra onu saytımız və Facebook profili üzərindən dostlarla, tarixlə paylaşmaq daha anlamlıdır. Onun 45-nə hədiyyəmdir, 45 dəfə halal olsun!..

*     *     *     *


46-cı dəfə halal olsun!

BU DA HƏMİN YAZININ TAMI

http://musavat.com/news/azer-ay-xan_437891.html

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR