İnsanlara hürriyət, millətlərə istiqlal!

Azər, ay Xan! ...

6669 13.05.2017 00:25 Yazarlar A A

Siyasətdə olanlar və siyasətlə maraqlananlar yaxşı bilir - qardaş hər zaman ictimai-siyasi simalar üçün önəmli faktorlardan biri olub. Qədimdə, sülalə iqtidarları dönəmində də belə idi, demokratiya ideologiyasının siyasi trend olduğu son dönəmlərdə də bu cürdür. Qardaş yaxşıdırsa, arxandadırsa, ən azı, qarşında deyilsə, hər şeyə 1-0 öndə başlayırsan; rəqiblərlə, ya da ideyaların, missiyaların uğrunda rahat mübarizə apara, savaşa, barışa, manevr edə, hətta lazım gəlsə, rahat ölə də bilərsən... Çünki bu dünyadakı mükafatların ən böyüyü sənə verilib! 

 

Vay o gündən ki..., vay o şəxslərə ki..., yazıq o kəslərə ki, qardaşları qarşılarındadır. Bütün zamanlar üçün padşahları da, sadə vətəndaşları da üzən bir cəzadır bu... Qardaşın qardaşa pis olması bəzən vətəndaş müharibələrinə, kütləvi qətliamlara qədər gətirib, çıxardıb...

 

Təsadüfi deyil ki, həyatda sənə yaxın olan, yaşam sürəcində qazandığın dostlara, yaxınlara ona və özünə mükafat olaraq “QARDAŞ” deyirsən. Yaxınlıq dərəcəsini də onunla ölçürsən - “filankəs mənə qardaş kimidir”...

****

Və Azər Ayxan kimi birini Qardaş verən, üstəlik, yanında, arxanda, dostluğunda, yoldaşlığında edən öncə Allaha, sonra da ata-anama şükürlər olsun!

...Yanımda, bərabərimdə, son zamanlar hətta məndən də yüksək performans göstərməklə, qəzetimizin başında olmasaydı, yəqin bu cümlələri, bu yazını bu cür yazmazdım. Sadə bir sənət sahibi olsaydı, yaşının 45-də onun özünə mütləq bir isti mesaj yazar, tədbir düzənlər, hədiyyə seçər, Facebookda portretinə dair bəzi ştrixlər yazardım; cəmiyyətə belə gözəl qardaşım var, deyə, təqdim edərdim. Oxuyub, məmnun olub, “layk” edib, az sonra da unudardılar..

...Yaşının 45-nə varan Azər Ayxan isə yalnız bioloji qardaşım deyil, məsləkdaşımdır; bərabər çalışırıq; mən türmədə olanda fəaliyyətini tamamilə dayandırmış, kollektivi iş yerini itirmiş (!) bir qəzetin başına keçib, təşəbbüs göstərib, qəzetdə qalan az saylı (unudulmaz!) əməkdaşlarla redaksiyanı yenidən toparlayıb; 12 ildir də uğurla “Yeni Müsavat”ın başında dayanır. O, məhz qardaşım olduğu üçün uzun illər qəzetin rəhbərliyindən kənarda saxlanıb, yazılarını bəzən çap etdirməyə belə nail ola bilməyib. Lakin məhz 2005-də, mən 13 saylı türmədə olarkən son variant, hətta olmayan bir variant kimi qəzetin yükünü Nazim Sabiroğlu, Zahid Səfəroğlu, Ələsgər Süleymanovla bərabər, üzərinə götürüb...

****

Bu səbəbdən, yenidən dirilişin müəllifinədir, bu yazı... Lakin onu da etiraf edim ki, nə yazsam belə, o günlərdəki hissləri və türmədə qəzeti dayandırılan, TƏRK EDİLƏN bir qəzet mühərririnin cəhənnəm kimi 10 gününü, ondan sonrakı heyrət və minnətdarlığını ifadə edə bilməyəcəm... Mümkün olmayanı bacarmışdı, mənim türmədə mağdur olunmama imkan verməmişdi, “Rauf Arifoğlu və qəzeti bitdi, bitirdik”, deyənlərin qarşısına, elə həmin yerdə Azər Ayxan olaraq çıxmışdı, “bitmədi, başlayır”, demişdi...

Qəzet ilk dəfə onun imzası ilə çıxan gün - Güzdəkdəki 13 saylı zonda gündəliyimə (17 ay hər gün gündəlik olaraq, qeydlər yazmışam! Və hər şeyi, hər kəsi yazmışam! ) belə bir cümlə yazdım: “Azər, ay, Xan!!! Halal olsun, Azər Ayxan!!!” Və həmin gecəni, son 10 gündə ilk dəfə rahat yatdım. Orda, bayırda, mənim və qəzetin arxasında qardaşım və qardaşlarım vardı...

****

İş elə gətirdi ki, bu sətirləri doğulduğumuz evdə, ata yurdunda yazdım. Bu günə, 13 maya tədbirimiz vardı, Azər Ayxanın 45 yaşını - yubileyini kollektivlə, qohumlarla və dostlarla birgə qutlayacaqdıq. Lakin qardaş kimi dostlardan birinin anası rəhmətə getdi və mən Tovuza gəldim, Azər Ayxan qəzetin başında qaldı...

Bəlkə də mistik bir ssenaridir bu! Burada, hər şeyin və həyatımızın başladığı bu hüzurlu ata evində onunla bağlı ürək sözlərini yazmaq, sonra onu saytımız və Facebook profili üzərindən dostlarla, tarixlə paylaşmaq daha anlamlıdır. Onun 45-nə hədiyyəmdir, 45 dəfə halal olsun!..

****

Bir az dayanıram, düşünürəm, xatırlayıram, balaca Azər, sarışın, şirin, amma dəcəl yavru; müəllimləri ilə alay edən məktəbli Azər; böyük qardaşına heykəl kimi baxan qaqaş; ilk eşqini bildiyimiz gün, qapıdan girərkən bunu söyləməmiz, şaşırması – sarsılması; birgə qoyun nabatına getmələrimiz; otüstü xokkeyi yamsılayan oyunlarımız; qapıda durardı, uşaqlar da ona “Tretyak” deyərlərdi; qarmon ifa etməyə başladığı günlər; ilk şeirləri, onları oxuyarkən, bu qədər yaxşı yazmasına heyrətlənməyim... Daha sonra institut ayrılıqları, daha sonra hərəkat zamanı Bakıda birləşməmiz, israrla yanımda olmağa, mənimlə yürüməyə cəhdlər etməsi... Milli azadlıq hərəkatına qoşulması - mənim buna qarşı çıxmam - “mən onsuz da şəhid olacam, sən sağ qal, soyumuz davam etsin”, deməmə rəğmən, özünü oda-alova atması.. Kirayədə qaldığımız siçovullu evlər, Mehdiabad kəndi; yataqxana... Qeydiyyatdan keçdiyi 1991-ci ildə qəzetə gəlməsi, qarşılıqsız fədakarlıqları, yazıları...

Daha nələr və yazmaqla bitməyəcək qaynar bir həyat!

Heç zaman da bitməsin, istərim.
Bərabər yürüməkdə və bərabər yaşlanmaqda davam edək, istərim. Qarşımızda uzun və bərəkətli bir həyatımız olsun, dilərim. O, heç zaman mənə görə üzülməsin, deyə dua edərim.

Allah onu və sevdiklərini, ata-anamız başda olmaqla, onu sevən hər kəsi qorusun, deyə yalvararım.
Hər zaman və indi də.

Doğum günün qutlu olsun, Azər Ayxan!
Azər, ay Xan!

17554360_1454480444571543_6012913711882929672_n.jpg (57 KB)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR