Almaniyanın Hamburq şəhərində yerləşən “Airbus” konserninin “Finkenverder” istehsalat kompleksində Azərbaycan mülki aviasiyası üçün mühüm hadisə baş tutub. Azərbaycan Hava Yolları (AZAL) öz tarixində ilk “Airbus A321neo” “Lənkəran” təyyarəsini qəbul edib. Bununla bağlı “Airbus”, AZAL, “AerCap” və mühərrik istehsalçısı “CFM International” şirkətlərinin iştirakı ilə təntənəli təqdimat və təhvilvermə mərasimi keçirilib.
Musavat.com-un təqdimat mərasimində iştirak edən əməkdaşı xəbər verir ki, mərasimdə Azərbaycan Hava Yollarının rəhbər şəxsləri, “Airbus” və “AerCap” şirkətlərinin yüksək səviyyəli nümayəndələri, həmçinin müxtəlif ölkələrdən dəvət olunmuş media təmsilçiləri iştirak ediblər. Azərbaycan KİV rəhbərləri də mərasimdə iştirak edib.
Tədbir “Airbus”un dünyanın ən mühüm istehsal mərkəzlərindən biri hesab olunan Hamburq zavodunda keçirilib. Məhz burada “Airbus”-un məşhur “A320” ailəsinə aid təyyarələrin son montajı və müştərilərə təhvil prosesi həyata keçirilir. “Airbus” nümayəndələrinin sözlərinə görə, Hamburq kompleksi təkcə bir zavod deyil, əslində, 18 min əməkdaşın çalışdığı, öz nəqliyyat sistemi, yanğınsöndürmə xidməti, tibb mərkəzi, restoranları və hətta xüsusi hava limanı olan kiçik bir şəhəri xatırladır.
Mərasimdən əvvəl media nümayəndələrinə “Airbus”un fəaliyyəti və istehsal imkanları barədə geniş təqdimat keçirilib. “Airbus” təmsilçiləri bildiriblər ki, burada “A320” ailəsinin son montajı həyata keçirilir, eyni zamanda “A330” və “A350” genişgövdəli təyyarələrinin hissələri istehsal olunur. Bu hissələr daha sonra Fransanın Tuluza şəhərinə göndərilir və yekun montaj orada tamamlanır.

“Airbus” rəhbərliyi çıxışlarında AZAL-ı şirkətin ən etibarlı və uzunmüddətli tərəfdaşlarından biri kimi xarakterizə edib. Qeyd olunub ki, Azərbaycan milli aviadaşıyıcısı son illərdə donanmasının modernləşdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir və “Airbus” ilə əməkdaşlıq bu strategiyanın mühüm hissəsidir.
Təyyarənin təhvilvermə mərasimində “Airbus”-un “A320” ailəsi proqramının icraçı vitse-prezidenti Kristof Tsammert, “Airbus”un Şərqi Avropa və Mərkəzi Asiya üzrə satışlar üzrə vitse-prezidenti Şarbel Yuzkatli, “AerCap” şirkətinin EMEA regionu üzrə rəhbəri Con Qovan, “CFM International” şirkətinin “Airbus” proqramları üzrə baş meneceri Bruno Kastola və AZAL-ın kommersiya direktoru Cəmil Manizadə çıxış ediblər.
![]()
Kristof Tsammert
Mərasim zamanı “Airbus” tərəfindən hazırlanmış “A321neo In-The-Making” adlı xüsusi video nümayiş etdirilib. Videoda təyyarənin istehsalının bütün mərhələləri – hissələrin hazırlanmasından son montaj və sınaqlara qədər olan proses əks olunub.
Hamburqda keçirilən təhvilvermə mərasimində çıxış edən "Airbus"-un "A320" ailəsi proqramının icraçı vitse-prezidenti Kristof Zammert (Christoph Zammert) AZAL-a təqdim olunan ilk "Airbus A321neo" təyyarəsinin şirkət üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
Musavat.com xəbər verir ki, "Airbus" rəsmisi bu gün şirkətin gündə iki-üç təyyarə təhvil verdiyini, buna görə də bütün təhvil proseslərinin ayrıca mərasimlə müşayiət olunmadığını qeyd edib.
“Biz hər gün iki və ya üç təyyarə təhvil veririk. Buna görə də hər təyyarə üçün ayrıca mərasim keçirmirik. Lakin bəzi mühüm mərhələlər var ki, onları xüsusi qeyd edirik. AZAL-a ilk "Airbus A321neo" təyyarəsinin təqdim olunması da məhz belə hadisələrdən biridir”, - deyə Zammert bildirib.
"Airbus" rəsmisinin sözlərinə görə, Azərbaycan Hava Yollarının donanmasına daxil olan yeni "A321neo" hazırda dünya aviasiya sənayesində öz sinfinin ən qabaqcıl təyyarələrindən hesab olunur.
“Bu təyyarə yanacaq sərfiyyatı, səs-küy səviyyəsi, ekoloji göstəriciləri və sərnişin komfortu baxımından sənayenin ən yaxşı nümunələrindən biridir. İnanıram ki, AZAL-ın sərnişinləri bu fərqi hiss edəcəklər və şirkətin təqdim etdiyi xidmət keyfiyyətində yeni mərhələnin şahidi olacaqlar”, - o vurğulayıb.
Kristof Tsammert qeyd edib ki, təyyarənin təhvil verilməsi uzun müddət davam edən əmək prosesinin nəticəsidir:
“Bu zalda əyləşən bir çox insan üçün bugünkü mərasim aylarla, hətta illərlə davam edən zəhmətin yekunudur. Son günlər isə bu iş daha intensiv xarakter alıb. Lakin təyyarənin təhvil verilməsi əməkdaşlığın sonu deyil. Airbus bundan sonra da AZAL-ın yanında olacaq. Artıq estafeti müştəri dəstəyi və xidmət komandalarımız qəbul edir. Onlar təyyarənin bütün istismar dövrü ərzində AZAL-a dəstək göstərəcəklər”.
"Airbus" vitse-prezidenti çıxışında Azərbaycanın milli simvollarından birinə də toxunub. O bildirib ki, çıxış üçün hazırlanan məlumatlarda Azərbaycanın milli rəmzlərindən olan Xarıbülbül çiçəyi haqqında da məlumat alıb.
“Xarıbülbül gözəlliyi, dözümlülüyü və birliyi təcəssüm etdirir. Bu dəyərlər Airbus-un fəlsəfəsi və məhsullarımızla yaratmağa çalışdığımız keyfiyyətlə çox uyğun gəlir”, - deyə o qeyd edib.

"Airbu"s rəsmisi həmçinin bildirib ki, yeni təyyarə ilk missiyalarından birində Azərbaycanın dövlət bayrağını ölkənin Milli Gün tədbirlərinə daşıyacaq.
“Bizə dedilər ki, bu təyyarə yaxın günlərdə çox mühüm bir missiyanı yerinə yetirəcək və Azərbaycanın dövlət bayrağını Milli Gün tədbirlərinə aparacaq. Buna görə də təyyarəyə xüsusi diqqət göstərdik və onun bu vacib missiyanı qüsursuz yerinə yetirməsi üçün hər şeyi yoxladıq”, - deyə Tsammert vurğulayıb.
Çıxışının sonunda "Airbus" rəsmisi AZAL və "AerCap" rəhbərliyinə təşəkkür edib:
“Etimada və əməkdaşlığa görə sizə minnətdarıq. Sizin ölkədə dedikləri kimi, çox sağ olun”.
“A321neo” niyə xüsusi təyyarə hesab olunur?
Aviasiya mütəxəssislərinin fikrincə, “Airbus A321neo” hazırda orta məsafəli sərnişin təyyarələri seqmentində dünyanın ən uğurlu layihələrindən biridir.
“Neo” – “New Engine Option”, yəni yeni nəsil mühərrik texnologiyası deməkdir. Bu model əvvəlki nəsil “A321”-lərlə müqayisədə təxminən 20 faiz daha az yanacaq sərf edir, karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaldır və daha uzun məsafələrə uçuş imkanı yaradır.
Təyyarənin əsas texniki göstəriciləri belədir:
* Uzunluğu – 44,5 metr;
* Qanad açıqlığı – 35,8 metr;
* Maksimum uçuş məsafəsi – 6800 kilometrdən çox;
* Kruiz sürəti – saatda təxminən 830 kilometr;
* Sərnişin tutumu – konfiqurasiyadan asılı olaraq 180-220 nəfər;
* Yeni nəsil CFM LEAP mühərrikləri;
* Əvvəlki modellərlə müqayisədə daha aşağı istismar xərcləri.
“A321neo” həm də “Airbus”un məşhur “Sharklets” adlı qanad ucluqları ilə təchiz olunub. Bu texnologiya yanacaq sərfiyyatını daha da azaldır və təyyarənin aerodinamik göstəricilərini yaxşılaşdırır.

Cəmil Manizadə
AZAL donanmasının yenilənməsi sürətlənir
Azərbaycan Hava Yolları son illərdə donanmasının modernləşdirilməsinə xüsusi diqqət yetirir. Şirkətin parkında hazırda “Boeing 787 Dreamliner”, “Boeing 767”, “Airbus A320” ailəsi və “Embraer E190” təyyarələri fəaliyyət göstərir.
2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Airbus” və AZAL arasında ümumilikdə 12 yeni “Airbus” təyyarəsinin alınmasına dair mühüm razılaşma əldə olunmuşdu. Sonrakı mərhələdə “AerCap” vasitəsilə yeni nəsil “A320neo” və “A321neo” təyyarələrinin donanmaya cəlb edilməsi prosesi sürətləndirildi.
Mütəxəssislərin fikrincə, yeni “A321neo” təyyarələri AZAL-a həm Avropa, həm Yaxın Şərq, həm də Asiyanın müxtəlif istiqamətlərində daha səmərəli fəaliyyət göstərmək imkanı verəcək.

“Airbus” – Avropa aviasiyasının qüruru
1970-ci ildə yaradılan “Airbus” bu gün dünyanın ən böyük aviasiya və kosmik sənaye şirkətlərindən biridir. Şirkət sərnişin təyyarələri bazarında əsas rəqibi “Boeing” ilə birlikdə qlobal aviasiya sənayesinin liderləri sırasında yer alır.
Hamburqdakı zavod isə “Airbus”un ən strateji müəssisələrindən biri hesab olunur. Burada hər il yüzlərlə yeni təyyarə istehsal olunur və dünyanın müxtəlif ölkələrinə göndərilir.
AZAL-ın ilk “Airbus A321neo” təyyarəsinin məhz burada təqdim olunması Azərbaycanın mülki aviasiyasının inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Hamburqdan havaya qalxacaq bu yeni nəsil təyyarə sabah Bakı səmasında görünəcək və Azərbaycan sərnişinlərini dünyanın müxtəlif istiqamətlərinə daşımağa başlayacaq.
Musavat.com xəbər verir ki, AZAL-ın Almaniyanın Hamburq şəhərində “Airbus” şirkətindən qəbul etdiyi ilk “Airbus A321neo” təyyarəsinin Bakıda rəsmi qarşılanma mərasimi sabah keçiriləcək. Yeni hava gəmisinin istismara qəbul olunması münasibətilə təşkil ediləcək tədbirdə dövlət və aviasiya sektorunun nümayəndələrinin iştirakı gözlənilir. Mərasim çərçivəsində təyyarənin təqdimatı və rəsmi qəbul prosedurları həyata keçiriləcək.
Musavat.com






