İnsanlara hürriyət, millətlərə istiqlal!

AYİB Ukraynaya görə nizamnamə kapitalını artırır

369 19.12.2023 22:10 Dünya A A

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəhbərləri bankın nizamnamə kapitalını 4 milyard avro və ya 13 faiz artıraraq 34 milyard avroya çatdırmaq barədə qərar qəbul edib.

Musavat.com bankın yaydığı açıqlamaya istinadən xəbər verir ki, məqsəd AYİB-in Ukraynada və digər ölkələrdə mövcud olan layihələrinin maliyyələşdirilməsini təmin etməkdir.

Bu kapital AYİB-ə münaqişə müddətində Ukraynaya illik 1,5 milyard avroluq investisiya həcmini saxlamaq və yenidənqurma başlandıqdan sonra dəstəyini illik 3 milyard avroya çatdırmaq imkanı verəcək. AYİB həmçinin xatırladıb ki, 2022-ci ilin fevralından bəri Ukraynaya 3 milyard avrodan çox vəsait ayırıb.

Direktorlar tərəfindən qəbul edilən qərar AYİB-in bu ilin may ayında Səmərqənddə keçirilən illik toplantısından başlayan nizamnamə kapitalının artırılması ilə bağlı rəsmi prosesi başa çatdırır və kapital artımı 31 dekabr 2024-cü il tarixindən qüvvəyə minəcək.

Bank xatırladıb ki, bu, 1996 və 2010-cu illərdə qəbul edilmiş analoji qərarlardan sonra onun kapitalının tarixdə üçüncü artımıdır: “Ukraynaya dəstək bankın indi və gələcəkdə əsas prioriteti olmalıdır. Kapitalın artırılması ilə eyni zamanda bank mövcud olduğu bütün regionlarda öz strateji prioritetlərini həyata keçirməyə davam edə bilər”.

İraq 2023-cü ilin noyabrında səhmdar olduqdan sonra bankın Aİ və Avropa İnvestisiya Bankından başqa 72 milli səhmdarı var. AYİB 1991-ci ildə yaradılıb və o vaxtdan bəri 6,8 mindən çox layihəyə 190 milyard avrodan çox sərmayə yatırıb, o cümlədən Ukraynada - 559 layihəyə 19,03 milyard avro. Hazırda bankın Ukraynadakı portfelinin həcmi 4,84 milyard avro təşkil edir.

AYİB bir il əvvəl 2,5 milyard avro xalis mənfəət əldə etdikdən sonra 2022-ci ili 1,12 milyard avro xalis zərərlə başa vurub. Bankın nizamnamə kapitalında Ukraynanın payı 0,8 faiz və ya 240,1 milyon avro təşkil edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR