İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayə, çəkilin, NATO gəlir...

5006 15.05.2022 16:35 Yazarlar A A

 

 

Biz Qərbin az qala terror dövləti hesab etdiyi İran və Rusiyanın qonşuluğunda yerləşirik, üstəgəl, daha bir terror dövləti Ermənistan da sərhədimizdədir; seçim sırası bizə nə vaxt gələcək?

Dünyanı elə bir hala gətirmək oyunu başlayıb ki, buna artıq ciddi baxmağın bəlkə də əhəmiyyəti qalmır. Dünyanı bu hala gətirənlər əslində, ciddi dövlət postları tuturlar, ağızlarından çıxan hər kəlmə bir ordunu güdaza da verə bilər, bir ölkəni bəladan qurtara da. Amma belə görünür ki, Ukrayna böhranı getdikcə bizim də balaca olsa da yer tutduğumuz  dünyanı hər keçən gün təhlükəyə sürükləyir. Bunun adı guya “təhlükəsizlik”dir, amma  təhlükə gerçəkdən hər gün böyüyür, ciddiləşir...  

Böyük güclərin savaşı hətta neytral  Finlandiyanı və İsveçi NATO-nun isti qucağına itələyir. Finlandiya açıq deyir ki, Rusiyadan qorxduğu üçün belə etmək zorundadır. Amma NATO çətiri altına girmək Finlandiyanı bu təhlükədən sığortalayırmı? Finlərin qorxusu aydındır- Putin Ukraynanın Rusiya imperiyasının ərazisi olduğunu deyəndən sonra bu ölkəyə qoşun yeritdi. Bu finləri də qorxutmalıydı. Çünki İsveç krallığından ayrıldıqdan sonra Finlandiya Rusiya imperiyasının da ərazi vahidinə daxil olub. Finlər qorxmaqda haqlıdırlar, Rusiya  aqressiv dövlətdir. Amma son 100 ildə finlərlə ruslar çox mehriban yaşayıblar axı... Finlər darıxanda Peterburqa, ruslar alış-verişə finlərin mağazalarına üz tutublar. Amma indi necə olacaq? Əlbəttə ki, düşmən kimi...

Finlandiya artıq nüvə silahı daşıyıcıları olan Amerikanın beşinci nəsil F-35 qırıcılarını almaq istədiyini bəyan edib. Bu, Rusiya üçün, xüsusən də Murmansk, Arxangelsk, Leninqrad, Novqorod, Pskov, Voloqda vilayətlərini, habelə Kareliya və  Komi Respublikası üçün yeni çağırışlar, yəni Rusiya baxımından ölkəyə təhlükə deməkdir. Bu bölgələrin əhalisi təxminən 13 milyon nəfərdir. Baltik və Barents dənizlərində Rusiya yalnız bir NATO ölkəsi - Norveçlə həmsərhəd idi, lakin Finlandiyanın alyansa daxil olması bu hövzədə strateji güc balansında dəyişikliklərə səbəb olacaq. Rusiya dinc duracaqmı? Cavab ritorikdir. 

 

Ümumiyyətlə, sanki bunların hamısının əvvəldən planlaşdırılmış ciddi plan olduğu daha şübhə doğurmur. Rusiya Ukraynaya girməyə məcbur ediləcək, sonrası corab söküyü kimi gəlir... Britaniyanın xarici işlər naziri deyib ki, dayanmaq yoxdur, Hind-Sakit okean regionunda vəziyyətə nəzarət etməyə imkan verəcək NATO-nun qlobal müdafiə alyansı yaradılmalıdir. “Biz Avro-Atlantik təhlükəsizliyi qorumaqla yanaşı, Hind-Sakit okean regionunda da təhlükəsizliyə diqqət yetirməliyik”,- deyə britaniyalı xanım nazir deyib. Yəni NATO adı altında bütün dünyaya hökm edəcək  qlobal superqurum yaratmaq ingiltərəli nazirin gecə yatıb yuxuda gördüyü təklif deyil, bu böyük qlobal güclərin, əsasən də Britaniya və ABŞ-ın hazırladığı planın bəlkə də tam özü deyil,  tərkib hissədir. Sıra ilə davamı da gələcək. Qərbin Ukraynada müharibənin həm də uzun müddətli davam etməsinin səbəblərindən biri də bu cür planları mümkün qədər reallaşdırmaqdır. “Xoxan” mütləq lazımdır, vaxtilə Səddam Hüseyni, Qəddafini, Bəşər Əsədi də dünya üçün belə təhlükə elan edib, nə hoqqalar çıxardılar...    

Bizim NATO-da Türkiyə kimi müttəfiqimiz var. “Bu hərbi təşkilatın bizimlə nə işi ola bilər ki?” deyib, mövzudan yan keçmək də olar. Amma məsələ göründüyü kimi sadə deyil. Biz nəzərə almalıyıq ki, dünya 2022-ci fevral ayının 24-dən bəri ciddi dəyişim kursu götürüb, həm də elə sürətli ki, bunu hərdən statistika üçün də izləmək çətinləşir.

Biz Qərbin az qala iki terror dövləti hesab etdiyi İran və Rusiyanın sərhədində yerləşirik. Üstə gəl, daha bir terror dövləti Ermənistan da nə yazıq ki, sərhədimizdədir. Biz nə qədər desək ki, hərbi bloklara qoşulmayan ölkəyik, Qoşulmamaq Hərəkatındayıq və sairə...Bunlar həqiqətdir. Amma bu cür davam edəcəksə, bizi də seçim qarşısında qoya bilərlər. İsveçin nə vaxtsa NATO-ya üzv olacağını kimsə desəydi, gülüb keçərdik. Amma bu, artıq yeni dünya düzənin reallığıdır.

Qərb Rusiyanın ətrafına hələ ki, Finlandiya ilə “hücum etdi”, amma bu son deyil. Rusiya da bu cür siyasətdən aqressivləşəcək və bu, həmsərhəd ölkələrlə münasibətlərinə də təsirsiz ötüşməyəcək. Təki ortada dövlətimizin canı yanmasın...

Nazim SABİROĞLU,
Musavat.com  

 

        

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR