İnsanlara hürriyət, millətlərə istiqlal!

Avroparlamentin bitməyən qərəzi - anti- Azərbaycan sənədinə Bakıdan reaksiyalar

701 27.04.2024 11:23 Siyasət A A

Aprelin 25-də Avropa Parlamenti Azərbaycan əleyhinə daha bir qətnamə qəbul edib. Qurum ölkədə vətəndaş cəmiyyətinə qarşı guya repressiya aparılması iddiaları əsasında Azərbaycan hakimiyyətini qınayan sənədi 474 “lehinə”, 4 “əleyhinə” və 51 “bitərəf” səslə qəbul edib.

Ermənipərəstliyi çoxdan şübhə doğurmayan və bu yay səlahiyyətləri bitəcək Avrodeputatlar Azərbaycan hakimiyyətini 2023-cü ilin dekabrında həbs edilmiş İlhamiz Quliyevi, Avropa İttifaqı və digər ölkələrin vətəndaşları da daxil olmaqla, bütün digər “siyasi məhbusları” dərhal və qeyd-şərtsiz azad etməyə çağırıblar. 

“Onlar hakimiyyəti siyasətçi, iqtisadçı və müxalifətçi xadim Qubad İbadoğlunun üzərindən bütün ittihamları götürməyə, səfər qadağasını ləğv etməyə, həmçinin aprelin 22-də ev dustaqlığına buraxıldıqdan sonra ona sərbəst tibbi yardım göstərməyə çağırırlar”, - məlumatda deyilir. 

“Azərbaycanda insan hüquqlarının pozulmasının davam etməsi COP 29-u qəbul edən ölkə ilə bir araya sığmır”, - qətnamədə iddia olunur. 

Avropa Parlamentinin deputatları həmçinin Avropa Komissiyasını “energetika sahəsində Azərbaycanla strateji tərəfdaşlığın dayandırılması” məsələsinə baxmağa çağırıblar. Onlar israr edirlər ki, tərəfdaşlıq haqqında istənilən gələcək saziş “bütün siyasi məhbusların azad edilməsi və ölkədə insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması ilə əlaqələndirilsin”. 

Bundan əlavə, qurum “insan hüquqlarını ciddi şəkildə pozan azərbaycanlı məmurlara qarşı Avropa İttifaqının sanksiyalarının tətbiq edilməsi” barədə çağırışlarını təkrarlayırlar. 

Artıq Milli Məclis qətnaməyə sərt etirazını bildirib.

Qeyd etmək yerinə düşər ki,  yaxın günlərdə ABŞ Dövlət Departamenti də 2023-cü il üzrə insan haqlarına dair hesabatını açıqlayıb. Hesabatın Azərbaycana aid hissəsində yenə qərəzli, düzgün olmayan mövqe əks olunub. 

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov: “Avropa Parlamenti nə qədər qışqırsa da, Avropa İttifaqının enerji təhlükəsizliyi Azərbaycandan asılıdır”

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsi ölkəmizə qarşı qərəzin növbəti nümayişidir: “Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələrin qəbulunun əsasında Azərbaycanofob, türkfob və islamofob siyasət dayanır. Avropa parlamentariləri üçün insan haqları, demokratiya və digər hüquqlar maraqlı deyil. Onlar bu hüquqları sadəcə Azərbaycana və digər müsəlman ölkələrinə təzyiq vasitəsi kimi istifadə edirlər. Əgər insan haqları və demokratiya, vətəndaş cəmiyyətinin hüquqları ilə bağlı Avropa Parlamenti narahat olsaydı, ədalətli mövqe sərgiləsəydi, onlar  bunu Fransada müsəlman uşaqların məktəblərə buraxılmaması, açıq aksiya keçirənlərə qarşı şiddətin işlədilməsi və insanları həbslərə məruz saxlamaları ilə bağlı səslərini çıxardardılar. Yaxud da Ermənistanda jurnalistlərin, müxalifətçilərin həbs olunmasına görə də reaksiya verərdilər. Onlar üçün bu  gün Azərbaycan maraqlıdır. Çünki bir neçə aydan sonra Avropa Parlamenti seçkilərə gedəcək. Parlamentarilər erməni diasporunun sifarişlərini icra etməklə qarşıdan gələn seçkilərdə yenidən mandat qazanmaq istəyirlər. Ona görə də Azərbaycana təzyiq göstərilməsi üçün siyasi məhbus, vətəndaş cəmiyyətinin hüquqları məsələsini ortaya atıb Avropa İttifaqından ölkəmizə qarşı sanksiyaların tətbiq olunmasını tələb edirlər. Azərbaycanda törətdikləri cinayətlərinə görə həbs olunanlara siyasi məhbus donunun geyindirməsi və ondan ölkəmizə təzyiq kimi istifadə olunması riyakarlıq və düşmənçilkdir.  Təbii ki, qəbul olunmuş bu qətnamə də ondan əvvəl qəbul olunmuş qətnamələr kimi bizim üçün dəyərsiz bir kağız parçasından başqa bir şey deyil”. 

Deputat Avropa Parlamentinin bu hərəkətlərini  sadəcə ölkəmizin daxili işlərinə qarışmasına cəhd kimi qiymətləndirdiyini deyib: “Hamı bilir ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır. Avropa İttifaqının rəhbərliyi də bu məsələləri lap yaxşı bilir. Həm də Avropa Parlamenti nə qədər qışqırsa da, Avropa İttifaqının enerji təhlükəsizliyi Azərbaycandan asılıdır. Bu gün Azərbaycan həm də Orta dəhliz layihəsinin əsas həlqəsidir. Bu baxımdan Azərbaycan bu gün Avroasiayada iqtisadi əlaqələrin qurulmasının lokomotividir. Ona görə də Avropa İttifaqı Avropa Parlamentinin qətnaməsini ciddiyə almır. Həm də bir neçə aydan sonra Avropa Parlamentinin və Avropa İttifaqının rəhbərliyinin tərkibləri yenidən formalaşacaq. Fikrimcə, yenidən formalaşacaq tərkiblər isə Azərbaycana qarşı münasibətlərini dəyişərək ədalətli mövqedən çıxış edəcəklər.  Çünki Avropa Parlamentinin Azərbaycana qarşı qərəz nümayiş etdirməsi Avropa İttifaqı üçün xeyir gətirmir”.

Tural Abbaslı evlənir - BU MƏŞHURUN QIZIYLA

Tural Abbaslı: “Türkiyə-Azərbaycan birliyini, mövqeyini zəiflətmək və regionda möhkəmlənmək üçün atılan addımlardır”

“Ağ Partiya” başqanı Tural Abbaslı da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, qətnamə ilə bağlı məsələyə həssas yanaşılmalıdır: “Qərb, ABŞ Azərbaycanı Qarabağ qələbəsindən sonra xüsusi basqı altına alıblar. Bu açıq müşahidə olunan bir faktdır. Bir çox hallarda burada məqsəd  demokratiya, insan azadlıqları, ədalətli, şəffaf seçki tələbi deyil. Bu sırf Ermənistan-Azərbaycan qarşıdurmasında Ermənistanın mövqelərinin möhkəmləndirilməsi üçün və regionda vəziyyətin Ermənistana dəstək olan qüvvələrin xeyrinə dəyişməsi üçün Azərbaycana edilən növbəti basqılardan biridir. İndi sual oluna bilər ki, Azərbaycanda siyasi məhbus varmı, var. Yaxud Azərbaycanda vətəndaş cəmiyyəti qənaətbəxşdirmi, xeyr. Azərbaycanda demokratiya ilə bağlı problemlər varmı, əlbəttə, problemlər var. Partiya olaraq biz bu problemlərin aradan qaldırılması uğrunda illərdir mübarizə aparırıq. Ancaq bu qətnamənin qərəzli olduğunu bir sıra məqamlarla da göstərmək  olar.  Bu günə qədər Ayaz Mütəllibovdan sonra prezidentlər arasında siyasi məhbus da olub, vətəndaş cəmiyyətinin nümayəndələri də sıxışdırılıb, mediaya da basqılar olub. Amma nədənsə Avropa, Amerika Qarabağ müharibəsindəki qələbəmizdən sonra radikallaşıb. Burada konkret sanksiyalardan söhbət gedir. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında  nümayəndə heyətinin sənədləri təsdiq olunmur. Ard-arda həmin ölkələrin senatları Azərbaycan əleyhinə qətnamələr qəbul edib. Mənim də iki müavinim siyasi məhbus olub. Niyə həmin ərəfədə Azərbaycana qarşı hansısa sanksiya tətbiq olunmadı. Yaxud AŞPA-da nümayəndə heyətinin səlahiyyəti dondurulmadı. Niyə Azərbaycanda ”Avroviziya" keçirildi, bütün Avropa Bakıya gəldi, niyə boykot etmədilər. Amma indi Azərbaycan öz torpaqlarını azad edəndən sonra COP 29 Azərbaycanda keçirilməsin deyirlər. Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini istəyirlər. Azərbaycandan neft-qaz almayaq deyirlər. 30 ildə Azərbaycanda demokratiya problemi oldu, biz bunun uğrunda mübarizə apardıq. Amma 30 ildə də Qərb daim Azərbaycandan neft də alıb, qaz da alıb. ABŞ özünün İraqa, Əfqanıstana olan müdaxiləsi zamanı Azərbaycanla əməkdaşlıq da edib. Nə oldu, birdən-birə vəziyyət dəyişdimi? Əksinə, indi vəziyyət əvvəlkindən daha yaxşıdır, azadlıq baxımından da müsbət məqamlar var. Bu sırf Qarabağ ətrafında gedən siyasi savaşa görə Azərbaycana qarşı olan qərəzli mövqedir. Azərbaycanın daxili demokratik problemlərindən istifadə edib üzərimizə gələrək Türkiyə-Azərbaycan birliyini, mövqeyini zəiflətmək, regionda möhkəmlənmək üçün atılan addımlardır".  

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR