İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa miqrant böhranında - günahkar həm də özüdür, çünki...

726 12.09.2023 08:13 Siyasət A A

Yeganə Hacıyeva: “İnsanlar elə düşünür ki, getdikləri yerlərdə həyat tərzi filmlərdə gördükləri kimidir”

2023-cü ilin ilk yarısında Avropa İttifaqına üzv ölkələrə, həmçinin Norveç və İsveçrəyə sığınacaqla bağlı 519 min nəfər müraciət edib. APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqı Sığınacaq Agentliyi məlumat yayıb.

Qurum hesab edir ki, ilin sonunadək rəqəm 1 milyonu keçəcək. Hesabatda göstərilir ki, müraciət edənlərin sayı ötən illə müqayisədə 28% çoxdur. Artımın səbəbi kimi bir çox ölkələrdə siyasi, iqtisadi və ekoloji vəziyyətin pisləşməsi göstərilir. Say çoxluğuna görə ilk sıralarda Suriya, Əfqanıstan, Venesuela və Kolumbiya gəlir. Ümumi müraciətlərin 44%-i sözügedən ölkələrin payına düşür. İddiaçıların 30%-i Almaniyaya, 17%-i İspaniyaya, 16%-i isə Fransaya müraciət edib.

Məlumdur ki, Avropa ölkələri  miqrasiya qaydalarını sərtləşdirib. Britaniya ötən ay hətta bunu az qala yasaq edən qanun qəbul edib. Ancaq Avropaya üz tutanlar artmaqda davam edir. Avropa, Qərb öz yanlış siyasətinin, yəni dünyada demokratik, iqtisadi böhranlar yaranmasına qarşı müqavimət göstərməməsinin, bəzən despotik rejimləri dəstəkləməsinin acısını çəkir, yoxsa başqa səbəblər var?

Xatırladaq ki, müstəqilliyin ilk illərində Azərbaycandan daha çox Rusiya, Ukraynaya miqrantlar gedirdi. Bir qədər sonra isə Türkiyəyə gedən miqrantların sayı artmağa başladı. Daha sonrakı illərdə isə Azərbaycan vətəndaşları miqrasiya istiqaməti kimi həmçinin Avropa ölkələrini seçməyə başladı.

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) Avropa Birliyi ölkələrinə miqrasiyaya dair hesabatına görə, azərbaycanlı miqrantlar Avropada daha çox Polşada məskunlaşıb. Belə ki, 2020-ci ilin statistik göstəricilərinə görə, həmin il 4 min 817 Azərbaycan vətəndaşı Avropa Birliyi ölkələrindən rəsmi yaşayış icazəsi əldə edib. Azərbaycan vətəndaşlarına ən çox rəsmi yaşayış icazəsi verən ölkə Polşa olub. 2020-ci ildə Avropa Birliyi ölkələrindən rəsmi yaşayış icazəsi alan Azərbaycan vətəndaşlarının 30.4 faizi (1 min 469 nəfər) Polşada məskunlaşıb.

Azərbaycan vətəndaşlarının ən çox rəsmi yaşayış icazəsi əldə etdiyi ikinci ölkə Almaniyadır. 2020-ci ildə Avropa Birliyi ölkələrindən rəsmi yaşayış icazəsi alan azərbaycanlıların 23.6 faizi məhz bu ölkəyə üz tutub. Beləliklə, Avropa Birliyi ölkələrindən rəsmi yaşamaq icazəsi alan azərbaycanlıların 54 faizi Polşa və Almaniyaya gedib.

Məlumata görə, Polşada rəsmi iş icazəsi ilə çalışan azərbaycanlıların sayı 13 min nəfərdən çoxdur. Rəsmi yaşayış icazəsi olmadan məskunlaşan azərbaycanlı miqrantlar olduğunun nəzərə alsaq bu rəqəmlərin daha çox olduğunu demək olar.

Polşaya gedən miqrantların sayca artması bu ölkədən Azərbaycana göndərilən pul köçürmələrinin də həcminə təsir göstərib. Mərkəzi Bankın açıqlamalarına görə, ötən il Polşadan Azərbaycana rəsmi pulköçürmə sistemləri ilə 3.8 milyon dollar köçürülüb. 2021-ci ildə bu rəqəm 2.6 milyon dollar idi. Deməli, təkcə son bir ildə Polşadan Azərbaycana pul köçürmələrinin həcmi 50 faizə yaxın artıb.

Digər məlumata görə isə ötən il Azərbaycanın 52 min 570 vətəndaşı Avropa Birliyinə daxil olmaq üçün Şengen vizası almaq istəyib. Ən çox Şengen vizası müraciəti edilən ölkələr Fransa (13 min 847), Almaniya (13 min 324) və Macarıstan (6 min 969) səfirlikləri olub. Müraciətlərə ən çox imtina cavabını Macarıstan səfirliyi verib. Bu ölkəyə viza müraciətlərinin 15.7 faizi imtina ilə nəticələnib. Almaniya (9.4 faiz) və Fransa (7.9 faiz) da imtina payına görə ilk üçlükdədir. Ən az imtina verən isə Avstriya (1.8 faiz), İtaliya (2 faiz) və İsveçrədir (2.7 faiz).

Bununla belə, Avropadan Azərbaycana geri qaytarılan azərbaycanlıların da sayında xeyli artım var. Belə ki, Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, təkcə 2022-ci ildə 350 nəfər Azərbaycan vətəndaşı Avropa Birliyi ölkələrindən Azərbaycana geri qaytarılıb.

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin hesabatına görə, qonşu Gürcüstandan 29 mindən çox miqrant Avropa Birliyi ölkələrinə üz tutub. Bu rəqəm Azərbaycandan təxminən 6 dəfə çoxdur. Statistikaya görə, gürcülərin ən çox yaşayış icazəsi əldə etdikləri ölkə İtaliya olub. Həmin il Avropa Birliyi ölkələrində məskunlaşan gürcülərin üçdə biri məhz bu ölkədən rəsmi yaşayış icazəsi alıb. İkinci yerdə Polşa gəlir. Avropa ölkələrindən yaşayış icazəsi alan gürcülərin 27 faizi bu ölkəyə üz tutub.

Ermənistandan isə  2020-ci ildə Avropa Birliyi ölkələrindən rəsmi yaşayış icazəsi alanların sayı 5 min 514 nəfər olub. Ermənilərin də Avropada ən çox rəsmi yaşayış icazəsi aldığı ölkə Polşa (22 faiz) və İspaniyadır (14 faiz).

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

Mövzu ilə bağlı politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, bu məsələdə əsasən psixoloji amil rol oynayır: “Ümumiyyətlə, Azərbaycan xalqı səyahət  etməyi sevir. Məsələn, kənd yerlərində yaşayanlar ayda və yaxud həftədə bir dəfə şəhərin mərkəzinə gəlməyə çalışırlar. Yəni xərclədikləri pulu, vaxtı diqqətə almadan mütləq bunu edirlər. Bu, gündəlik həyat tərzini dəyişmək istəyindən doğur. Azərbaycan insanı gündəlik həyat tərzini dəyişmək istəyini kəskin ehtiyac hiss edən insandır və bu, tarixin bütün mərhələsində özünü göstərir.

Məsələn, Avropa kitabxanalarını, mənbələrini araşdıranda  aydın olur ki, Avropanın səsli-küylü məşhur insanlarının böyük əksəriyyəti, o cümlədən ən məşhur riyaziyyatçılar, rəssamlar zamanında məhz bizim yaşadığımız ərazidəki coğrafiyadan, Cənubi Qafqazdan gediblər, xüsusən də Azərbaycandan  gediblər. Bunu dahilərin DNT analizləri də sübut edir.

Beləliklə, zamanında Cənubi Qafqazdan, Azərbaycandan çox sayda insanlar Avropaya üz tutub və getdikləri yerdə də kifayət qədər uğurlar qazanıblar. 

Yeni və ən yeni tariximizə nəzər yetirəndə də görürük ki, bu belədir. Məsələn, 19-cu əsrdə, eləcə də 20-ci əsrin əvvəllərində xeyli sayda azərbaycanlı Avropaya üz tutub, orada yaşayıb-yaradıblar, çox böyük uğurlar qazanıblar.  Buna misal olaraq deyə bilərik ki, Türkiyənin ilk vəkil qadını məhz azərbaycanlıdır. Həmçinin Fransada çox məşhur azərbaycanlı hüquqşünaslar olub.

Sovet dövründə azərbaycanlılar daha çox “Ruset” dedikləri Rusiyaya üz tuturdu. Bu dövrdə elə bir kənd, elə bir ailə yox idi ki, yaxınlarından kimsə Rusiyaya getməsin və onların heç də hamısı pis həyatdan vətənlərini tərk etməmişdi, yaşadıqları yerdə getdikləri yerdən yaxşı yaşamırdılar.  Ola bilsin ki, vətənlərində müəyyən çətinlikləri var idi, amma ailə qayğısı ilə əhatələnirdilər.

Beləliklə, bu adət bütün dünya insanlarında var və azərbaycanlılar da bundan xali deyil. Dediyim kimi, bu, daha yaxşı, fərqli yaşamaq istəyindən irəli gəlir.

Amma nə sovet dövründə, nə indi Rusiyaya və yaxud digər ölkələrə gedən insanlardan çox azı getdikləri yerdə gəldikləri yerdən daha yaxşı yaşadı, yaşayır. Çünki fərqli mentalitet, düşüncə tərzi, onlara tamamilə yad olan bir cəmiyyət içərisində yaşamaq çətinlikləri var. İnsanlar bəzən yeni cəmiyyəti qəbul edə bilmir və yaxud getdikləri cəmiyyət onları qəbul etmir. Bununla belə, həbsxanaya bənzəyən miqrant düşərgələrində, ərəblə, ya Afrikadan gəlmiş tamamilə fərqli, heç cürə uzlaşmayan mədəniyyət daşıyıcıları ilə birlikdə yaşayıb, özünü xoşbəxt hesab edənlər də var. Vaxtilə sovet dövründə Rusiyaya gedən insanlar kimi onlar da itmiş nəsil hesab olunur.

Azərbaycanlıların bir sözü var, “uzaq  təpələrin otları çox yaşıl görünür”. Bu gün də Avropaya, eləcə də Kanadaya böyük axın var. Bu, Avropanın təbliğatı, reklamı ilə bağlıdır. İnsanlar elə düşünür ki, getdikləri yerlərdə həyat tərzi filmlərdə gördükləri kimidir. Yəni bu məsələnin əsasını təbliğatda görmək lazımdır. Amma Avropa və yaxud digərləri nə qədər gözəldir, yaxşıdır, bu artıq başqa mövzudur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR