İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı yeni formatda genişlənməyə hazırlaşır?

1147 08.10.2022 11:03 Yazarlar A A

Əslində genişlənməkçün Avropa İttifaqının zəruri müstəviləri çoxdur. İqtisadiyyat baxımından bu, Avropa İttifaqının özüdür, hərb və təhlükəsizlik nöqteyi- nəzərindən NATO-dur, siyasi baxımdansa Avropa Şurasıdır.

Bəlkə də buna görə irəlicədən bəyan etdilər ki, Avropa Siyasi Birliyi təşkilat olmayacaq, daha çox siyasi diskussiyalar üçün platforma kimi çıxış edəcək. Bəri başdan deyək ki, Azərbaycanı məsələnin belə qoyuluşu daha çox qane edir, çünki Bakı Avropa İttifaqı ilə institusional baxımından inteqrasiya olunmağa tələsmir.

Bunun özü də çox maraqlı məsələdir. Bakı sanksiyalara məruz qalan Rusiyanın Avropadakı qaz bazarlarına iddia etməkdən çəkinmir. İmkanı olsa, onları tamam mənimsəyər.

İkincisi, Rusiyanın narazılığına rəğmən, Qarabağ məsələsində də Brüsselin vasitəçiliyindən imtina etmir. Yavaş-yavaş olsa da, Türk Birliyini irəlilədir. Amma Avropa İttifaqı ilə saziş imzalamağa gələndə bildirir ki, bu, onun üçün riskli məsələdir. Doğrudanmı belədir? Doğrudanmı Azərbaycanın Avropa İttifaqı ilə saziş imzalaması özündə hansısa riskləri ehtiva edir? Məsələ bundadır ki, NATO ilə yox, amma Aİ ilə əlaqələr qurmağa hətta Rusiyanın özü də etiraz etmir. Belə olmasaydı, Moskvanın Cənubi Qafqazda ən yaxın müttəfiqi olan İrəvan Brüssellə sənəd imzalamağa cəsarət edə bilməzdi, hərçənd, bəzi analitiklərin fikrincə, Serj Sarqsyan məhz bunun güdazına getdi. Bəs onda problem nədədir? Bizə elə gəlir ki, hər şey Azərbaycan hakimiyyətinin daxili motivlərinə söykənir – siyasi baxımdan Azərbaycanı Avropa ölkəsi hesab etmək və ya buna can atan bir ölkə kimi qələmə vermək çox mübahisəli olardı...
Amma nə olursa-olsun, Azərbaycan Avropa Birliyinin yeni təşəbbüsünü cavabsız qoymadı, Avropa Siyasi Birliyinin ilk diskussiya platformasına qatıldı.

Oxucunu bu müstəvidə də daha çox Ermənistanla ilişgili məqamlar maraqlandırır. Deyək ki, ilk gündən Brüsseldən maraqlı xəbərlər gəldi. Hətta deyirdilər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Sözsüz ki, bunlar hələ o demək deyil ki, Azərbaycan və Ermənistan arasında birdəfəlik sülh bərqərar olacaq. Brüsselin vasitəçiliylə avqustun sonunda baş tutan görüşdə də sülh haqqında çox danışılmışdı, amma İrəvan onda sərhəddə geniş miqyaslı təxribatlara başladı və istisna deyil ki, bu dəfə də belə olacaqdır.

Niyə belə olur? Axı Ermənistan cəmiyyətinin böyük hissəsi müharibə istəmir, Paşinyan özü də elə hey sülhdən dəm vurur. Bəli, həqiqətən də belədir. Bunun ən çox yayılan izahı budur ki, Paşinyan ölkəyə, silahlı qüvvələrə, güc nazirliklərinə tam nəzarət edə bilmir. Amma bizə elə gəlir ki, məsələ bir az da dərindir. Paşinyan hər şeydən əvvəl ermənidir və erməni siyasətçisidir, ona görə də ən əlverişsiz situasiyada belə ölkəsi üçün nəsə əldə etməyə çalışır, ən uğursuz vəziyyətlərdə belə dividendlər qazanmağa cəhd edir. Amma o, unutmamalıdır ki, cəmiyyət ondan başqa şey gözləyir – insanlar müharibədən yorulublar və onlar bir gün baş nazirin siyasi manevrlərindən də təngə gələ bilərlər. Paşinyan bunları nəzərə alırmı?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR