İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı birtərəfli bəyanatlardan çəkinməlidir

364 08.09.2023 16:26 Siyasət A A

Sentyabrın 6-da Avropa İttifaqının növbəti dəfə Azərbaycanın suveren ərazisi olan Laçın yolu ilə bağlı birtərəfli bəyanatla çıxış etməsi bu qurumun obyektivliyinə və qərəzsizliyinə ciddi zərbədir.

Belə ki, bəyanatda “Laçın yolunun tamamilə bağlanması”, “ərazidə ağır humanitar nəticələrin olması” və digər əsassız fikirlər yer alır, yerli sakinlərin Laçın yolu üzərindən hər iki istiqamət üzrə sərbəst və təhlükəsiz keçidinin təmin olunması tələb olunur. Avropa İttifaqı bəyanatında Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağda yaşayan erməni sakinlərə humanitar yardımın çatdıra bilməməsindən də narahat olduğunu bildirir.

Göründüyü kimi, bu bəyanat ancaq ermənilərin yalançı tezisləri üzərində qurulub və Azərbaycanın haqlı mövqeyi və legitim tələbləri gözardı edilib.

Sual olunur, niyə Avropa İttifaqı ermənilər tərəfindən süni şəkildə yaradılmış hazırkı vəziyyətin aradan qaldırılması ilə bağlı Azərbaycanın səmimi səylərinə və irəli sürdüyü təkliflərin heç birinə diqqət yetirmir? Niyə bəyanatda bir kəlmə də qeyd olunmur ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ermənilərin ərzaq ehtiyaclarını (əgər varsa) qarşılmaq üçün göndərdiyi yardımlar iki həftədir Ağdam- Xankəndi yolunda erməni separatçıları tərəfindən bloklanıb və humanitar yükün yerli sakinlərə çatdırılmasına imkan verilmir? Bu necə blokadadır və bunun siyasi və hüquqi leksikonda tərifi nədir?

Bundan başqa, bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Fransa prezidenti Makron və ABŞ-ın Dövlət katibi Blinkenlə keçirdiyi telefon danışıqları zamanı bir daha qeyd etdi ki, Ağdam-Xankəndi yolu açıldıqdan 24 saat sonra Laçın yolundan da tam istifadə mümkün olacaq. Bu qədər açıq və dəqiq mövqe sərgiləyən Azərbaycanın legitim qayğıları niyə Avropa İttifaqı üçün əhəmiyyətli deyil? Niyə Avropa İttifaqı ermənilərə səslənərək demir ki, əgər yardıma ehtiyacınız varsa, Azərbaycanın bu təklifini qəbul edin?

Təəssüflər olsun ki, Avropa İttifaqının bu cür qərəzli bəyanatları Azərbaycan ictimaiyyətində bu quruma olan kövrək inamı və etimadı ciddi şəkildə zədələyir.

Əminəm ki, əgər Avropa İttifaqı verdiyi açıqlamalarda Ağdam-Xankəndi yolunun açılmasının vacibliyini və Azərbaycanın bu istiqamətdə irəli sürdüyü rasional təklifləri qeyd etsəydi, bu, regionda sülhə və təhlükəsizliyə, xüsusilə, Ermənistan tərəfindən yaradılmış süni gərginliyin qısa müddətdə aradan qaldırılmasına ən böyük töhfə olardı. İndiki halda isə Avropa İttifaqı bu cür birtərəli və ittihamedici bəyanatları ilə yalnız və yalnız regionda gərginliyi daha da artırır, erməni separatçılarını və revanşistləri daha da stimullaşdırır.

Düşünürəm ki, sülhdən və tərəfsiz vasitəçilik missiyasından danışan Avropa İttifaqı bu yanlış siyasətinə yenidən baxmalı, nə istədiyini konkretləşdirməli və Azərbaycana qarşı verdiyi birtərəfli bəyanatlarından çəkinməlidir.

Azay Quliyev, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR