İnsanlara hürriyət, millətlərə istiqlal!

Atəşkəs bölgəyə əbədi sülh gətirəcəkmi? – Əgər İran dialoqa icazə verərsə…

449 11.06.2024 13:00 Gündəm A A

BMT Təhlükəsizlik Şurası ABŞ-ın İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs verib. Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü bu sənədin lehinə səs verib. Yalnız Rusiya səsvermədə bitərəf qalıb. ABŞ-ın təklif etdiyi qətnamə yeddi bənddən ibarətdir. Bunlardan birincisi, HƏMAS razılaşmanı qəbul etməli və həmçinin bütün tərəflər heç bir şərt və ya gecikmə olmadan onun müddəalarını tam şəkildə yerinə yetirməlidir. Bundan əlavə, sənəddə vurğulanıb ki, atəşkəs üzrə məsləhətləşmələr altı həftədən çox uzanarsa, danışıqlar davam etdiyi müddətdə atəşkəs qüvvədə qalacaq.

Qətnamədə həmçinin BMT-yə üzv olan bütün ölkələri sazişin həyata keçirilməsini dəstəkləməli, İsrail və Fələstin arasındakı münaqişənin iki dövlətin dinc yanaşı yaşaması əsasında həllinə sadiqliyi bir daha təsdiqləməlidirlər.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamənin ardınca ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb. Tərəflər Qəzza zolağında atəşkəs və girovların azad edilməsi planını müzakirə ediblər. Amerikalı diplomat İsrail hərbi idarəsinin rəhbəri ilə görüşü zamanı Qəzzada atəşkəs təklifinin İsrailin uzunmüddətli təhlükəsizlik maraqlarına, o cümlədən regionda gələcək inteqrasiya imkanlarına cavab verəcəyini vurğulayıb.

Mövzu ilə bağlı Medianews.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Yaxın Şərqdə artıq ölkələr deyil, dövlətlərin daxili və xarici siyasətinə ciddi təsiri olan, hətta bəzən bu dövlətləri əvəz edən transmilli korporasiyalar, terror təşkilatları beynəlxalq münasibətlər sisteminin əsas aktorlarına çevrilirlər. Ekspertin qənaətincə, regionda vəziyyətin müsbətə doğru dəyişməsi üçün ilk növbədə bu təşkilatların maraqları dəyişməlidir: “Təəssüf ki, bu maraqlar indiki reallıqla dəyişkən görünmür. Məsələn, İran iradə ortaya qoyub bölgədə aktivliyi olan, bilavasitə Tehranın dəstəklədiyi qruplaşmaları vahid xəttə tabe elətdirə biləcəkmi? Söhbət Fələstindəki HƏMAS, Livandakı “Hizbullah”, Yəməndəki “husilər”, eləcə də İraqda və Suriyadakı iranameylli silahlı qruplaşmalardan gedir. İran bunların qarşısını ala biləcəkmi? Bu, real görünmür. İkincisi, buna hibrid siyasət deyilir. İran özü bilavasitə müharibədə iştirak etməsə də o silahlı təşkilatlardan proksi qüvvə kimi istifadə edir. Əgər İran həmin dialoqa icazə verərsə, real şəkildə bu terror təşkilatlarının həyatda qalma səbəbi olan qarşıdurmalar, silah satışı, narkotrafik kimi proseslər necə tənzimlənəcək? Nəzərə alaq ki, Yaxın Şərqdəki qarşıdurma döyüşən tərəflərə böyük məbləğdə pul gətirir”.

Ə.Əlibəylinin sözlərinə görə, HƏMAS-la İsrail arasındakı atəşkəs razılaşması baş tutmayacaq: “Düşünmürəm ki, bu razılaşma həyata keçəcək. Bu, açıqdır. Unutmayaq ki, bu razılaşma Rusiya-Ukrayna müharibəsi fonunda baş verir. Bu müharibə Avropa İttifaqı-Rusiya, Qərb-Rusiya müharibəsidir. Bu müharibənin son hədəfi Yaxın Şərq də daxil olmaqla, Sakin okeanda Çinə qarşı bir blok formalaşdırmaqdır. Necə ola bilər ki, bu müharibənin taleyi həll edilmədən, regionda Rusiya, Çin və İranın nüfuzu azalmadan belə bir razılaşma, sülh əldə olunsun? Digər tərəfdən, radikal islamçı hərəkatlar Fələstin məsələsindən daim bəhrələniblər. Onların mövcudluğu da ortadadır. Bəs bunlarla bağlı məsələ necə həllini tapacaq? Hansı ki, birinci və ikinci mərhələdə, o cümlədən baş verən terror aktlarında dövlət olmayan, lakin Fələstin adından çıxış edən kifayət qədər təşkilatlar var. Ona görə  də regionda əbədi sabitliyə nail olmaq üçün ciddi addımların atılması imkansızdır. Bu, mümkün deyil”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR