İnsanlara hürriyət, millətlərə istiqlal!

Atalar üçdən, AFFA yeddidən deyib... - Santuşla bağlı fərqli rəylər

560 15.06.2024 08:00 İdman A A

Azərbaycan futbol millisinin növbəti baş məşqçisi, nəhayət, bəlli oldu. Bu, 70 yaşlı tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşdur. O, futbol millimizin sayca 7-ci əcnəbi baş məşqçisi olacaq. 

İyunun 13-də Fernandu Santuş ictimaiyyətə təqdim olunub. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bildirib ki, Fernandu Santuşla bağlı elə də çox danışmağa ehtiyac yoxdur, çünki dünyaca tanınmış məşqçidir: “Onun müxtəlif yığmalarda bir sıra uğurları olub. Yunanıstan millisini 2014-cü ildə Dünya Çempionatına çıxarmışdı. Portuqaliya millisində isə Avropa çempionu olub”.

Sərxan Hacıyev 70 yaşlı çalışdırıcının qarşısına bir sıra məqsədlər qoyulduğunu vurğulayıb: “Əsas məqsədlərdən biri 2028-ci ildə Avropa çempionatının seçmə mərhələsində uğurlu nəticə göstərmək olacaq. Millimizin müəyyən oyunlarına baxıb. Komandamıza da inandığını bildirib. Bunları da nəzərə alaraq, düşünürük ki, uğurlu iş birliyi olacaq və uzunmüddətli perspektivlərdə müsbət nəticə əldə olunacaq”.

Yeni baş məşqçi də nikbin danışaraq, “Hədəf 2028-ci ildəki Avropa çempionatına vəsiqə qazanmaqdır” söyləyib.

Mümkünmü? Santuş sələflərindən nə ilə fərqlənəcək, onların göstəricilərini yaxşılaşdıra biləcəkmi? 

Qeyd edək ki, bəzi tanınmış idman mütəxəssisləri AFFA-nın yeni baş məşqçi təyinatı ilə bağlı tənqidi fikirlər söyləyiblər. Tanınmış futbol azarkeşləri bu bədbinliyi bölüşürmü? Atalar üçdən, AFFA yeddidənmi deyib?

Fazil Mustafa güllələndi — Yenilənib

Fazil Mustafa: “Məşhur bir məşqçinin milliyə gətirilməsi sadəcə diqqətləri çəkəcək, başqa nəyəsə yaramayacaq”

Futbolla yaxından maraqlanan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bir sıra səbəblər aradan qaldırılandan sonra uğur qazanılacağını düşünür: “Biz burada hansısa formada Santuşun karyerasını müzakirə etmirik. Çünki o, Azərbaycanda kağız üzərində futbol oynatmayacaq ki? Ölkəmizdə çempionata əsaslanan futbol oynadacaq. Bizdə mənasız şəkildə bir çox hallarda legioner bolluğunu milliləşdirməklə hansısa bir uğur qazanacağımızı düşünənlər təsadüfi qələbələrlə nəyisə irəli apara bilərlər. Amma bütövlükdə milli komandanın alt yapısının doğru qurulması və uşaq futbolundan başlayaraq 17, 20 və 21 yaşlıları eyni sistem üzrə hazırlayan bir anlayışla hərəkət olunmalıdır. Biz ağacın yuxarısını həll etməyi düşünürük, hər kəsin gördüyü hissəni həll etməyə çalışırıq, amma gövdəni necə düzəldəcəyimiz barədə heç bir proqrama sahib deyilik. Ona görə də, Santuş olmasın, hansısa bir məşhur baş məşqçi olsun, milliyə gətirdik, o da ola bilsin ki, ağacın yuxarı qatlarını kəsib onu gözəl görüntü formasına gətirsin, amma alt qat gövdəsinə təsir edə bilməyəcək. Onun üçün də yerli məşqçi üzərində durmaq üçün əsaslarım var. Qeyri-leqal hədəflər qoymaqla nəsə həll olunmur. Biz Gürcüstanla müqayisə aparmaq istəyiriksə, əslində biz Gürcüstanla müqayisə olunmamalı idik. Çünki indiyə qədər uşaq futboluna laqeyd yanaşmağımız bu günkü futbolumuzun mövcud durum yaşamasının səbəblərindən biridir. Bizim meydança anlayışına laqeyd yanaşmağımız, meydançalarda binalar tikməyimiz, təbii meydançalar qıtlığını vaxtında həll etməməyimiz, futbola sadə bir statistika kimi baxmağımız da səbəblərdir. Bu gün biz yuxarıda meyvə yetişməsini gözləyirik. Biz ağaca qulluq etdikmi? Onun sağlam böyüməsi üçün nə etdik? Hesab edirəm ki, məşhur bir məşqçinin milliyə gətirilməsi sadəcə diqqətləri çəkəcək. Başqa nəyəsə yaramayacaq. Biz elə etməliyik ki, bütün millilərimiz bir-birinə futbolçu yetişdirmək düşüncəsində olsunlar. Bir çox hallarda alt qatdan futbolçu gəlmir. Klublardan da lazımi səviyyədə futbolçu almaq olmur. Alternativ futbolçu anlayışı hansısa mövqelərdə azdır. Aşağı divizyonlardakı oyunların ümumi vəziyyəti ürəkaçan deyil. Tək SOCAR anlayışı olmamalıdır. Xüsusilə, bölgələrdə sahibkarların dəstəyi ilə təşkil olunan klub anlayışına keçməliyik. Bu gün hansısa bir klubun rəhbərliyində dəyişiklik olanda klubun mahiyyətində dəyişiklik olur. Bir də görürsən ki, 2 və ya 3-cü yerləri tutan klub bir rəhbər dəyişikliyi ilə sonuncu sıralara yuvarlanır. Onun üçün də milli çempionat məsələsinə xüsusi önəm verilməlidir. Futbolumuzda uzun müddətli strategiya hazırlanmalıdır. Futbolun inkişafına aid II dövlət proqramı qəbul olunmalıdır. Birinci dövlət proqramı uğurla yekunlaşmadı. Ortada konkret futbol komandalarının bazası deyilən bir anlayış yoxdur. Bir neçə klubdan başqa digərlərinin normal infrastrukturları yoxdur. Hətta güclü infrastrukturu olan klub əsas liqada qala bilmədi. ”Qəbələ"ni nəzərdə tuturam. Bu klub dəstək göstərilməməsi ucbatından bu taleyi yaşadı. Bu problemlər həll olunandan sonra hansısa bir xarici məşqçini gətirib qarşısına hədəflər qoymaq olar. Əks halda hansı hədəfləri qoysan, Gürcüstan və ya Albaniya millisindən irəli gedəcək nəticələr əldə olunmayacaq. Xaricdə olan futbolçularımız da demək olar ki, yox dərəcəsindədir. Olanlar da əsas çempionatda deyil, birinci dəstədə oynayırlar, oynadıqları klublar da o dəstədə ilk sıralarda deyillər. İstisna olaraq, 1-2 futbolçumuz Türkiyə superliqasında oynayırlar. Onlar da lider komandalar deyillər".

Deputat onu da qeyd etdi ki, indiki mərhələdə yerli məçqçi daha faydalı ola bilərdi: “Sonuncu oyunlara millini Arif Əsədov çıxardı. O daxil başqa yerli məşqçilər də var ki, onlardan birini baş məşqçi təyin etmək olardı. İndi dediyim kimi, bir daha deyirəm ki, alt yapını düzəltmədən nəticə olmayacaq. Təsadüfi bir neçə qələbə bizi aldatmamalıdır. Təbii ki, Santuşun gəlməsi millidə ciddiyyət yaradacaq. Amma məşqçi çıxıb meydançada oynamır. Onun əlində ciddi materiallar olmalıdır. Meydanda hücum xəttində azı 6-7 ciddi alternativlərin olmalıdır, bu fikirlərim digər xətlərə də aiddir. Ciddi çətinliklərimiz var. Uşaq futboluna olan biganə münasibət aradan qaldırılmalıdır. Əks halda uğur qazanmaq çox çətin olacaq. Yeni baş məşqçinin gətirilməsindən sonra hansısa bir uğurdan danışmaq olmaz. Santuş özünü təsdiq etmək üçün müəyyən addımlar atacaq. Onun şərtləri bilinməlidir. O da cəmiyyətə məlum olmalıdır ki, Santuş hansı təklifləri verib. Bəlkə onun təklifləri hamımızın ürəyindən olacaq. Ondan sonra biz də fikirlərimizi korrektə edə bilərik”.   

Azərbaycan yığması onlar üçün də qapazaltı olub” – Natiq Muxtarlı Yeni Sabah 

Natiq Muxtarlı: “Azərbaycan futbolu yağışdan çıxıb, yağmura düşüb”

Tanınmış idman yazarı Natiq Muxtarlı isə qeyd etdi ki, AFFA rəhbərliyi yenə də ictimai rəyi, o cümlədən Azərbaycan futbolunun reallığını nəzərə almadı: “Reallıq odur ki, bu gün Azərbaycan futbolunun adlı-sanlı məşqçiyə yox, infrastruktura, futbolçuya ehtiyacı var. AFFA rəhbərliyi iş görmək əvəzinə yenə də şou yaratmağa üstünlük verdi. AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyir ki, Santuşun qarşısına Avro-2028-in final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulub. Sual yaranır: Nəynən, ay Əliş? AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayev də Avro-2016-ya vəsiqə qazanmağı tələb kimi qoymuşdu. Qazandımı? Yox. Ondan bu yana nə dəyişib? Heç nə. Azərbaycan futbolunda infrastruktur qurulubmu, ortabab Avropa klubunda oynamağa qadir bir futbolçu yetişibmi? Yox. Bəs onda Sərxan Hacıyev hansı tələbdən danışır? Bu tələbi yerinə yetirmək üçün potensial varmı? Yoxdur. Bunu ictimaiyyət də, AFFA rəhbərliyi də bilir. Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin təmsilçisi stadionu olmadığı üçün sərgərdandır. Həssas bölgə Naxçıvan təmsilçisi stadion olmadığı üçün Bakıda məskunlaşıb. Böyük futbolda infrastruktur belə bərbad durumdadırsa, görün uşaq futbolunda vəziyyət necədir. AFFA rəhbərliyi ilk növbədə bu problemi araşdırmalı, strategiya qurmalı idi. Amma onlar şouya üstünlük verdilər. İldə 6-7 milyon portuqallara xərclənəcək. Minimum 3 ilə 20-30 milyon avro - təxminən 60 milyon manata yaxın vəsait xərclənəcək, əcnəbi məşqçilərə. Nəticə də olmayacaq. Bölgələrdə azərbaycanlı uşaqlar məşq üçün adi şəraiti olan stadion, forma, top tapa bilmirlər. Onların kəndlərdən rayon mərkəzinə gəlmək üçün ciddi nəqliyyat problemi var. Çoxlarının ailəsinin iqtisadi durumu ağır olduğu üçün uşaqlarını məşqə göndərməyə yolpulu tapa bilmirlər. Yüzlərlə, minlərlə azərbaycanlı istedad bölgələrdə məhv olur, itib-batır. AFFA-nın bu bəladan xəbəri varmı? Yoxdur. Olsaydı, Portuqaliyada məşqçi axtarmazdılar. Olsaydı, azərbaycanlı uşaqlara xərclənməli olan vəsaiti könül xoşluğu ilə 6-7 əcnəbiyə verməzdilər. 

Azərbaycan futbolu yağışdan çıxıb, yağmura düşüb. Belə idarəçilərlə heç nəyə nail olmayacağıq. Bu, aksiomdur. Azərbaycanda futbolun gələcəyi yoxdur. Santuş heç nəyə nail ola bilməyəcək. Çünki onun sərəncamındakı futbolçular Ronaldo deyil. Onun sərəncamında olan futbolçular Türkiyənin ikinci dəstəsində heyətə düşə bilmirlər. Belə futbolçularla ciddi uğur qazanmaq olar? Biz “olmaz” deyirik. Əgər Santuş “olar” deyirsə, deməli, o, mütəxəssis yox, cadugərdir. Buyursun, cadusunun qüvvəsini göstərsin".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR