İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadını öldürməkdə ittiham olunan hakimin qayınanası: “Əziyyət çəkən uşaqlarıdır” MƏHKƏMƏ İŞİ

1198 19.04.2022 12:49 Kriminal A A

Həyat yoldaşını güllələyərək öldürməkdə ittiham olunn və 10 il müddətinə azadlıqdan məhrum edilən Sabunçu rayon məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovla bağlı apelyasiya instansiyasında məhkəmə prosesi davam edir. Sabiq hakim arvadını qəsdlə öldürmədiyini deyir. Mərhumun anası da şikayətçi deyil.

Musavat.com xəbər verir ki, Fəqan Əhmədovun mərhum həyat yoldaşı Pərvanə Əhmədovanın anası Mətanət Quliyeva bildirib ki, qızının ailəsində baş vermiş faciədən sonra üç azyaşlı nəvəsinin gələcək taleyi ilə bağlı ona köməklik göstərilməsi üçün çoxsaylı instansiyalara müraciət edib:

“Onların birgə nikahından 15, 11 və 6 yaşlı uşaqları var. Biz Fəqana 10 il cəza verilməsi ilə razılaşmırıq. Qızım Pərvanə Fəqan ilə öz istəkləri əsasında ailə həyatı qurmuşdu. Onların münasibətləri həmişə yaxşı idi, qızımın ailəsindən daim mehribanlıq olub. Pərvanə ailəsində hansısa bir problem olması barədə heç vaxt narazılıq etməyib. Kürəkən kimi Fəqan həmişə bizə qarşı hörmət və ehtiramla davranıb, öz ailəsinə qarşı həddindən artıq ailəcanlı olub. Fəqanla Pərvanə arasında elə bir hadisə baş verməyib ki, Fəqanın Pərvanəni qəsdən öldürməsinə səbəb olsun və belə bir fikri yaransın.

Sadəcə olaraq silahla ehtiyatsız davranma nəticəsində bu hadisə baş verib və hadisə nəticəsində üç azyaşlı uşağın anaları vəfat edib, ataları isə həbs olunub”.

M.Quliyeva qeyd edib ki, onlar hökmdən narazı qalaraq apellyasiya şikayəti veriblər və nəvələrinin anasız qaldığı kimi atasız qalmasını istəmirlər:

“Bu hadisədən əziyyət çəkən yalnız və yalnız onların uşaqlarıdır. Hazırda uşaqlar valideyn himayəsindən məhrum olduqları üçün təhsildən geri qalırlar, sağlamlıq durumları acınacaqlı vəziyyətdədir. Onların böyük oğlu hadisə nəticəsində keçirmiş olduğu psixi gərginliklə bağlı özünə qəsd etmək istəyib.

Buna görə mütəmadi olaraq həkim psixiatrın nəzarətindədir, 5 yaşlı kiçik qız isə hadisənin mahiyyətini dərk etmədiyindən, anasının göylərə uçduğuna və tezliklə qayıdacağına inanır. Hazırda həmin uşaqlara yeganə dəstək və dayaq olacaq şəxs varsa da, o da atalarıdır”.

Mətanət Quliyeva əlavə edib ki, birinci instansiya məhkəməsində də bu hadisə barədə ifadə verərək mövqeyini açıqlayıb:

“Mən məhkəmədə şahid qismində dindirilərkən də ifadəmdə dedim ki, qızım Pərvanənin ölümünün qəsdən törədilməsi təsdiq olunsa idi, üç yox, on uşaqları da olsa, təqsirkara ən ağır cəzanın verilməsini məhkəmədən tələb edəcəkdim. Amma tam əminəm ki, bu hadisə ehtiyatsızlıqdan baş verib. Buna görə də həyat yoldaşım Süleyman Quliyev hökmdən apelyasiya şikayəti verərək Fəqan Əhmədovun azadlığa buraxılması ilə bağlı qərar verilməsini xahiş edib. Biz Bakı Apelyasiya Məhkəməsindən ədalətli qərar verilməsinə böyük ümid bəsləyirik”.

Fəqan Əhmədovun vəkili Bəylər Məmişov isə söyləyib ki, cinayət işinin istintaqı zamanı prokurorluq tərəfindən əməlin qəsdən törədilməsi ilə bağlı bütün versiyalar yoxlanılsa da, bununla bağlı heç bir mötəbər sübut müəyyən olunmayıb:

“Bu səbəbdən də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qaldığımız üçün apellyasiya şikayəti verilib. Güman edirik ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən əməlin ehtiyatsızlıqdan törədilməsi ilə bağlı hallara düzgün hüquqi qiymət veriləcək və ədalətli qərar qəbul ediləcək”.

Qeyd edək ki, F.Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR