İnsanlara hürriyət, millətlərə istiqlal!

Artan müharibə ritorikası - savaş, yoxsa sülh ili...

2160 07.03.2024 11:57 Siyasət A A

Analitiklər bildirir ki, Ermənistan siyasi qütbünü müəyyən etməyənədək saziş imzalamayacaq; “İrəvanı sülhə məcburetmə əməliyyatı üçün ciddi əsaslar var, amma...”

Son günlərdə müharibə ritorikası yenidən artıb. Xüsusilə Rusiya siyasətçiləri bildirir ki, Ermənistanın sülh danışıqlarında yolagəlməzliyi, habelə revanşist meyllərin artması fonunda növbəti dəfə müharibə qaçılmaz ola bilər. 

Maraqlıdır ki, Ermənistanda aparılmış rəy sorğusunda da erməni əhalinin 50 faizdən çoxu Azərbaycanla yeni müharibə edəcəklərini deyib. 

Bundan başqa, bəzi Avropa siyasətçilərinin də açıqlamalarında Cənubi Qafqazda yenidən gərginlik yaranacağı istisna olunmur. 

Habelə Cozef Borrel belə cəfəng iddia da yaymışdı ki, guya Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır. Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə bunu təkzib etdi və Borrelin yalan məlumatlar yaydığını bildirdi. 

O da sirr deyil ki, Ermənistanın, ümumiyyətlə, müharibə aparmaq imkanları mövcud deyil, hər hansı bir cəhddə güclü Azərbaycan Ordusu onu bir neçə saatın içərisində darmadağın edə bilər.   

Ancaq bütün bunlara rəğmən, Fransanın, Hindistanın Ermənistanı silahlandırması, habelə Ermənistana dəstək adı altında de-fakto Azərbaycana qarşı İran-Hindistan-Fransa “üçlü ittifaqının” yaradılması fonunda müharibə ritorikasının artması təbiidir. Görünən budur ki, Fransa bütün imkanları ilə sülhün baş tutmamasına çalışır. 

Bunun qarşılığında Azərbaycan birmənalı olaraq bütün platformalarda sülh danışıqlarının intensivləşməsi üçün əlindən gələni edir.

Hazırda iki cəhd var - Azərbaycan sülhün imzalanmasına, Ermənistandakı revanşistlər və onların havadarları isə yeni müharibəyə cəhd edir. Bəs nəticə etibarı ilə 2024-də hansı olacaq? Bu ili sülh ili etmək üçün nələr edilməlidir, məsuliyyət kimindir və hansı addımlar atılmalıdır?

Professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan həmişə sülhün tərəfində olub: “Ölkəmiz 30 il ərzində Ermənistanın yaratdığı hərbi münaqişəni sülh yolu ilə həll etmək üçün bütün resurslardan istifadə etdi, lakin ermənilər bunu anlamaq istəmədilər, əvəzində  hər vəchlə torpaqlarımızı işğal altında saxlayıb, status-kvonu qorumağa çalışdılar. Anlamaq istəmədilər ki, Azərbaycanın da səbrinin sonu ola bilər. Və bu son gəldi - Azərbaycan öz torpaqlarını hərbi yolla işğaldan azad etdi. 44 günlük müharibədən 3 ildən çox vaxt keçməsinə baxmayaraq, ermənilər sülh müqaviləsinin bağlanmasını müxtəlif bəhanələrlə uzadırlar. Bu gün Ermənistanın sülh müqaviləsi ətrafında oynadığı oyunlar ermənilərin 30 ildə sülh danışıqları ilə bağlı oynadıqları oyunlardan mahiyyət etibarilə heç nə ilə fərqlənmir.

İkinci Qarabağ savaşına qədər də ermənilər sülh danışıqlarında hər hansı bir irəliləyiş əldə olunan kimi, bu danışıqları pozan təxribat törədirdilər. Bu gün də sülh müqaviləsi istiqamətində hər hansı bir irəliləyiş əldə olunan kimi ermənilər yeni bir təxribat törədirlər. Yəni zaman keçsə də hadisələrin məcrası dəyişsə də, Ermənistan eyni yolla gedir. Ancaq anlamaq istəmir ki, birinci yolda olduğu kimi, bu yolun da sonu dərin uçurum olacaq. 

Sülh müqaviləsinin bağlanmasını hər vəchlə pozmağa çalışan Ermənistan bu gün dünya ictimaiyyətinə sırımaq istəyir ki, guya Azərbaycan sülh müqaviləsi üçün ağır şərtlər irəli sürərək onun imzalanmasını əngəlləyir. Bu, tam absurddur. Azərbaycan nə istəyir? Azərbaycan ilk növbədə və çox haqlı olaraq Ermənistandan məğlub ölkə kimi  davranmasını tələb edir. Daha sonra isə Azərbaycan Ermənistanla sərhədlərinin real xəritələr əsasında müəyyənləşdirilməsini və ermənilərin işğal etdikləri 8 kəndin geri qaytarılmasını tələb edir". 

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

Fikrət Yusifov

F.Yusifov qeyd etdi ki, Ermənistan zaman-zaman, addım-addım yağmaladığı torpaqlarımızda qanunsuz məskunlaşma aparıb. İndi bu məkanları tərk etmək onlar üçün çox zordur və bunu həzm edə bilmirlər: “Yağmalanmış torpaqlara öz ərazisi kimi baxan Ermənistan bu sərhədlərdə dəyişikliyin baş verməməsi üçün hətta Avropada erməni dəyirmanına su tökən Fransanın taqətdən düşmüş qoca təqaüdçü hərbçilərini Azərbaycanla sərhədlərə yerləşdirib. Ancaq Ermənistan anlamır ki, bu cür gedişlər heç nəyi dəyişə bilməz. Bizim heç kimin torpağında gözümüz yoxdur. Ermənilər isə zaman-zaman yağmaladıqları torpaqlarımızı geri qaytarılmalıdılar. Məsələn, Mehri dəhlizi Ermənistana verilərkən onun eni cəmi 10 kilometr olub - indi Mehri dəhlizinin eni 46 kilometrdir. Sual olunur: Mehri dəhlizinin şərq və qərb istiqamətlərindən 36 kilometr ərazini ermənilərə kim verib? Təbi ki, heç kim. Ermənilər, sadəcə olaraq, sovet hökumətinin “SSRİ bizim ümumi vətənimizdir” yanaşımından istifadə edərək, bu torpaqları zamanla qarış-qarış yağmalayıblar. Eyni mənzərə Ermənistanla olan digər sərhədlərimizdə də mövcuddur. İndi biz nə etməliyik? Böyük qələbədən sonra ermənilərin zamanla oğurladığları torpaqlarımızı geri qaytarmamlıyıqmı? Və ya ermənilərin işğal etdikləri 8 kəndimizin geri qaytarılmasını onlardan tələb etməməliyikmi? Təbii ki, Azərbaycan öz haqq işində heç kimə güzəştə getməyəcək. Ermənilər sülh müqaviləsinin vaxtını uzatmaqla beynəlxalq aləmdə öz haqsızlıqlarına don geydirməyə çalışırlar. Ancaq unudurlar ki, onlar Qarabağ torpaqlarımızda da eyni oyunu oynayaraq sonda fiaskoya uğradılar. İndi onları yeni, daha ağır məğlubiyyət gözləyir. Müharibə etmək qədər ağılsızlığa əl atsalar, bu, bir dövlət kimi Ermənistanın sonu olacaq".

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb”

 Aydın Quliyev

Siyasi şərhçi Aydın Quliyev bildirdi ki, Qarabağ münaqişəsinin həlli uzun çəkən bir proses olduğu kimi, sülh sazişinin imzalanması prosesi də bir çox parametrlərinə görə uzun sürəcək prosesə oxşayır: “Ermənistan sülhə hazır deyil, sülh sazişini imzalamaq istəmir. Çünki hesab edir ki, indiki siyasi şərait onun mənafeyinə cavab vermir. Ona görə də Ermənistanın indiki siyasəti açıq deməsələr də, sülh müqaviləsinə qədər revanş prinsipinə söykənir. Düşünürlər bir müddət keçsin, silahlansınlar, revanş götürsünlər və bəzi yerləri ələ keçirsinlər, bundan sonra sülh sazişini imzalasınlar. İrəvan bu cür absurd fikirdədir. Təəssüf ki, Ermənistanın müttəfiqləri də, başda Fransa olmaq şərtilə, sülh sazişinin imzalanmasını istəmir. Ermənistanı hər vasitə ilə antisülh hərəkətlərinə sövq edirlər. Azərbaycanın, Türkiyənin və Rusiyanın isə sülh müqaviləsinin imzalanmasına yönəlik cəhdləri təəssüf ki, lazımi nəticəni vermir. Çünki sülh sazişinin tərəflərindən biri olacaq Ermənistan sülhə hazır deyil. İndiki şəraitdə İrəvanı sülh sazişini imzalamağa məcbur etmə əməliyyatı üçün ciddi əsaslar olsa da, təəssüf ki, hazırkı şəraitdə bu əməliyyatı da həyata keçirmək mümkünsüzdür. Ermənistanın sülhə məcbur edilməsi əməliyyatları formal olaraq mümkün görünsə də, ən azı Rusiyanın indiki maraqlarına cavab vermir. Buna görə də sülh sazişinin yaxınlarda imzalanıb-imzalanmaması əsasən bir neçə faktordan asılıdır. Birinci növbədə onu qeyd etməliyəm ki, nə qədər ki, Ermənistan geosiyasi qütblərin arasında konkret bir mövqe tutmayıb, öz xarici siyasətinin oriyentasiyasını konkret müəyyənləşdirməyib, əsasən Qərbin diktəsi ilə hərəkət edir, onun sülh müqaviləsini yaxın vaxtlarda imzalaması inandırıcı görünmür. Proses formal olaraq gedə bilər. Sülh sazişinin mətninin hazırlanmasına maraq göstərə bilər. Amma Ermənistanın ən son anda qeyd olunan şərtlər dəyişməyəcəyi təqdirdə sülh sazişini imzalayacağı inandırıcı deyil. Prosesin uzanmasının və müharibə risklərinin yaranmasının bütün məsuliyyəti Ermənistanın və onu antisülh siyasətinə sövq edən müttəfiqlərinin üzərinə düşür”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR