İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik danışıqlara ruslarla gəlməkdə israrlıdır - Brüsseldən isə müəmmalı mövqe

1869 12.07.2023 12:33 Siyasət A A

Separatçıbaşı düşünürsə ki, rus generalı, yaxud Ağ Ev məmuru onunla Prezident Administrasiyasındakı görüşdə iştirakçı olacaq, o mümkün deyil; deputat: “2023-cü ildə Xankəndi məsələsi həllini tapacaq, Azərbaycan ora daxil olacaq”

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Twitter hesabında yazıb ki, Aİ Ermənistan və Azərbaycan liderləri ilə Brüsseldə keçiriləcək üçtərəfli görüşü səbirsizliklə gözləyir. Klaar həmçinin Bakı-Xankəndi danışıqları haqda da yazıb. O, “zorakılığa alternativ təmin etmək, çox ehtiyac duyulan etimadı yaratmaq və ləyaqəti təmin etmək” üçün Bakı ilə Qarabağ separatçılarının nümayəndələri arasında “əsl dialoqun başlanmasının” zəruriliyini bəyan edib.

“Avropa İttifaqının dəfələrlə bəyan etdiyi kimi, Laçın dəhlizi ilə insanların və yüklərin daşınması ilə yanaşı, enerji təchizatının məhdudiyyətsiz bərpa olunması son dərəcə vacibdir. Həqiqi Bakı-Stepanakert (Xankəndi-red.) dialoqu zorakılığa alternativ kimi təqdim edilməli, çox ehtiyac duyulan etimadı yaratmalıdır” - T.Klaar yazıb.

Məlumdur ki, xunta rejiminin başçısı Araik Arutyunyan Rusiyanın vasitəçiliyi üzərinə götürəcəyi təqdirdə Azərbaycanla dialoqa başlaya biləcəyini deyib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Arutyunyan bildirib ki, onlar öz konstruktiv mövqeyinə sadiq qalır və sivil dialoq vasitəsilə bütün problemləri sülh yolu ilə müzakirə edib həll etməyə hazırdırlar. Arutyunyan “parlament”də deputatlarla görüşdə də demişdi ki, Bakı bizimlə yalnız bir mövzunu - inteqrasiyanı müzakirə edir, buna görə də onlar danışıqlardan imtina edir. Erməni mediası yazır ki, Araik Arutyunyanın Putinə məktubu nəzərə alınsa, ola bilsin ki, Bakı ilə danışıqlar Rusiyanın vasitəçiliyi ilə aparılsın. Lakin Rusiya Xarici İşlər Nazirliyi iyulun 6-da A.Arutyunyanın prezident Vladimir Putinə məktubuna cavab verib. Nazirliyin sözçüsü Mariya Zaxarova məktubla tanış olmadığını söyləyib: “Mən bu bəyanatlarla tanış deyiləm. Həmçinin dediyiniz şəxsin vəzifələri ilə də tanış deyiləm. Ona görə də bunları hətta şərh etməyəcəyəm”.

Əslində Qarabağ separatçılarının liderinin təklifi Ermənistanın Qarabağla bağlı müzakirələri beynəlxalq formata keçirmək cəhdinin başqa yolla gündəmə gətirilməsidir. Azərbaycanın bu məsələdə mövqeyi qətidir ki, Qarabağdakı erməni icması Azərbaycan Konstitusiyasına uyğun olaraq bizim vətəndaşlarımız hesab ediləcək və ölkə sakinləri ilə eyni hüquqa malik olacaq. Amma onlara xüsusi imtiyaz və status versək, bu, ermənilərin separatçılıq meyllərinin artmasına gətirib çıxaracaq. Ümumiyyətlə, Azərbaycan yalnız konstitusiya çərçivəsində onların hüquq və azadlıqlarının tanınacağını bəyan edir.  Bu, erməniləri qane etmədiyi üçün müxtəlif bəhanələrə əl atırlar. İndi də Moskvanı vasitəçi kimi bu prosesə soxmaq istəyi belə uğursuz cəhdlərdən biridir. Yəni Araik düşünürsə ki, Rusiya generalı və ya Ağ Evin hansısa məmuru gəlib onunla Bakıda Prezident Administrasiyasındakı görüşdə iştirakçı olacaq, o mümkün iş deyil. Hazırda erməni separatçılarının mövqeyi bu cür qeyri-konstruktivdirsə, T.Klaar hansı danışıqlardan bəhs edir? Niyə Bakının dialoq çağırışlarını rədd edənlərə qınaq yoxdur?

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a qeyd etdi ki, sepratçıların yanaşmasının ümumi səbəbi hər yerdən əllərinin üzülməsidir. Millət vəkilinin sözlərinə görə, ABŞ Qarabağ ermənilərinə mesaj verir ki, Azərbaycanın tələbləri ilə razılaşmalısınız: “Avropa İttifaqı da eyni mövqedən çıxış edir. Rusiyaya gəlincə, münaqişənin yerdə tənzimlənməsini onun vasitəçiliyi ilə həll etməyə çalışırıq. Bundan əvvəl erməni icması ilə görüşlər olub, sonra ermənilər danışıqları pozdular. Çünki separatçıların hazırkı mövqeyi Rusiyanın yanaşmasından irəli gəlir. Yəni Rusiya onlara deyir ki, belə şərt qoyun - danışıqlarda biz də iştirak edək. Bəli, keçmiş münaqişənin tənzimlənməsində Rusiya iştirak edir, amma burada erməni xisləti, erməni məkri özünü göstərir. Paşinyanın Rusiyaya zəngləri də bunu təsdiqləyir”. Deputat hesab edir ki, bir tərəfdən də Rusiya Qərbin bu prosesdə iştirakını istəmir: “Amma o biri yandan da Moskva bu məsələlərin tam yekunlaşması niyyətində deyil. Bakının isə mövqeyi aydındır - Qarabağdakı ermənilər inteqrasiya olmalıdır. Biz təminat vermişik ki, ərazilərimizdə sərbəst yaşaya bilərlər. Amma Xankəndidə olan separatçılar saman çöpündən yapışan kimi ruslardan yapışıblar. Bir-iki ildən sonra ruslar da ərazilərimizdən çıxacaqlar, görək onda kimdən yapışacaqlar...”

C.Məmmədov əlavə etdi ki, beynəlxalq hüquqla Xankəndi və ətraf ərazilər bizimdir və heç bir torpaq güzəştinə getməyəcəyik: “Azərbaycan dəfələrlə bəyan edib ki, onlarla danışıqlara hazırıq. Amma danışıqların da bir nəticələri olmalıdır. Mən lap əvvələ qayıdıram, Prezident Administrasiyasının ermənilərə müraciəti olmuşdu, onlar Bakıda görüşə razılaşmadılar. Lakin bilməlidirlər ki, Azərbaycan hər dəfə belə əlini uzatmayacaq. Əgər hesab edirlərsə ki, rusların iştirakı ilə prosesi uzadacaqlar, yanılırlar, qətiyyən bu iş uzanmayacaq”. Deputat onu da bildirdi ki, biz Qarabağda fəaliyyət göstərən saxta rejimi tərəf kimi qəbul etməmişik, bundan sonra da olmayacaq: “Məsələ bitib. Müharibə dövründə bəyan etmişdik ki, separatçılarla danışıqlarımız olmayacaq. Bu gün də mövqeyimizdə dəyişiklik yoxdur. Avropa İttifaqı ABŞ-ın təşəbbüsü və təşkilatçılığı ilə bu prosesdə iştirak edir. Onların açıqlaması budur ki, Azərbaycanla danışıqlara gedin. İndi Qərb biz istəyən kimi söyləməsə də, onu da Bakıya demirlər ki, siz Qarabağ ermənilərini tərəf kimi qəbul etməlisiniz. Sadəcə, separatçıların Avropaya, Fransaya ümidləri vardı, o da bitdi, indi çalışırlar ki, yenidən Rusiyadan yapışsınlar. Əgər prosesləri sağlam ağılla təhlil etsələr, anlayacaqlar ki, şansları yoxdur. Azərbaycan bölgədə nəzarəti gücləndirib, Laçın postu fəaliyyətdədir, qanunsuz daşımalara da sərt xəbərdarlığımızı etmişik, bir sözlə, separatçı dəstələr vaxt itirirlər, bir azdan bizə yalvaracaqlar ki, nə desəniz razıyıq. Onlar həmişə belə olublar... Ona görə şəxsi fikrim budur ki, 2023-cü ildə Xankəndi məsələsi həllini tapacaq, Azərbaycan ora daxil olacaq”.

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev 

Siyasi şərhçi Fuad Əliyev Rusiyanın iştirakı ilə dialoqu faydasız hesab edir. Onun fikrincə, Kreml masada dominant olmağa çalışacaq: “Eyni zamanda məsələni uzatmağa can atacaqlar. Rusiya ilə separatçıların mövqeyi üst-üstə düşür, ikisi də bölgədə mövcudluğunu qorumağa çalışır, o halda nə üçün biz bu formatda dialoqa başlamalıyıq? Əlbəttə ki, belə bir platforma əvvəllər olub, amma görüşdə hansısa problemlərin həlli müzakirə edilib, inteqrasiyadan söhbət getməyib. Məsələn, Sərsəng su anbarından istifadə, torpaqların suvarılması və s. məsələlər danışılıb. Ancaq "artsax" adlı oyuncaq rejim özünü burada tərəf adlandırır, Azərbaycan vətəndaşlığını qəbul etməyi müzakirəyə çıxarmır. Rusiyanın iştirakı ilə yalnız bölgədə atəşkəsin pozulmaması haqda razılaşma mümkündür. Ancaq yenə də ruslar işarə edir, ermənilər atəş açırlar. İyulun 11-də yenidən təxribat törədildi və bu addımlar göstərir ki, Araiklə danışmaq yox, separatçı qərargahı demontaj etmək, silahlı birləşmələri çıxarmaq lazımdır". Ekspert hesab edir ki, Qərb danışıqlara çağırış edir, hətta Klaar son statusunda “Xankəndi” yazdı, buna Avropa Parlamentindən komitə sədri etiraz etdi ki, niyə “Stepanakert” demirsiniz... Yəni Avropa Birliyi qəbul edir ki, şəhərin adı Xankəndidir, Azərbaycana aiddir və orada məskunlaşmış ermənilərlə danışıqlar olmalıdır. Amma biz erməni icmasına təkliflər göndəririk, əvəzindən cavabı separatçı administrasiya verir. Qərb bunu qınamalıdır ki, nə üçün rədd cavabı verilir. Mənə belə gəlir ki, bu problemin həllində Qərbin mövqeyi yaxşı olsa da, onları çıxarmaq gücündə deyil, özümüz etməliyik və Rusiyanı da neytrallaşdırmalıyıq".

Qeyd edək ki, Qarabağda, rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyətlərini davam etdirən separatçılar bütün vasitələrdən istifadə edərək, inteqrasiyaya imkan vermir, müddəti uzatmağa çalışır, hansısa möcüzəvi günü gözləyir və yaxud “o günə” hazırlaşırlar. Buna görə erməni qanunsuz silahlı dəstələri Qarabağda hərbi daşımalar da həyata keçirir, fortifikasiya qurmağa da cəhd edir, hətta Ordumuzu atəşə də tuturlar. Vaxtaşırı olaraq qanunsuz erməni silahlıların “təlimi” də keçirilir və yaxud erməni gənclərə silahdan istifadə qaydaları, dəqiq atışlar öyrədilir. Bunun görüntülərini də fəxrlə sosial şəbəkədə paylaşırlar. Aylardır davam edən bu proses üçün resurs lazımdır. Bu arada, Araik Arutyunyanın hər iki qızı Qarabağı tərk edib. Bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, “fövqəladə dövlət xidməti”nin əməkdaşı olan Arutyunyanın kürəkəni də işdən çıxarılaraq, Qarabağı tərk edib. Görünür, qaçış prosesi sürətlənir...

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR