İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqronom qıtlığı

1307 07.11.2023 14:57 Yazarlar A A

“Əkil-vəkil quş idi,

Ağaca qonmuş idi.

Getdim onu tutmağa,

O məni tutmuş idi"

(folklorumuz yeni aranjimanda)

Bizdə vəkillər və məhkumlar hərdən ağlaşma qururlar, deyirlər ölkəmizin vəkil sayı dünya standartından geri qalır. Filan ölkədə hər on min nəfərə filan qədər vəkil düşür, behman ölkədə nə bilim qədər - nəsə, uzun temadır, başınızı ağrıtmaq istəmirəm, heç bunun yüksək bir mənası-zadı da yoxdur. Ümumiyətlə, hazırkı dünyada məna axtaran adamın başı xarabdır. Yaşamaq lazımdır. Pul qazanmaq lazımdır. Mənanı sonra da yapışdırmaq olur. Puluna minnət.

Nəsə, mövzudan uzaqlaşmayaq, mövzumuz Paşinyandır... Zarafat edirəm, qorxmayın. Paşinyanın artıq bir mövzu olaraq cındırı çıxıbdır. Görünür, nəsə təzə tema tapmalı olacağıq.

Yenə kor atı minib, Köndələn aşağı çapdıq... Mövzu hüquqşünas qıtlığıdır. Lakin qəribədir ki, təzəlikcə büdcə müzakirələri zamanı əmək naziri aqronomların sayının az olduğunu söylədi. Sitat: “Ölkədə universitetlər ehtiyacdan çox sayda hüquqşünas yetişdirir. Amma aqronom sayımız ehtiyaclarımızdan daha azdır”. Sitatın sonu.

Belə çıxır hüquqşünas istehsalı yaxşıdır, lakin onları vəkil olmağa qoymurlar. Ya da özləri vəkil olmaq istəmir. Çünki bu iş müəyyən dərəcədə perspektivsiz fəaliyət növünə çevrilmişdir (bu haqda az sonra).

Aqronom, xüsusilə bitkilərdən yaxşı baş çıxaran mütəxəssis qıtlığı fikriylə razıyam. Bizdə sovet dövründə bitkiçilik elmi sırf korrupsiya məkanı idi. Bir nəfər oranı inhisara almışdı, taxıl sortları yetişdirmək adıyla. Gəncədəki kənd təsərrüfatı institutu sırf rüşvətxorluq mərkəzi idi. Kənd yerində beş-on dana satıb hərə oradan uşağına bir saxta diplom əldə edirdi. Soxulcanla badımcanın, göbələklə dümbələyin fərqini bilməyənlər o “ali məktəbi” bitirib regionlarımızın canına daraşırdılar.

Ancaq ortaya bir sual da çıxır ki, adam həkimi, heyvan həkimi sahəsində guya hansı böyük uğurlarımız var, bitki həkimlərindən də yarıyaq? Ona görə bu mənasız (yenə məna) müzakirəyə nöqtə qoyuram. Gəlin sizə duzlu-məzəli, lakin olmuş hadisəni nəql edim. Mən də xəbərlərdən oxumuşam, çoxlu gülmüşəm. Hərçənd kədərli hadisədir - başına gələn üçün.

Demək, “Xural TV” Yutub kanalını işlədən Əvəz Zeynallının məhkəməsi gedir. Onu polad zavodunun direktoru Rasim müəllimdən rüşvət almaqda suçlayırlar. Hərçənd Rasim müəllim özü də başqa ittihamla çoxdan türməyə basılmışdır, lakin mövzunu çox dərinləşdirməyək, içində batarıq.

Bu yaxında Zeynallı məhkəmədə Rasim müəllimlə üzləşəndə onu və prokuroru acılayıb. O səbəbdən hakim qərar çıxarıb ki, indən belə iclaslar Zeynallı olmadan keçirilsin. Yəni müttəhimə bir quş. Sonra vəkillər də deyiblər ta bizim burda nə işimiz var, əgər müdafiə elədiyimiz adam məhkəməyə gətirilmirsə. Beləcə, vəkillərə də bir quş. Ortada nə qalıb? Tamaşaçılar. Onlardan biri növbəti iclasda hakimə nəsə deyib, hakim buna da bir quş qoyub - zaldan çıxarıb. Qalan tamaşaçılar həmrəylik əlaməti üçün salonu tərk ediblər. Külli tamaşaçılara quş qoyuldumu? Hə, indi Əvəz Zeynallının məhkəməsi adlı o tragikomediya hakim, zərərçəkən və prokurorun iştirakı ilə keçirilir. Bir növ, əski zamanlardakı “troyka” - üçlük məhkəməsi fason hadisə yaranır.

Ancaq 3 tərəf də çox deyilmi? Bizə aqronomlar lazımdır, sən isə orada armatur zavodu müdirinin şikayəti üçün bir sürü adamı avara eləyirsən... Təklif edirəm növbəti iclaslara prokuror yoldaş da qatılmasın. Qalsın zərərçəkən və hakim.

Zərərçəkənin artıq türmədə yatdığını nəzərə alsaq, işi hakim təkbaşına da idarə edə bilər.

Sovet vaxtı buna görə pambıq planı artıqlamasıyla yerinə yetirdi. İndi isə pambıq tarlada tökülüb qalıb, yığan yoxdur. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR