“Anamın ən böyük arzusu mənim həkim olmağım idi. Ancaq tibbə marağım yox idi. Buna görə də onun bu istəyini reallaşdıra bilmədim”.
Bunu Musavat.com-a açıqlamasında mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər deyib.

O bildirib ki, hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alır:
“Dərslərim yaxşıdır, hər hansı problemim yoxdur. Əslində aktrisa olmaq istəyirdim. Amma ailəm bu peşənin çətinliyini nəzərə alaraq buna razı olmadı. Mənim məqsədim isə göz önündə olmaq, televiziyada çalışmaqdır. Bu səbəbdən fikrimi dəyişərək jurnalist peşəsini seçdim. Bu sahəni çox sevirəm və gələcəkdə televiziya aparıcısı olacağam. Anam arzumun arxasınca getdiyim üçün çox sevinərdi. O, mənim ali təhsilli olmağımı çox istəyirdi”.
Gövhər hazırda “Kubinka” adlanan ərazidəki evdə yaşadığını da deyib:
“Nənəm vəfat etdikdən sonra xalamın himayəsində idim. Təəssüf ki, xalam da ötən ilin avqustunda dünyasını dəyişdi. Hazırda xalamın həyat yoldaşı və uşaqları ilə birlikdə yaşayıram”.
Qeyd edək ki, Əməkdar artist Xanım Qafarova uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 2014-cü ildə vəfat edib.
Şahanə Rəhimli
Musavat.com






