İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikanın “Qafqaz canişini” İrəvanda - bir illik nəticəsiz fəaliyyət...

735 10.01.2024 12:12 Siyasət A A

Son iki ay ərzində Azərbaycana qarşı nümayiş etdirdikləri qərəzli mövqedən sonra Birləşmiş Ştatların səmimiyyətinə necə inanmaq olar?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. Bu barədə Ermənistan Təhlükəsizlik Şurası xəbər yayıb. Görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi müzakirə olunub. Tərəflər son danışıqlara və bu çərçivədə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə toxunublar. Qriqoryan Ermənistanın regionda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olmasına sadiq olduğunu deyib. 

Lui Bononu ötən ilin fevralında Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib. Onun vəzifələrinə Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləyişini və Rusiyanın Gürcüstanın suveren ərazisinin iyirmi faizinin davam edən işğalını həll etmək daxildir.  Amma son bir ildə ABŞ rəsmisinin uğurlu diplomatiya apardığını demək də olmur. Əgər ötən il Vaşinqtonda xarici işlər nazirlərinin görüşlərini nəzərə almasaq, Bononun xüsusi uğuru haqda danışmaq mümkün deyil. Budəfəki səfərin məqsədləri haqda bilgi yoxdur, onun Bakıya gəlib-gəlməyəcəyi də bilinmir.

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Amerikanın Azərbaycanın siyasətini qəbullana bilmədiyini qeyd etdi: “Amerika Birləşmiş Ştatlarının Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətindəki səylərini ilk baxışda müsbət dəyərləndirməliyik. Lakin biz Birləşmiş Ştatların Azərbaycanın bölgədə tərəfsiz, müstəqil və balanslaşdırılmış siyasət yürütməsini həzm edə bilmədiyinin şahidiyik. Belə bir münasibəti gördükdən sonra Azərbaycan hökuməti sülh müqaviləsi ilə bağlı Birləşmiş Ştatların göstərdiyi cəhdlərin səmimiyyətinə necə inana bilər? Baxın, son iki ay ərzində ABŞ rəsmiləri Azərbaycanın ünvanına iki dəfə yanlış bəyanatlarla çıxış etdilər. İlk öncə keçən ilin noyabr ayının ortalarında Birləşmiş Ştatların Dövlət katibinin köməkçisi  ABŞ Konqresinin Nümayəndələr Palatasında çıxışı zamanı Azərbaycanın ünvanına sərsəm fikirlər səsləndirmişdi.

Dövlət katibi köməkçisinin ünvanımıza səsləndirdiyi böhtan xarakterli fikirlərdən sonra Entoni Blinken Azərbaycan Prezidentinə zəng edib bu yanlışı düzəltmək üçün cəhd göstərdi. Və demək olar ki, köməkçisinin yanlışlarından sonra iki ölkə arasında yaranmış gərginliyi aradan qaldıra bildi.  Lakin az keçməmiş Birləşmiş Ştatların dövlət katibinin özü Azərbaycanın ünvanına yanlış fikirlər söyləyərək onu dini azadlıqların boğulmasında ittiham etdi. Məgər Bilinken bilmirdi ki, Dövlət Departamentinin illik hesabatını hazırlayan şəxs erməni əsillidir və erməni əsilli birisi Azərbaycana qarşı yalnız qərəzli mövqedən çıxış edə bilər? Kim deyə bilər ki, Blinken Azərbaycanda dini azadlıqların hansı səviyyədə olduğundan xəbərsizdir? Yəhudi əsilli dövlət katibinin ən azından Azərbaycanda yəhudilərin həyat tərzindən, onların dini azadlıqlarının bu məmləkətdə necə qorunmasından xəbəri olmamış deyil. 

Son iki ay ərzində Azərbaycana qarşı nümayiş etdirdikləri qərəzli mövqedən sonra Birləşmiş Ştatların səmimiyyətinə necə inanmaq olar? Azərbaycana qarşı bu və ya digər yersiz, əsassız motivlərə söykənərək sərgilənən qərəzli mövqeyin körükçüsünün ABŞ-da lövbər salmış erməni icmasının, erməni lobbisinin olduğunu bildikdən sonra biz Birləşmiş Ştatların sülh müqaviləsi ətrafındakı çabalarını səmimi hesab edə bilərikmi? Ona görə bizi Qərbin və ilk növbədə ABŞ-ın vasitəçiliyi ilə sülh müqaviləsinin bağlanmasına səsləyənlər bu deyilənləri diqqətdən qaçırmasınlar. ABŞ-a bu bölgədə nə Ermənistan, nə də Azərbaycan lazım deyil. ABŞ bu bölgədə özünün iqtisadi maraqlarını reallaşdırmaq istəyir.  O ki qaldı sülh müqaviləsinə, onun Ermənistanla Azərbaycan arasında heç bir vasitəçi olmadan bağlanması ən yaxşı seçim olacaq və bütün hadisələr də məhz buna aparır.

ABŞ rəsmilərinin guya Rusiyanın Birləşmiş Ştatların sülh müqaviləsi ilə bağlı səylərinə maneçilik törətməməsi ilə bağlı bəyanatları da yanlışdır. Əgər Rusiya Birləşmiş Ştatların açıq-aşkar onu Cənubi Qafqazdan vurub çıxartmaq üçün dəridən-qabıqdan çıxdığını görürsə, o halda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin ABŞ-ın vasitəçiliyi ilə bağlanmasına necə göz yuma bilər? Bir sözlə, Rusiya Cənubi Qafqazdan çıxmağa az qala özünün ölüm-dirim məsələsi kimi baxırsa, o halda sülh müqaviləsinin bağlanmasındakı rolunu Birləşmiş Ştatlara güzəştə gedərmi?"

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov hesab edir ki, Rusiyanın təsiri regionda hələ də güclüdür: “Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistan üzərində parlaq qələbəsindən sonra keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli məsuliyyətini üzərinə götürən, lakin heç bir uğur qazanmayan ATƏT-in Minsk Qrupuna son qoyuldu. Bununla da qrupun həmsədrləri də ”işsiz" qaldılar. ABŞ, Rusiya və Fransa hansısa formatda həmsədrlik institutunu bərpa etmək istəsələr də alınmadı. Nəticədə hər üç dövlət başqa ad altında nümayəndə təyin etdi. Həmin nümayəndələrin fəaliyyətləri də uğur qazanmadı. Çünki Bakı haqlı olaraq kənar oyunçuların müdaxiləsini və yaxud vasitəçiliyini qəbul etmədi. Göründüyü kimi, ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində səyləri də hələ ki qənaətbəxş sayıla bilməz. Niyə? Əvvəla ona görə ki, Moskvanın təsiri regionda tam zəifləməyib və prosesləri demək olar ki, nəzarətində saxlaya bilir. İkincisi isə Vaşinqton Ermənistan-Azərbaycan məsələlərinə, ümumilikdə isə region dövlətlərinə ədalətli, obyektiv və neytral münasibət sərgiləmir. Biz bunu Azərbaycana münasibətdə daha qabarıq görürük. Birləşmiş Ştatların Bakıya davamlı basqısı, qərəzli yanaşması nəticə etibarı ilə sülh və təhlükəsizliklə bağlı mürəkkəb situasiya yaradır. Belə bir vəziyyət isə Rusiyanın xeyirinədir. ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanın dini etiqad azadlığının pozulduğu ölkələrin “izləmə siyahısına” daxil edilməsi təkcə növbəti qərəzin bariz nümunəsi deyil, həm də iftiradır. Belə yanaşmalar təbii olaraq təkcə Azərbaycanla ABŞ arasında soyuqluğa səbəb olmur, eyni zamanda Ermənistanla Azərbaycan arasında Vaşinqtonun təşəbbüslərinə və sülhyaratma planlarına ciddi maneələr yaradır. Aydındır ki, Lui Bononun İrəvan səfərində apardığı danışıqların uğurlu nəticəsi Birləşmiş Ştatların Azərbaycana sərgilənən münasibətlərindən birbaşa asılıdır. Odur ki, onun Bakı ilə də dil tapması mütləq lazımdır. Rusiyanın ABŞ tərəfindən Azərbaycanla Ermənistan arasında zəruri hesab edilən diplomatik səylərinin həyata keçirilməsinə mane olmamaq barədə səsləndirilən fikirlərə gəlincə isə, mən fərqli düşüncədəyəm. Fikrimcə, bu səylərə ilk növbədə ABŞ-ın düzgün olmayan siyasəti mane olur. Eyni zamanda hesab etmirəm ki, Moskva Qərbin regionda mövcudluğuna seyrçi qalacaq. Azərbaycan region uğrunda rəqabət və mübarizədə maraqlarını qorumaqda davam etməlidir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR