İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı investor və iş adamı: “Fantastik Azərbaycan” dövrü başlayır -MÜSAHİBƏ

2373 25.12.2022 03:50 İqtisadiyyat A A

Dünyanın qabaqcıl ölkələrində baş verən rəqəmsallaşma prosesləri Azərbaycandan da yan keçmir. Bu istiqamətdə bir sıra böyük layihələr həyata keçirilir və əminliklə demək olar ki, qarşıdan gələn 2023-cü ildə rəqəmsal texnologiyalardan istifadə daha da intensivləşəcək və ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradacaq.

Müsahibimiz Yan Purijanski (Jon Purizhansky) bir sıra böyük beynəlxalq işgüzar layihələrin müəllifi və rəhbəridir. İsrail və ABŞ vətəndaşıdır. İxtisasca hüquqşünasdır. Bir sıra böyük şirkətlərin səhmdarıdır. Biznes fəaliyyəti İsrail, Kanada, İngiltərə, ABŞ, Baltik və Balkan ölkələrini əhatə edir. Çoxşaxəli fəaliyyətinin bir mühüm ümumi cəhəti var: rəqəmsal texnologiyaların tətbiq edilməsi sayəsində korporativ sosial məsuliyyətin təmin olunması.

Yan Purijanski ilə görüşüb müsahibə almağı hamımızın “Rekviem”, “Pəncərə”, “Batmış gəminin mahnısı”, “Neylərəm” və digər musiqi əsərlərinin müəllifi kimi tanıdığımız bəstəkar-şair Rasim Müzəffərli təşkil etdi. Rasim müəllimin naşir, fəlsəfəçi-alim və bir vaxtlar hətta bankir olduğunu da bilirdim. İnformasiya texnologiyaları sahəsində bir sıra innovativ layihələr üzərində artıq 20 ildir çalışdığı isə mənim üçün tam sürpriz oldu. Amma yəqin ki, bu, ayrıca söhbətin mövzusudur...

Beləliklə, FED.AZ-ın qonağı İsrail-Amerika hüquqşünası, iş adamı və investor Yan Purijanski ilə söhbətə onun xoş niyyətinin səbəbi haqda soruşmaqla başlayırıq.

- Cənab Purijanski, necə oldu ki, Azərbaycana gəlmək və burada iş qurmaq qərarına gəldiniz?

- Həyat yoldaşım Bakıda anadan olmuş yahudi əsilli azərbaycanlıdır. Burada qohumlarımız, dostlarımız var. Odur ki, Bakı ilə daim əlaqəmiz olub, Azərbaycanda baş verən proseslərlə həmişə maraqlanmışıq, uğurlarınıza, xüsusən iki il əvvəlki Böyük Zəfərə biz də ürəkdən sevinmişik. Dostlarımın dəvətilə bu il iki dəfə Bakıda oldum və özümü doğma və əziz bir yerdəki kimi çox rahat və xoşhal hiss etdim.

Digər tərəfdən, dünyanın bir çox ölkələrində iqtisadi-maliyyə böhranları yaşandığı bir məqamda, Azərbaycanda böyük inkişaf baş verdiyinin, xüsusən də Zəfərdən sonra, münbit investisiya mühitinin yaranmasının şahidi oldum. Biznes tərəfdaşlarımla, iş yoldaşlarımla məsləhətləşdik və belə qənaətə gəldik ki, ən son rəqəmsal texnologiyaların Azərbaycanda geniş tətbiq olunması sahəsində buraya investisiyaların cəlb olunmasında faydalı və səmərəli fəaliyyət göstərə bilərik. İlkin olaraq, “CrediVault” və “Joblio” şirkətlərini, daha sonra isə sıx əməkdaşlıq etdiyim və Azərbaycanda səmərəli çalışa biləcək bir sıra digər şirkətləri də Azərbaycana gətirməyi düşünürəm. 

- Adlarını çəkdiyiniz bu şirkətlərin fəaliyyət istiqamətləri nədən ibarətdir? 

“CrediVault” – innovasiyalar, süni intelekt, yeni rəqəmsal texnologiyalar və həllər sahəsində ixtisaslaşmış beynəlxalq şirkətdir. 70-dən çox yüksək ixtisaslı proqramçılardan ibarət komandamız var. Əsas məhsulumuz CrediVault adlanan təhlükəsiz blokçeyn platformasıdır. Onun tətbiq olunması həm mövcud texnoloji sistemlərdən daha ucuz başa gəlir, həm informasiya təhlükəsizliyini, şəffaflığı və istifadəçi hüquqlarının qorunmasını təmin edir, həm də texnoloji firildaqların və dələduzluqların qarşısını alır. Konseptual olaraq, CrediVault platforması – hər bir insanın həyatında doğumdan ölümə qədər baş verən bütün mühüm hadisələrin, blokçeyn texnologiyası əsasında sistemli şəkildə yazılaraq, rəqəmsallaşması və bu hadisələrin dəyişməz, şəffaf və əbədi bir reyestrə çevrilməsi deməkdir.

Azərbaycanın Cənubi Qafqazda və bütövlükdə regionda ənənəvi güc mərkəzi olmasını və Prezident İlham Əliyevin ölkə iqtisadiyyatını sürətləndirmək üçün rəqəmsal transformasiyaya xüsusi diqqət göstərməsini nəzərə alsaq, Azərbaycan CrediVault-un genişlənməsi üçün mükəmməl yerdir. Dünyada əsas maliyyə və texnoloji mərkəzlərdən biri kimi ölkənin önə çıxmaq imkanı var və biz bu işdə ona kömək edəcəyik. 

“Joblio” şirkəti isə əmək miqrasiyası sahəsində fəaliyyət göstərir. Biz müxtəlif peşə sahiblərinə xaricdə qısa və orta müddətli iş təklif edirik. Böyük korporasiyalarla əməkdaşlıq etdiyimizə görə, iş üçün müraciət edənlərə pulsuz xidmət göstəririk, öncədən heç bir ödəniş tələb etmirik, işçilərin sığortalı və təhlükəsiz işlə təmin olunmasını həyata keçiririk. 

- Bu sahə və şirkətlərlə bağlı Azərbaycanda hansı hədəfləriniz var? 

- Bizim beynəlxalq sənaye, maliyyə və texnologiya ekspertləri komandamız Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirməyi və rəqəmsal qeydlər üçün dünyanın ən etibarlı reyestrinə çevrilməyini hədəfləyir. Hal-hazırda Azərbaycanda da beynəlxalq komanda formalaşdırırıq. Komandamızın yüksək ixtisaslı bəzi mütəxəssisləri artıq Bakıdadırlar. Azərbaycanın rəqəmsallaşmasına, ən qabaqcıl informasiya texnologiyalarına yiyələnməsinə öz töhfəmizi vermək istəyirik. Çalışdığımız sahələrdə Azərbaycan regionda 1-ci olacaq və tam əminəm ki, ən yaxın gələcəkdə bu sahələr üzrə dünyada 10 lider ölkədən birinə çevriləcək.

- Cənab Purijanski,  Azərbaycanın 2023-cü ilini necə görürsünüz? 

- Quruculuq və yenə quruculuq! Azərbaycana gələn xarici şirkətlərin və investisiyaların əhəmiyyətli dərəcədə artacağını əminliklə demək olar. Mən 2023-cü ili “Fantastik Azərbaycan” dövrünün başlanğıcı hesab edirəm. Sizin İlham Əliyev kimi qurucu, yenilikçi və müzəffər Prezidentiniz var! Fürsətdən istifadə edib, onu doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycana və onun hər bir vətəndaşına əminamanlıq, şərəfli və bərəkətli yeni il arzulayıram. 

- Çox sağ olun. Maraqlı söhbətə, xoş arzulara görə sizə və bu söhbəti təşkil etdiyinə görə Rasim Müzəffərliyə təşəkkürümü bildirirəm. Arzu edirəm ki, 2023-cü il həm də rəqəmsal texnologiyaların İsrail-Amerika-Azərbaycan ortaq tətbiqi ili olsun.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR