İnsanlara hürriyət, millətlərə istiqlal!

Altı ölkənin Rusiyanın Gürcüstandan çıxmaq tələbi - bölgə “qaynayır”

1531 14.08.2023 20:23 Siyasət A A

BMT Təhlükəsizlik Şurasının altı üzvü – ABŞ, Böyük Britaniya, Fransa, Albaniya, Yaponiya və Malta Rusiyadan Cənubi Osetiya və Abxaziyanı Gürcüstana qaytarmağı tələb edir. Sənədə imza atan ölkələr Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini, ərazi bütövlüyünü, suverenliyini qətiyyətlə dəstəklədiyini diqqətə çatdırır.

Qeyd olunur ki, Rusiya Cənubi Osetiya və Abxaziyanı hələ də işğal altında saxlayır, üstəlik, təxribatlardan əl çəkmir, Gürcüstanın dəniz və hava məkanında tez-tez hərbi təlim keçirir, zəbt etdiyi əraziləri Gürcüstandan tikanlı məftillərlə, digər maneələrlə ayırmağa çalışır, yerli əhali arasında qanunsuz saxlama, adam oğurluğu metodları ilə repressiya aparır, Cənubi Osetiya və Abxaziyada yaşayan gürcülərə qarşı ayrı-seçkilik siyasəti yürüdür, bu bölgələrdə gürcü mədəni irsinə qəsdən ziyan vurur. Bəyanat müəllifləri hesab edir ki, Rusiya-Gürcüstan münaqişəsi BMT nizamnaməsinə uyğun, beynəlxalq hüquq normaları, o cümlədən ərazi bütövlüyü prinsipinin toxunulmazlığı çərçivəsində, dinc yolla həll olunmalıdır. 2008-ci il avqustun 8-də Gürcüstan hərbçiləri Cənubi Osetiyada əməliyyat keçirməyə cəhd göstərib. Rusiya Gürcüstana qoşun yeridib, avqustun 12-dək davam edən müharibədə ölkənin bir hissəsini işğal edib. Avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanı “müstəqil dövlət” kimi tanıyıb. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var. Qərb ölkələrinin bu tələbi indi irəli sürməsinin xüsusi səbəbi varmı? Rusiyaya qarşı yeni cəbhə açmaq istəyirlər, yoxsa?

CIA.AZ

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli yaranan mövcud durumda beynəlxalq aləmi birbaşa təqsirli bilir: “Qərb ölkələrinin bu tələbi indi sürməsinin xüsusi səbəbi Ukrayna-Rusiya müharibəsidir. Bununla Rusiyaya qarşı növbəti təzyiq rıçaqı əldə etmək istəyirlər. Hərbi, iqtisadi təzyiqlərlə bərabər Kremlə siyasi təsir etmə mexanizmi tətbiq olunur. Düzdür, Rusiya quru bəyanatlarla heç yerdən çıxan deyil, amma siyasi akt olaraq Moskvaya qarşı atılan addım kimi qiymətləndirilə bilinər. Bəyanatın özünə gəldikdə görə bilərik ki, bunu tərtib edənlər tam məsələdən agah deyillər. Məsələn bəyanatda deyilir ki, Cənubi Osetiya və Abxaziyada da gürcülərə qarşı ayrıseçkilik edilir. BMT Təhlükəsizlik Şurasında oturan bəylər bilməlidirlər ki, artıq 30 ildir ki kompakt şəkildə nə Osetiya, nə də Abxaziya da gürcü yaşamır. Onlar yaşadığı evlərindən didərgin salınıblar, qovulublar. Həmçinin bu cür bəyanatlar gecikmiş sayıla bilər. Vaxtında Rusiyaya qarşı lazımi təzyiqlər edilsəydi, bəlkə məsələ indiki səviyyəyə gəlib çıxmazdı. Gürcüstan müharibəsindən sonra Rusiyaya qarşı prinsipal, qəti mövqe sərgilənsəydi, bəlkə də dünyada indiki vəziyyət yaranmazdır. Gürcülər də məhz buna haqlı olaraq da apelyasiya edərək bildirirlər ki, bildirirlər ki Ukraynaya olan dəstəyi dünya onlara göstərmədi. Vaxtında Rusiyaya bu cür sanksiyalar, basqılar tətbiq edilsəydi, Ukrayna müharibəsi olmazdı. Bu rəsmi Tiflisin mövqeyidir. Razılaşıb, razılaşmamaq olar, lakin fakt odur ki, o vaxt Rusiyaya heç bir ciddi sanksiya tətbiq edilmədi, təcavüzkar ölkə təcrid edilmədi”.

Şeirlər - Tural TURAN | Edebiyyatqazeti.az

Politoloq Tural Turan hesab edir ki, Gürcüstan hazırda Qərbin hədəfinə çevrilib: “BMT Təhlükəsizlik Şurasının 6 üzvünün Gürcüstanın ərazi bütövlüyü ilə bağlı sənədə imza atmasının arxasında Rusiyaya təzyiq mexanizmlərinin gələcək formaları dayanır. İlk baxışda düşünülə bilər ki, Ukrayna savaşı fonunda Qərb BMT vasitəsilə şimal qonşumuza qarşı “ikinci cəbhə” açır. Amma bu tam mənada belə deyil. Abxaziya və Osetiya ilə bağlı sənəd əslində Rusiyaya qarşı gələcəkdə açılacaq cəbhələrin konturlarıdır. Çünki, hazırda Bidzina İvanişvilinin himayə etdiyi siyasi elita Gürcüstanda hakimiyyətdədir. Onların iqtidarı dövründə rəsmi Tiflis indiki Rusiyaya qarşı hər hansı de-fakto kampaniyada yer almayacaq. Ona görə də, Qərb Gürcüstanı Rusiyaya qarşı qaldırmaq üçün sənədli baza və “altyapı” hazırlayır. Belə bir sənədin imzalanması və gündəmə gətirilməsi onu deməyə əsas verir ki, Qərb yaxın gələcəkdə Gürcüstandakı rusmeyilli iqtidarı devirmək üçün hərəkətə keçəcək. Ən azından buna cəhdlər göstərəcək. Hətta həbsdə olan keçmiş prezident Mixail Saakaşvilinin məhbəsdə öləcəyi təqdirdə Tiflisi daha ağır sanksiyalar, hədə və təzyiq dili gözləyir. Hətta deyərdim ki, Saakaşvilinin indiki məqamda həbsdə ölməsi hamıdan çox Qərbin, ABŞ və tərəfdarlarının işinə yarayacaq. Ermənistandan sonra Qərb Gürcüstanda da çevrilişə hazırlaşır. Bu isə Kremlin Cənubi Qafqazdan sıxışdırılması anlamına gəlir. Qərb üçüncü dünya müharibəsi riskini gözə almamaq üçün keçmiş MDB ölkələri vasitəsilə Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışacaq. İlk növbədə, GUAM ölkələri hədəf taxtasına çəkiləcək. Ukrayna artıq “iliyi vurulmuş qurban” kimi çabalamaqdadır, Qərblə Rusiya arasında de-fakto plasdarma çevrilib. İndi növbə Moldova və Gürcüstanındır. “Sorosçu”lar Gürcüstanda çevriliş missiyasını gerçəkləşdirə bilsələr, o zaman Tiflis də Moskvaya qarşı daha sərt mövqe tutmağa başlayacaq. Hətta növbəti mərhələlərdə Abxaziya və Cənubi Osetiyanın da Ukraynadan sonra plasdarma çevrilməsi mümkündür. Qərbin Rusiyaya qarşı sonuncu “açıq kart”ı isə Azərbaycandır. Qlobal güclər yaxşı başa düşürlər ki, Azərbaycanı Rusiyaya qarşı qoymağın yeganə yolu Qarabağ müzakirələrindən keçir. Əgər Qərb Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsinə nail olsa, o zaman rusiyalı sülhməramlıların Qarabağdakı missiyası da bitəcək. Belə olan halda Azərbaycanın Rusiyadan asılılığı da qalmayacaq. Amma rəsmi Bakı Ankara ilə müttəfiq olduğu üçün Qərbin hər istədiyini də yerinə yetirməyəcək. Çünki, ortada iki qardaş dövlətin birgə maraqları məsələsi də var. Rusiyaya qarşı ikinci cəbhənin ilk dosyesini GUAM ölkələri təşkil edir. İkinci dosyedə isə Orta Asiyadakı türk dövlətləri və Tacikistan var. Qərb ikinci həmləsi ilə Avrasiya Gömrük İttifaqını və “Rusiya NATO-su” adlanan KTMT-ni süquta uğradaraq Kremlin Orta Asiya bağlantılarını tamamilə kəsmək istəyir. Yenə deyirəm, bu uzunmüddətli və olduqca mürəkkəb kombinasiyalı bir ssenaridir. Yaxın bir-iki il ərzində gerçəkləşməsi elə də real görünmür”.

Paşinyan separatçıları Rusiyanın "qucağına" itələyir

Siyasi analitik Asif Nərimanlı burada iki səbəb görür: “Cənubi Osetiya və Abxaziya məsələsinin yenidən gündəmə gəlməsinin birdən çox səbəbi var. Birincisi, Rusiyanın Ukrayna müharibəsi fonunda digər bölgələrdə atacağı addımlarla bağlıdır. Cənubi Osetiya və Abxaziyanın Rusiyaya birləşdirilməsi gözləntiləri var. Ukrayna cəbhəsində istədiyinə nail ola bilməyən Moskva bu addımı ata bilər, hətta 2024-cü ilə qədər, yəni Rusiyada prezident seçkilərinə qədər bunun baş verməsi istisna deyil. Mümkündür ki, Qərbdə bu ssenariyə qarşı hazırlıq görülür, həmçinin, belə bəyanatlarla Moskvanı çəkindirməyə çalışırlar. İkincisi, Rusiyaya qarşı əlavə cəbhələrin açılması məsələsi də burada rol oynayır. Ukrayna müharibəsindən sonra Gürcüstan üzərindən ikinci cəbhənin açılması aktual idi, lakin rəsmi Tiflis buna getmədi. Mümkündür ki, Abxaziya və Cənubi Osetiya məsələsini yenidən aktuallaşdırmaqla Gürcüstanı Rusiyaya qarşı cəbhənin açılmasına razı salmağa çalışırlar”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR