İnsanlara hürriyət, millətlərə istiqlal!

Altı ay həm də yarım il deməkdir: Ukrayna bu qışı da duruş gətirsə... (TƏHLİL)

1045 27.08.2022 12:35 Yazarlar A A

Əslində bizim öz doğma Azərbaycanımızda o qədər maraqlı və önəmli hadisələr baş verir ki, heç Ukrayna – Rusiya müharibəsi haqqında düşünməyə əsas belə qalmır. Bəli, söhbət ilk növbədə Laçının və Laçın dəhlizinin Azərbaycana qaytarılmasından gedir.

Əlbəttə, hələ qarşıda Zəngəzur dəhlizi kimi bir məsələ durur. Bu məsələ ona görə vacibdir ki, hər şey, o cümlədən də dəhlizlər simmetrik olmalıdır – Azərbaycan əgər öz ərazisindən Ermənistana dəhliz verirsə, Ermənistan da bunu etməlidir.

Amma İrəvan bunu yubadır və Tehran da ona qoşularaq məsələni qəlizləşdirir. Amma rəsmi Bakı bu məsələdə çox qərarlıdır və güman ki, onun qətiyyyəti yaxın vaxtlarda Zəngəzur dəhlizi məsələsini də həll edəcək.

O ki qaldı Ukrayna məsələsinə, buna iki aspektdən yanaşmaq olar. Birincisi, məsələyə gənc ölkəyə böyük bir dövlətin ədalətsiz təcavüzü kimi baxmaq olar – Ukraynanın şəhərləri və kəndləri dağılır, insanları öz ölkələrindən qaçqın və didərgin düşür.

İkincisi, buna Rusiyanın postsovet məkanını qaytarmaq cəhdi kimi də baxmaq olar.

Bir vaxtlar ABŞ politoloqu Zbiqnev Bjezinski yazırdı ki, Ukraynasız Rusiyanın imperiya ambisiyaları puç və mənasızdır. Görünür, Kremldə də bunu anlayırlar və elə bu səbəbdən də Ukraynaya qarşı müharibəyə başladılar...

Altı ay ərzində Ukrayna ərazisizinin iyirmi faizini işğal ediblər. Demirik ki, bu, azdır və ya çoxdur. Bircə onu bilirik ki, müharibə bu il bitməyəcək və onun gedişində həlledici dövr qarşıdan gələn qış olacaq.
Ukrayna bu qışı da duruş gətirsə, onda demək mümkün olacaq ki, bəli, bu ölkə Rusiyanın boğazında bir sümük və yaxud da ikinci Əfqanıstan olacaq. Amma indidən onu demək olar ki, ukraynalıların özlərinin etirafına görə, müharibədə Moskvanın daha bir müttəfiqi var və bu da qışdır. Odur ki, Ukraynanı da böyük sınaq gözləyir.

Qayıdaq postsovet məsələsinə. Biz daim yazmışıq ki, Moskva Ukrayna ilə savaşda qalib gəlsə, digər ölkələrçün çətin olacaq. Oxucu etiraz edib deyə bilər ki, çətinliklə olsa da, Dağlıq Qarabağda irəliləyiş müşahidə olunur və yazının əvvəlində qeyd etdiyimiz kimi, elə bu günlərdə Laçın və Laçın dəhlizi Azərbaycana qayıtdı!

Bütün bunlar düzdür və bu məqamlar üç tərəfli razılaşmada nəzərdə tutulmuşdu və onlar Rusiyanın maraq və məqsədləri üçün elə bir problem yaratmır. Əsas məsələ budur ki, onun hərbçiləri Dağlıq Qarabağda yerləşib və Rusiya bir növ özünü qabaqcadan sığortalayıb.

Sözsüz ki, postsovet ölkələri də özlərini sığortalamağa çalışırlar. Bunu hətta Mərkəzi Asiya ölkələri edir. Özbəkistan və Qazaxıstan Azərbaycan və Türkiyə ilə əlaqələrini sıxlaşdırmağa çalışır. Hiss olunur ki, Rusiyaya qarşı sanksiyalar uzunmüddətli olarsa, trans-Xəzər marşrutu reallaşacaq – ona görə ki, Mərkəsi Asiya ölkələrinin başqa bir alternativi yoxdur və onlar Moskva ilə birlikdə Rusiyaya qarşı sanksiyaların ağırlığını çəkmək və ya bu çətinlikləri bölüşmək niyyətində deyillər...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR