Almaniya üçün Alternativ (AfD) Partiyasının lideri Alisa Vaydel Qərbin selektiv yanaşmasını sərt tənqid edib.
Musavat.com xəbər verir ki, Vaydel Putinin beynəlxalq hüququ pozduğunu illərdir dilə gətirən çevrələrin ABŞ prezidenti Donald Trampın Venesuela və Qrenlandiya ilə bağlı addımları fonunda susmasını “ikiüzlü səssizlik” adlandırıb.
AfD liderinin sözlərinə görə, suverenliyin pozulmasına münasibətdə eyni meyarlar tətbiq olunmur:
“İllərdir Putinin beynəlxalq hüququ pozduğunu deyib etiraz edənlər Tramp Venesuela və Qrenlandiya məsələsində eyni şeyi etdikdə susurlar. Suverenliyin pozulması qarşısında bu ikiüzlü səssizlik diqqətçəkicidir”.
Alisa Vaydel hesab edir ki, beynəlxalq hüquq prinsipləri yalnız siyasi maraqlara uyğun gəldikdə xatırlanır və bu, Qərbin iddia etdiyi dəyərlərin inandırıcılığına ciddi zərbə vurur.
AfD liderinin bu çıxışı Almaniya ictimaiyyətində və Avropa siyasi dairələrində geniş müzakirələrə səbəb olub.
Musavat.com






