İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-nin İrəvanı silahlandırmaqdan imtinasının səbəbləri

785 07.07.2023 09:58 Siyasət A A

Ermənistan qurumun hərbi yardım ayırmamasından şikayətlənib; KTMT üzvü olan ölkənin təhlükəsizliyi üçün Aİ-dən silah istəməsi yalnız riyakarlıqdır

Avropa İttifaqı (Aİ) Ermənistana qurumun tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan hərbi yardım göstərməkdən imtina edib. “Yeni Müsavat” “AzadlıqRadiosu”nun erməni xidmətinə istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Simonyan Varşavaya səfəri zamanı Polşa Prezidenti Andjey Duda ilə görüşərkən Aİ-nin imtinasından şikayətlənib. O, Dudaya bildirib ki, Ermənistan hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) “texniki yardım” istəyib. “Bu mexanizm vasitəsilə Aİ Ukrayna, Moldova və Gürcüstana yardım ayırır. Təəssüf ki, Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, habelə "münaqişə həssaslığı" məsələsi əsas gətirilərək Ermənistanın müraciəti rədd edilib. Bir daha demək istəyirəm ki, söhbət Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş texniki yardımdan gedir", - Simonyan əlavə edib.

Aİ-nin 8 milyard avro dəyərindəki “Avropa Sülh Fondu” 2020-ci təsis edilib. Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasəti çərçivəsində 8 milyard avroluq büdcədənkənar “Avropa Sülh Fondu” yaradılmasını təklif edib. Bu fondun fəaliyyəti yeddi illik (2021-2027) nəzərdə tutulub. Son olaraq Aİ “Sülh Fondu” çərçivəsində Ukraynaya sursat alınması üçün 1 milyard avro ayrılmasını təsdiqləyib. Aİ Ermənistana bir neçə il əvvəl 2.4 milyard avro ayırıb, Azərbaycanla sərhəd ərazilərinə 2 il müddətinə mülki missiya göndərib ki, bunun da xərcini öz üzərinə götürüb. Aİ çox gözəl anlayır ki, iqtisadiyyatının aparıcı sahələri Rusiyanın təsiri altında olan Ermənistanın hakimiyyəti islahatlar sahəsində öz nailiyyətlərini şişirdərək Avropa İttifaqından həmişə olduğu kimi, yenə müəyyən imtiyazlar və pul əldə etmək istəyir. KTMT üzvü olan İrəvanın təhlükəsizliyi üçün Aİ-dən silah almaq niyyəti də yalnız hiyləgər gedişdir.

Onu da demək lazımdır ki, 44 günlük müharibədən sonra Azərbaycanın bölgədə dəyişmiş olduğu siyasi konyuktura Aİ ilə olan əlaqələrdə də yeni səhifə açıb. Artıq regionda Azərbaycanın ərazi bütövlüyünü öz gücü hesabına təmin etməsi və maraqlarını artıq diktə edən dövlətə çevirməsi əlaqələrin formatına dəyişiklik gətirib. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı kimi qalır, üzv dövlətlərin 1700-dən çox şirkətinin ölkəmizdə fəaliyyət göstərməsi Ermənistanın müvafiq statistikası ilə müqayisədə çox yüksəkdir. Ötən ilin iyulunda Bakı ilə Avropa İttifaqı arasında enerji memorandumu imzalanması da Ermənistanda bəzi dairələri qıcıqlandırmışdı. Aİ-nin ənənəvi maraqlarının “neft və qaza qurban verdiyi” ittihamları səslənmişdi. Gözlənilir ki, Aİ-nin son qərarı da İrəvanda ciddi narazılıq doğuracaq. Rusiya da təbii ki, Aİ-İrəvan gərginliyindən öz maraqları çərçivəsində istifadə etməyə çalışacaq. Qərbin Ermənistana “yox” deməsinin başqa hansı səbəbləri ola bilər? İrəvan niyə silahlanmaq arzusundadır? Yenə müharibə istəyirlər? Doğrudanmı, revanş olacağına inanıblar? Üstəlik, nə üçün Avropa Birliyi sülhə yox, savaşa xidmət edən bir yardımı ayırmalıdır ki?

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli bir sıra səbəblər olduğunu bildirdi. O, “Yeni Müsavat”a qeyd etdi ki, əvvəla, Ermənistanda rus hərbi bazası var: “Ukrayna müharibəsi fonunda Qərb Rusiyanın hərbi potensialına bədəldir. Avropa Birliyi Rusiyanın təsir zonasına nəyə görə hərbi yardım etməlidirlər ki? Bu, Rusiyanın gücünə güc qatmış olar”.

Natiq Cəfərli: “Jurnalist ordan-burdan pul alırsa, özünü reket kimi  aparırsa...” Pravda.az

Natiq Cəfərli

N.Cəfərlinin sözlərinə görə, siyasi səbəb ondan ibarətdir ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı var: “Həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər Ermənistanla müqayisə olunmayacaq dərəcədə yüksək səviyyədədir. Avropa İttifaqı Bakını qıcaqlandıra biləcək addımlar atmaqdan çəkinir. Çünki enerji təminatında, qaz ixracında mühüm rol oynamaqdayıq. Ötən il Avropaya 10 milyard kub metr qaz ixrac etmişik, artıq 21 milyard kuba çatdırılması nəzərdə tutulur. Üstəgəl, Ermənistan humanitar dəstək ala bilər. Onsuz da Avropa Birliyi həm İrəvana, həm Bakıya vəsait ayırıb. Ona görə Simonyanın şikayətlənməsinin heç bir əsası yoxdur”.

Siyasi təhlilçi Fuad Əliyev bu qərarın Ermənistandakı müxalifətin Qərbi tənqid etməsinə bəhanə verdiyini söylədi: “Bu da kəmfürsətcillikdir. Avropa Birliyi Gürcüstan, Moldova və Ukraynaya ona görə yardım edir ki, onların əraziləri işğal edilib, separatizm hökm sürür, Rusiya ilə müharibə şəraitindədirlər. Ermənistanın hansı ərazisi işğal edilib? Bu ölkə hələ də Rusiya ilə birlik nümayiş etdirir, sanksiyalardan yayınmaqda İrəvan kömək edir. Ona görə Ermənistanın Moldovadan, Ukraynadan böyük fərqi var. Habelə Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edirsə, Avropa İttifaqı hansı məqsədlə ermənilərin silah almasına kömək etməlidir?”

Ekspert Aİ deyil, amma ABŞ-ın İrəvana təhlükəsizlik sahəsində dəstək verməyə hazır olduğunu güman edir: “Amma şərtlər var. Birincisi, rus hərbçiləri sərhədlərdən getməlidir, sonra Gümrüdən və Erebunidən bazalar yığışdırılmalıdır, ardınca Ermənistan KTMT üzvlüyündən çıxmalıdır, NATO ilə əməkdaşlığı gücləndirməlidir. Bunları sürətli şəkildə edə bilməzlər. O zaman Paşinyanın siyasi intiharı olar. O yaxşı bilir ki, hərbi çevriliş asan olacaq. Odur ki, bu addımları atmağa qorxur. Lakin Avropa İttifaqından giley-güzar etmək, silah almağa yardım istəmək əsassızdır. Təbii ki, burada Azərbaycanla əlaqələr də mühümdür. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Bakıda sənəd imzaladı, Ukrayna müharibəsi kontekstində rus enerji məhsullarından asılılığın azaldılması üçün Azərbaycan önəmli bazardır. Eyni zamanda Mişel sülh sazişi ilə bağlı moderatorluq edir. Bu ay yenidən Əliyevlə Paşinyan Brüsseldə görüşəcəklər. Bütün bu səbəblər olduğu halda, Avropa İttifaqı bizi küsdürmək istəməz”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR