İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-nin Bakı nümayəndəliyindəki bir milyonluq mənimsəmənin pərdəarxası - məhkəmə işi

892 07.12.2023 14:14 Siyasət A A

Vəkil Cozep Borelə məktub yazdı; “İttihamlar əslində Zərifə Abbasovaya deyil, nümayəndəliyin rəhbərlərinə verilməli idi, zəif görüb bütün günahı qadının üstünə yıxırlar”

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimin vəkili Əlövsət Abbasovun verdiyi vəsatətlər təmin olunmur. Bu isə nəticə etibarı ilə həqiqətin üzə çıxmasına ciddi əngəllə çevrilib, iş üzrə obyektiv və ədalətli hökmün çıxarılacağına indidən ciddi şübhələr var.  

“Yeni Müsavat”ın əməkdaşı müttəhim Zemfira Abbasovanın vəkili Əlövsət Abbasova bu qalmaqallı cinayət işi ilə bağlı suallar ünvanlayıb. Əlövsət Abbasov deyib ki, ittihama görə, Z.Abbasova 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə kimi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mühasibi vəzifəsində işləyərkən ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları qəsdən saxtalaşdırıb və nümayəndəliyin Beynəlxalq Bankdakı hesabından pul vəsaitlərini ələ keçirib. 

Vəkil deyib ki, istintaqın qənaətinə görə, Z.Abbasova 2017-2022-ci illər ərzində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyində mühasib vəzifəsində işləyərkən nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əmək haqqı kartına köçürərək təşkilata məxsus 983 min 254 manatı mənimsəyib.

İstintaq sənədlərinə görə, qeyd olunan pul vəsaitini Zərifə Abbasova müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxarıb.

Qeyd edək ki, Zərifə Abbasovaya Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. 

Vəkil deyir ki, ittihamla həqiqət arasında çox ciddi uçurum var: “Zərifə Abbasova məhkəmədə özünü qismən təqsirli bildi. Dedi ki, nümayəndəliyə məxsus 47 min manata yaxın vəsaiti müalicə xərcləri üçün götürüb. Həmin vəsaitin ona ödənməli olan əmək haqqı və digər ödəmələrlə əvəzləşdiriləcəyinə ümid edib. Sonradan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində yoxlama aparılarkən kobud qanun pozuntularına yol verilib deyə bütün mənimsəməni Zərifə Abbasovanın üzərinə yıxıblar. Ən əsas qanunsuzluq yoxlamanın Zərifə Abbasovanın iştirakı olmadan keçirilməsidir. Zərifə Abbasova məhkəmədə deyib ki, ittihamda göstərilən məbləğin 47 mindən əlavə məbləğləri bankdan çıxararaq nümayəndəliyin rəhbər şəxslərinə verib. Məhkəmədə məlum olub ki, əvvəllər ziyafət xərcləri, müxtəlif inzibati xərcləri nümayəndəliyin rəhbər şəxsləri özləri alıblar. Sonradan isə Avropa İttifaqından göstəriş verilib ki, bu xərclərə yönələn pulların bankdan götürülməsi yerli vətəndaşlardan birinə həvalə olunsun. Buna görə də nümayəndəliyin rəhbərliyi pulların alınmasını mühasib Zərifə Abbasovaya həvalə edib. Zərifə Abbasova pulları bankdan özbaşına götürə bilməzdi. Bunun üçün nümayəndəlik rəhbəri və digər şəxsin imzası olmalı idi. Pullar da bu şəkildə götürülüb və təbii ki, nümayəndəlik rəhbərliyinə təqdim olunub, Zərifə Abbasova da kompüterində müvafiq qeydiyyat aparıb. Bu pulların kimə verilməsi, hara xərclənməsi kompüterdə olsa da, kağız üzərində az bir hissəsi haqda məlumatlar var. Zərifə Abbasovadan nümayəndəlik rəhbərliyinin nağd şəkildə aldığı vəsaitlər rəsmi şəkildə mühasibat sənədlərində görünmür. Sadəcə yazılıb ki, bankdan çıxarılan vəsait inzibati xərclərə, ziyafət xərclərinə, məzuniyyət xərclərinə, tədris kurslarına yönəldilir. Yoxlama zamanı həmin xərcləri nəzərə almayıblar”.

Vəkil deyib ki, məhkəmədə müəyyən olunub ki, Avropa İttifaqının mərkəzi ofisi hər ilin sonunda Azərbaycan nümayəndəliyinin hesabı olan Azərbaycan Beynəlxalq Bankından pul qalığı barədə məlmat istəyir və alır: “Yəni hər ilin sonunda hesabdakı pul qalığı barədə məlumat alıblar. Bu, mühasibatlığın sadə bir formasıdır. İlin əvvəlində hesaba köçürdükləri pulun qalığı barədə ilin sonunda məlumat almaqla il ərzində nə qədər vəsaitin xərcləndiyini aydınlaşdıra bilib. 5 il ərzində bu məlumatları alıblar, biliblər ki, hər hansı bir mənimsəməyə yol verilməyib”.

Vəkil deyib ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə, Avropa İttifaqının baş ofisinə vəsatətlər verməklə 5 illik dövrü əhatə edən mühasibat yoxlamalarına dair məlumatların təqdim olunmasını xahiş edib: “Avropa İttifaqının xüsusi nümayəndəsi Cozep Borrelə də yazıb xahiş etmişik ki, bu haqda məlumat versin. Lakin Cozep Borrel məktuba cavab vermir. Bank məlumatları istəyirəm, deyirlər ki, belə bir sorğu ilə məhkəmə müraciət edə bilər. Bu məlumatlar verilmədən mən müvəkkilimi müdafiə edə bilmirəm. Günahı müalicə xərclərinə ona çatacaq vəsaitləri xərcləməkdən ibarət olan Azərbaycan vətəndaşına, qadına qarşı çox ağır ittihamlar irəli sürülüb. Halbuki ittihamda göstərilən həmin məbləğin 95 faizini Zərifə Abbasova bankdan götürərək Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbər, vəzifəli şəxslərinə təqdim edib. Mərkəzi ofis çox gözəl bilir ki, Bakıdakı nümayəndəliyə 5 il ərzində nə qədər pul köçürüb və həmin 5 il ərzində Azərbaycan Beynəlxalq Bankından hesabdakı qalıq barədə məlumatları almaqla vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənmədiyini müəyyən edib. Əgər belə olmasaydı, 5 il ərzində mühasibat uçotu ilə pulların olmadığını görə bilərdilər. Axı büdcə təşkilatlarında bütün vəsaitlər nəzarətdədir. 5 il ərzində mərkəzi ofisdən gəlib Bakıdakı nümayəndəlikdə dəfələrlə yoxlamalar aparılıb. Həmin dörvdə hər şey düzgün çıxıb”.

Vəkil ortada şantaj işinin olduğunu iddia edir: “Avropa İttifaqının Bakı nümayəndəliyinin işçilərindən biri rəhbər şəxslərin fırıldağını tutub və məsələni qaldırmamaq üçün onları şantaj etməyə başlayıb. Bunlar da özlərini təmiz çıxarmaq üçün prokurorluğa şikayət yazıblar. Həmin vaxt Zərifə Abbasovaya deyilib ki, səsini çıxarma, o pulları biz ödəyəcəyik. Lakin sonradan öz işçilərinin əməllərini ört-basdır etmək üçün mənimsəmələri Zərifə Abbasovanın ayağına yazıblar”.

Vəkil deyib ki, məhkəmədə dəfələrlə Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbər şəxslərinin məhkəməyə dəvət olunaraq dindirilməsi barədə vəsatət qaldırıb: “Məhkəmə nümayəndəliyin rəhbər şəxslərinin diplomatik statusunu əsas gətirməklə vəsatətimizi təmin etmir. Vəsatət qaldırıb nümayəndəlikdən sənədlərin tələb olunaraq bizə təqdim edilməsini istəyirik, yenə də məhkəmə təmin etmir. Azərbaycan Beynəlxalq Bankından sənədlərin alınmasını istəyirik, deyirlər ki, hələ baxaq görək işin içində sənədlər var. Baş verənlər bütün cinayəti Zərifə Abbasovanın üzərinə yıxmağa hesablanıb. Halbuki Zərifə Abbasova ilə bağlı istintaq hərtərəfli araşdırma aparıb. Müəyyən ediblər ki, onun yaşadığı ev belə özünün deyil, anasına məxsusdur. Özünün ipotekaya götürdüyü, lakin pulunu ödəmədiyi evi var. Bundan başqa, onun nə bağ evi, nə villası, nə maşını, nə bahalı bir qızıl-zinət əşyaları yoxdur. Hətta qohum-əqrəbasının da adına olan əmlakları belə yoxlayıblar. Belə olan halda 1 milyon manata yaxın vəsait hara gedib?”

Vəkil deyir ki, 1 milyonun hara və kimlər tərəfindən xərclənməsi kimsəni maraqlandırmır: “Bu gün Abbasovaya verilən ittihamlar əslində ona deyil, Avropa İttifaqının Bakıdakı nümayəndəliyin rəsmilərinə verilməli idi. Onu zəif görüb bütün günahı qadının üstünə yıxırlar. Mənim sorğularıma da cavab verməməkləri bu məqsədə xidmət edir”.

Vəkil deyir ki, Z.Abbasova müalicə xərcləri üçün götürdüyü 47 min manatı etiraf edir: “Abbasova Ukraynada uzunmüddətli müalicələrdə olub. Bunu təsdiq edən sənədlər də var. Həmin sənədləri məhkəməyə də təqdim etmişik. Məhkəmədə özü də deyib ki, o, 47 min manatı müalicəsinə xərcləməzdən əvvəl ona çatacaq məbləğin verilməsi xahişi ilə rəhbərliyə rəsmi müraciət edib. Müraciətindən sonra cavabı gözləmədən hissə-hissə 47 min manatı götürüb və müalicəsinə xərcləyib. Düşünüb ki, onun çalışdığı nümayəndəlikdə 27 min avro pulu yığılıb, həmin pulu əvəzləşdirəcək. Bu gün də təsdiq edirlər ki, Abbasovanın Avropa İttifaqının mərkəzi ofisində 27 min avrodan bir qədər artıq pulu var. Lakin şantaj məsələsinə görə yoxlama aparılıb və nəticədə üzə çıxıb ki, ümumilikdə 983 min 254 manat mənimsəmə var. Həmin mənimsəməni də Zərifə Abbasovanın üzərinə qoyublar. İttihamda yer alan məbləği isə Abbasova bankdan rəhbərliyin göstərişi ilə nağdlaşdıraraq alıb və rəhbərliyə təqdim edib. Məhkəmədə də dəfələrlə həmin şəxslərin adını çəkib. Hakimin diqqətinə çatdırıb ki, o, özbaşına heç zaman pul çıxara bilməzdi, bunun üçün nümayəndəliyin 1-ci, 2-ci şəxsinin və özünün imzası olmalı idi. Yalnız bundan sonra o, bankdan pulu götürə bilərdi. Pulları da özləri xərcləyiblər”.

Vəkilin dedikləri ilə bağlı Avropa İttifaqının Bakıdakı Nümayəndəliyinin də münasibətini dərc etməyə hazırıq. 

Elşən MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat” 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR