ABŞ hökuməti Venesuelada fəaliyyət göstərmək istəyən Amerika şirkətlərinə heç bir təhlükəsizlik zəmanəti verməyəcək.
Musavat.com xəbər verir ki, bunu ABŞ Energetika naziri Kris Rayt CNN-ə müsahibəsində deyib: "ABŞ hökuməti nə fiziki, nə də iqtisadi təhlükəsizliyə zəmanət verməyəcək. Amerika biznesləri və beynəlxalq şirkətlər dünyanın müxtəlif siyasi və riskli mühitlərində biznes aparırlar. Venesuela da istisna deyil. Venesuela cəmi iki ay əvvəl biznes aparmaq üçün ən təhlükəli və əlverişsiz yerlərdən biri idi, amma indi vəziyyət xeyli yaxşılaşıb".
Eyni zamanda nazir əmindir ki, Venesuelanın bir ildə, hətta "iki-üç ildə" həll edilə bilməyən "ciddi maliyyə problemləri" var. Rayt əlavə edib ki, ölkədə "tam islahatlar və dəyişikliklər" yalnız seçkilərdən sonra mümkün olacaq.
Qeyd edək ki, bundan əvvəl Bloomberg Amerikanın böyük neft şirkətləri Chevron və ExxonMobil-in Venesuela neft sənayesinin yenidən qurulmasına investisiya qoymaq çağırışlarına ehtiyatla cavab verdiyini bildirmişdi. Hər iki şirkətin rəhbərləri ölkədə işləməyin uzunmüddətli perspektivlərini müsbət qiymətləndirirlər, lakin investisiyalarını qorumaq üçün siyasi və hüquqi islahatların tələb olunduğuna inanırlar.
Musavat.com






