İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev dalana dirəndi: Tramp İran savaşında çıxış yolu tapa bilmir

703 21.03.2026 23:20 Dünya A A

ABŞ prezidenti Donald Trampın İrana qarşı başladığı hərbi qarşıdurma getdikcə daha mürəkkəb mərhələyə daxil olur.

Musavat.com xəbər verir ki, Reuters-in yaydığı təhlilə əsasən, Ağ Ev hazırda bu müharibədən çıxış strategiyası tapmaqda ciddi çətinlik yaşayır və vəziyyət Vaşinqton üçün dalana dirənmiş kimi görünür.

Məlumata görə, Tramp administrasiyası ilkin mərhələdə münaqişənin qısa müddətdə nəticə verəcəyini düşünürdü. Lakin İranın cavab addımları, regionda artan hərbi gərginlik və enerji bazarlarında baş verən dalğalanmalar ABŞ-nin planlarını pozub. Xüsusilə Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin yüksəlməsi Vaşinqtonun mövqeyini zəiflədib.

Reuters qeyd edir ki, Ağ Ev daxilində fikir ayrılıqları dərinləşir. Bir qrup rəsmilər hərbi əməliyyatların genişlənməsinin qarşısını almağı və diplomatik kanalları aktivləşdirməyi təklif edir. Digər tərəfdən isə sərt xətt tərəfdarları təzyiqin davam etdirilməsini müdafiə edir. Bu ziddiyyətlər Trampın qərar qəbul etməsini daha da çətinləşdirir.

ABŞ-nin Yaxın Şərq üzrə sabiq danışıqlarçısı Aaron Devid Miller bildirib ki, Tramp özünü “çıxılmaz vəziyyətə salıb” və bu müharibədən necə çıxacağını tam anlamır. Onun sözlərinə görə, bu vəziyyət prezident üçün ciddi siyasi və şəxsi məyusluq mənbəyinə çevrilib.

Eyni zamanda, Vaşinqtonun müttəfiqlərlə bağlı gözləntiləri də doğrulmayıb. Tramp NATO ölkələrinin və digər tərəfdaşların ABŞ-la birlikdə hərəkət edəcəyini güman etsə də, bir çox dövlətlər ehtiyatlı mövqe sərgiləyir və açıq dəstək verməyə tələsmir.

Bütün bunların fonunda Trampın “məqsədlərə yaxınlaşırıq” kimi açıqlamaları vəziyyətin real mənzərəsi ilə üst-üstə düşmür. Reuters vurğulayır ki, nə aydın çıxış planı, nə də sabit diplomatik strategiya hazırda görünür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR