İnsanlara hürriyət, millətlərə istiqlal!

Adamyeyənlərin elmi

1776 14.01.2023 08:13 Yazarlar A A

Keçən ilin oktyabrında elm və təhsil idarəmiz məktəblilərə qarşı görülməsi nəzərdə tutulan inzibati tədbirlərin siyahısını açıqlamışdı: müəllim baxışı, qeyri-verbal münasibət, şagirdlərlə sakit söhbət, xəbərdarlıq, uzaqlaşdırma, valideyn ilə əlaqə saxlamaq, dərsdən sonra şagirdin məktəbdə saxlanması, psixoloqa yönləndirmə, sarı xəbərdarlıq məktubu, narıncı xəbərdarlıq, qırmızı xəbərdarlıq. 

 

Doğrusu mən indiyəcən bilmirəm ordakı sarı-qırmızı xəbərdarlıqlar nəyi nəzərdə tuturdu. O cümlədən, narıncı xəbərdarlıq almaq uşağın xarici qüvvələrə qoşulub narıncı inqilab həvəsinə düşməsi deməkdirmi? Ən poetiki isə müəllim baxışı idi. Sərt baxırsan, uşaq özünü yığışdırır. Ancaq bəzi müəllimin baxışı sərt deyilsə, o zaman şagirdə kim baxmalıdır? Bəlkə məktəblərə ayrıca baxıcı ştatı ayrılmalıdır? O cümlədən, şagirdi məktəbdə kim saxlayacaq? Qarovulçu? Bunun üçün də xüsusi ədliyyə-polis orqanı yaratmağın vaxtıdır. Uşaqları dövlətçilik ruhunda tərbiyə etməliyik ki, böyüyüb müxalifətə-zada qoşulmasınlar, zayları çıxmasın. 

 

İmişli məktəbindəki tualet üsyanı necə bitdi, ondan da xəbərsizəm. Deyəsən axırda tualetin yoxluğunu ictimailəşdirən müəllimə töhmət verildi. Bax, orda da əslində gül kimi inzibati cəza metodu öz-özünə ortaya çıxmışdı. Bəyəm biz şuluq uşaqları dərsdən tualetə buraxmasaq, onlara dərs olmazmı? Qoy, üzr istəyirəm, şalvarı doldursunlar. Bu, onun sinif yoldaşlarının da özlərini pis hiss etməsinə səbəb olar, gələcəkdə dəcəl şagirdi kollektiv şəkildə tərbiyə edərlər. Əsgərlikdə belə üsullar səmərəli nəticə verir. Bir dəfə bizim bir yoldaş postda yatmışdı, ona görə gizir əmr verdi, bütün bölük üzü dağa qaz yerişi qalxdı. Atatürkün sözləridir, deyir əsgəri əfv etdin - məhv etdin. Platon isə deyib ki, atamız bizi yerə endirmişdi, ancaq müəllim bizi göylərə qaldırmışdır. 

 

1930-cu illərdə Füzuli-Cəbrayıl tərəflərdə bəzi camaat kolxoza girmək istəmirmiş. Deyir Mircəfər müəllim şəxsən əraziyə gəlib, kəndliləri düzüb sıraya, hər 10 nəfərdən 1-ni güllələyib. Ondan sonra hamı kolxoza yazılıb. Bunu mənə hadisənin şahidi olan ağsaqqal danışıb. O özü SSRİ dağılandan sonra da kolxozdan çıxmadı. 

 

İctimai asayiş vacibdir. Biz buna 3-4 gün qabaq Bakı Ağır Cinayət Məhkəməsində növbəti dəfə şahid olduq. MTN general və polkovniklərinin işinə baxmalıydılar, lakin proses təxirə salındı. Sən demə zabitləri Kürdəxanıdan məhkəməyə gətirəndə bunlar maşında dalaşıblar, biri vurub o birinin gözünü qaraldıb. İndi hakim qorxur ki, MTN generalları keçmiş xasiyyətlərini yada salıb bir-birini girov götürər. Sonra gəl girovu azad eləmək üçün milyonları tap. Hardan tapasan... Büdcə paylaşıb, təqaüdlər ayrılıb, Çovdarov da 30 milyonunu götürüb aradan çıxıb. Adamyeyənləri bir qəfəsdə məhkəmə eləmək, bir maşında daşımaq kimin ağlına gəlibsə, onu işdən çıxarmaq lazımdır. Açıq təxribatdır. 

 

Adamyeyən demişkən, təzəlikdə bir informasiya öyrənmişəm, doğrusu, bilmədim bunu oxuyanda gülüm, yoxsa ağlayım. Eləcə ağzım əyilmiş vəziyyətdə qaldım. Ürəyi xəstə olanlar oxumasın, buyurun, paylaşıram: “Clarivate (Web of Science) elmi bazasına əsasən Azərbaycan 224 ölkə içərisində 119-cu yerdə qərarlaşıb. Coğrafi cəhətdən yaxın ölkələr arasında qardaş ölkə Türkiyə 16, Rusiya 34, Ukrayna 56, Gürcüstan 99-cu yerdədir. Qeyd etmək yerinə düşərdi ki, Papua-Yeni Qvineya, Zimbabve, Yamayka və s. bizdən daha yaxşı yerləri tutub”. 

Təhsil eksperti Kamran Əsədovun “Yeni Müsavat”a açıqlamasından götürmüşəm. Yəni dəqiqliyinə şübhə yoxdur. Web of Science nə deməkdir? Qısa yazsam, sənin alimlərindən dünyada nə qədər sitat gətiriblər, elmi məqalə, istinad veriblər, konfranslarda adını çəkiblər və sairə. Papuas alimlərin azərbaycanlı alimləri bu sahədə ötməsinə görə bizim AMEA-ya nə edək? Ramiz Mehdiyevi təzədən işdən çıxarsaq düzələrmi? 

 

Xatırladım ki, Papua Yeni Qvineya dünyada hannibalizm - adam əti yeməyin el adəti kimi qaldığı nadir yerlərdən biridir. Hətta 2012-ci ildə dövlət rəhbərliyi seçkiləri uzatmağa məcbur olmuşdu, çünki ucqar kəndlərə gedən seçki müşahidəçilərini tutub yeyirmişlər.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR