İnsanlara hürriyət, millətlərə istiqlal!

Adam rusiyalı jurnalistlərə niyə həsəd aparır...

1435 13.09.2022 09:35 Yazarlar A A

Yorulmurlar. Hər gün danışırlar. Səhərdən axşamadək. Mövzu da birdir: Ukrayna və onun ətrafındakı məsələlər.

Bəli, burada söhbət Rusiya jurnalistlərindən gedir. Əgər Rusiya jurnalistikasının yetmiş illik sovet tarixi olmasaydı deyərdik ki, ruslar jurnalistikanı faşist ideoloqu Gebbelsdən öyrənirlər, çünki sonuncunun sözləridir ki, yalan təkrar-təkrar danışıldıqca həqiqətə bənzəməyə başlayır. Amma burada maraqlısı heç bilirsinizmi nədir? Gebbels yalan danışmırdı. Hələ hakimiyyətə gəlməmişdən öncə Adolf Hitler “Mənim mübarizəmi” yazmışdı və faşist ideologiyası, Gebbelsin təbliğatı bunun üzərində qurulurdu. Həmin Gebbelsin sözləridir ki, biz nə vaxt yalan danışımışıq, nə vaxt məqsəd və məramımızı gizlətmişik?..

Ruslar isə belə deyil. Onlar ağ yalan danışmağa adət ediblər. Xüsusən də sovet dövründə bu sahədə çox irəli gediblər.

Adam onlara, onlardakı həvəsə lap həsəd aparır. Mən şəxsən artıq yazmağa çətinlik çəkirəm. Yox, yalan yazmaq mənim peşəm deyil, heç vaxt bununla məşğul olmamışam. Böyük hesabla götürəndə Aleksandr Soljenitsının “Yalana qoşulma! Yalanı tirajlama!” sözlərinə sadiqəm. Amma həqiqəti yazmırsansa, yalanı aşkarlayıb tənqid etmirsənsə bunun özü də yalan danışmaq kimi bir şeydir...

Ona görə də yaşamaq çox çətindir. Ruslar üçün bu problem yoxdur. Bəlkə də ona görə ki, onlar da heç vaxt məqsədlərini gizlətməyiblər. Di gəl, yox. Onlar heç vaxt faşistlər kimi yəhudiləri tamam qıracaqlarını, slavyanları Uraldan o tərəfə sürgün edəcəklərini, digər xalqları almanların nökərlərinə çevirəcəklərini deməyiblər. Bunun əvəzində indi də ukraynalıları millətçilərdən, hətta faşistlərdən azad etmək istədiklərini bildirirlər...

Bəs bu yalanın axırı necə olacaq? Hərdən mənə elə gəlir ki, ruslar heç vaxt heç nəyinsə axırını fikirləşməyiblər. İndi də fikirləşmirlər. Sanki bütün dünya ruslardan danışanda, hamı onları qınayanda bunlar özlərini daha rahat hiss edirlər.

Elə həmin rusiyalı jurnalistlərin apardıqları verilişlərdən eşitdiklərimdir: “Qoy, bizdən qorxsunlar. Bizsən qorxsalar yaxşıdır!”. Bəli, burada necə Hobbsun məşhur “İnsan insana canavardırdır” sözlərini xatırlamayasan?

Amma sonu yoxdur bunun. Vaxt gələcək növbəti yalanların üzərindən pərdə götürüləcək, insanlar “Bizə yalan danışmayın. Həqiqəti deyin” söyləyəcəklər. Amma nə vaxt olacaq bu? Dəqiq bilmirik. Düşünürük ki, Ukrayna ilə müharibə Rusiya üçün ikinci Əfqanıstan olacaq. Bəlkə də ikinci Yuqoslaviya deyərdik. Amma Yuqoslaviya böhranının üzərindən nöqtəni NATO qoydu. Burada isə Alyans Ukraynanın tərəfində vuruşmağa tələsmir. Odur ki, bu xəmir də hələ çox su aparacaq.

Hələliksə ruslar yalanlarını davam etdirə bilərlər. Biz isə onlara həsəd aparmaq məcburiyyətindəyik, çünki Rusiya jurnalistləri asan, prinsipsiz yaşamağın yolunu tapıblar. Amma maraqlıdır ki, Aleksandr Soljenitsın da rus idi. Amma görünür burada o, nəzərə alınır ki, böyük rus yazıçısı da slavyan ölkələrini bir görmək, digər post-sovet ölkələrini isə sərbəst buraxmağı tövsiyə edirdi. Bəlkə ona görə rusiyalı jurnalistlərə yalanı tirajlamaq bu qədər asandır? Axı Puşkini ədəbiyyatşünaslar “Azadlığın və imperiyanın nəğməkarı” adlandırırdılar! Ondan qala Soljenitsın ola...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR