İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və ya Rusiya Paşinyana bir dəfə “imzala!” desə... - İrəvan üçün “qırılma nöqtəsi” yaxınlaşır

1064 02.02.2023 11:17 Siyasət A A

Ermənistanın sülh müqaviləsindən qaçmağa yeri qalmayıb; Qarabağda 30-35 min erməni Azərbaycan vətəndaşı olmaq istəyir, “qırmızı xətt”i tapdayan İrəvan isə onları özünüqəsdə sürükləyir...

Ermənistan indi də Laçın yolunun “blokadası” bəhanəsi ilə Azərbaycanla danışıqlardan yayınmaqla məşğuldur. Bakı ilə sülh müqaviləsi imzalamaqdan israrla qaçır. Halbuki Laçın yolu “məsələsi”nin kardinal həlli məhz elə sülh sazişinə bağlıdır. Çünki ekoloqlarımızın yolda 2 aya yaxındır davam edən aksiyası ən əvvəl suverenliyimizin və ərazi bütövlüyümüzün müdafiəsi və Ermənistan tərəfindən qeyd-şərtsiz tanınması tələbindən qaynaqlanır.

Bu tələb isə yalnız sülh sənədinin imzalanması ilə reallaşa bilər. Nə qədər ki, belə bir sənəd masada yoxdur, ona qədər Ermənistan və Qarabağdakı separatçı tör-töküntülər Laçın yolundan işğal dövründəki kimi, yəni kefləri istədikləri tək, sanki öz əraziləri kimi istifadəni xəyal edəcəklər. Bu isə heç vaxt olmayacaq.

Odur ki, “qırılma nöqtəsi”nin yaxınlaşdığını deyə bilərik. Əgər Ermənistan rəhbərliyi bəyan edirsə ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur, o zaman buyursun, bunu əməldə təsdiqləsin: Bakının irəli sürdüyü 5 prinsip əsasında sülh müqaviləsini imzalasın. Ondan sonra artıq Qarabağ anklavındakı erməni əhali də öz işini biləcək, oradakı separatçı-kriminal elementlər, özəlliklə Ruben Vardanyan çaplı avantüristlər də.

Onların hamısı daha tez seçim etməli olacaqlar. Həmin seçimə uyğun da Azərbaycan dövləti hərəkət edəcək. Kimi istəsə əfv edəcək, kimi istəsə həbs. “Əl-qol” atanların cavabı da yaxınlıqdakı komandoslar tərəfindən dərhal veriləcək. Amma indilikdə separatçı ünsürlər iki ölkə arasında sülh müqaviləsinin ləngiməsindən əlavə stimul alır, “bəlkə də qaytardılar” ümidi ilə yaşayırlar, Qarabağdakı erməniləri mənəvi basqı altında saxlayır, onları terror edirlər.

Rusiya və ABŞ-ın “sülh” davası - Blinken Paşinyana niyə təpinib?

Belə vəziyyətin davam etməsində məkrli sülh oyunları oynayan rəsmi İrəvanın məxsusi payı var. Başqa sözlə, Ermənistan özünün davam edən təxribatçı mövqeyi ilə, Nikol Paşinyan guya Bakının Qarabağda soyqırımına hazırlaşdığı barədə fitnəkar bəyanatı ilə faktiki surətdə anklavdakı dinc erməni əhalini qızışdırır, özünəqəsdə sürükləyir.

Ancaq bu durum sonsuzadək çəkə bilməz. Azərbaycan yerdə qalan ərazilərində də öz suverenliyini bərpa etməlidir və edəcək. Yaxşı olar ki, bu qansız başa gəlsin. Bakı növbəti dəfə güc tətbiqi zorunda qalmasın. Əfsus ki, Moskvanın sadiq “tulası” Vardanyan var gücü ilə çalışır ki, məhz sonuncu variant gerçəkləşsin. Hərçənd gələn informasiyalara görə, oradakı əhalinin böyük hissəsi yeni müharibə, konfrontasiya istəmir.

Yeri gəlmişkən, bu arada Ermənistan mediası maraqlı bir məlumat yayıb. Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında yerləşən anklavdakı ermənilərin gələcək taleyi ilə bağlı mülahizələr yürüdən KİV həmin əhali üçün iki çıxış yolunun olduğunu qeyd edib. Bildirilir ki, variantlardan biri vəziyyətin olduğu kimi saxlanılması, ikincisi isə ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsidir (Oxu.az).

O da qeyd olunub ki, hazırda bölgədə ikinci varianta razı olan 30-35 min erməni var. Vurğulanıb ki, yaxın gələcəkdə uyğun seçim etməyən ermənilərin Ermənistana köçməkdən başqa çıxış yolu qalmayacaq. Belə ki, Ermənistanın baş naziri N.Paşinyan 2022-ci il oktyabrın 7-də Praqa Bəyannaməsini imzalamaqla və Azərbaycanın ərazi bütövlüyünü tanımaqla, Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu mahiyyətcə tanıyıb və həmin sənədlə Paşinyan üzərinə öhdəlik götürüb ki, bundan sonra həmin şəxslərə Ermənistan Respublikası vətəndaşlığı verilməyəcək.

Paşinyan qalır, ya gedir? – ABŞ və Rusiyanın mövqeyi ortada

Qalır indi rəsmi İrəvana sülh müqaviləsini imzalatmaq. Ancaq aydındır ki, Ermənistana bu yöndə ciddi təzyiq edilməyincə, kapitulyant tərəf qələmə əl atmayacaq...       

“Həm ABŞ, həm də Rusiyanın İrəvana kifayət qədər təzyiq   mexanizmi var. Onların Ermənistana bir kəlmə "imza at" deməsi bu məsələni həll edə bilər".

“Yeni Müsavat”ın məlumatına görə, bunu Türkiyənin Ankara Universitetinin professoru, siyasi ekspert Toğrul İsmayıl sülh danışıqlarının perspektivi barədə Teleqraf.com-a danışarkən deyib.

Amma onun fikrincə, Amerikanın bunda nə qədər maraqlı olduğunu söyləmək çətindir: “Çünki heç bir dövlət münaqişə olmadan istənilən bölgədə varlığını davam etdirə bilməz. Lakin Rusiyanın sıxışdırılması baxımından Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi onlara maraqlı ola bilər”.

Paşinyanın “KTMT qalmaqalı” bumeranq effekti verir: Rusiya qazı kəsəcək, ABŞ  və Qərb yardım etməyəcək

Bununla belə, politoloq hesab edir ki, Ermənistan kimi bir ölkəyə güvənərək iş görmək çətindir. “Ona görə ki, Ermənistan normal və müstəqil dövlət kimi hərəkət etmir. Çünki ipi bir çox güclərin əlindədir. Ermənistan daxilindəki siyasi durumu da görürük. Ermənistanda bir-biriləri ilə qarşıdurma vəziyyətində olan siyasi qüvvələrin bir qismi Rusiyanın, digəri Qərbin nəzarətindədir. Dediyim kimi, ABŞ və ya Rusiya bir kəlmə "imzala" desə, Ermənistan bunu edəcək, çünki qaçmağa yeri yoxdur. Amma bu, həmin Amerikadır ki, Minsk Qrupunun həmsədrlərindən biri idi. Bəs onda nə edirdi? Rusiya ilə eyni oyunu oynayırdı. İndi də eyni şəkildə davam edir", - deyə o qeyd edib.

Bəs çıxış yolu?

T.İsmayıla görə, Azərbaycan bölgədə yaşana biləcək kataklizmləri önləmək üçün öz iqtisadiyyatını və cəmiyyətini daha da gücləndirməlidir: “İran və bölgədəki digər problemləri də diqqətə almaqla, təhlükəsizlik tədbirlərinin və xarici siyasətin daha da gücləndirilməsinə ehtiyac var. Əslində bu məsələlərin həlli çətin deyil. Çünki Azərbaycan bunların öhdəsindən gələ biləcək bir gücə və potensiala malik bir ölkədir. Torpaqlarını azad etməklə, Azərbaycan əlini gücləndirdi. Ermənistandan hansısa təhdid gözləmirəm. Çünki Ermənistan vaxtilə Rusiyanın dəstəyi ilə Azərbaycana qarşı yürütdüyü siyasəti artıq təkrarlaya bilməz. Rusiya da bunu yaxşı bilir. Artıq regiondakı geosiyasi tarazlıq dəyişməyə başlayıb. Bu da Azərbaycan-Türkiyə ittifaqının lehinə dəyişir. Azərbaycan yaxın gələcəkdə diplomatik təzyiqlərini artırsa, qalan məsələlər öz həllini tapacaq”.

Bütün əlamətlərindən göründüyü kimi, 2023 bu xüsusda həlledici il olacaq... 

Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR