İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Fransa NATO-nu riskə atır: Türkiyəyə qarşı hərbi təhdidlər Rusiyanı gücləndirir

4001 06.09.2022 19:52 Analitika A A

Yunanıstanı Türkiyə ilə savaşa cəsarətləndirənlər ilk növbədə NATO-nu parçalanma təhlükəsinə məruz qoyublar... Türkiyə NATO-nu tərk edərsə, bu qurum ciddi şəkildə zəifləyə, əvəzindəsə, Rusiya rəsmi Ankara ilə daha da yaxınlaşaraq, önəmli “nəfəslik” qazana bilər...

Türkiyə real savaş təhlükəsi ilə üzləşib. Belə ki, Türkiyənin sərhəd qonşusu Yunanıstan son vaxtlar ifrat şəkildə aqressivləşib. Bu ölkə Türkiyəyə qarşı açıq-aşkar hərbi-siyasi təxribatlar törətməklə diqqəti çəkir.

Təbii ki, Yunanıstanın Türkiyəyə qarşı düşmənçiliyi qətiyyən təəccüblü deyil. Çünki, bu ölkə tarixən Türkiyəyə yönəlik düşmənçilik vərdişlərinə malikdir. Vaxtilə Türkiyənin ərazilərinin işğal edilməsinə də dəfələrlə cəhdlər göstərib.

Ancaq Türkiyə ordusu hər dəfə Yunanıstana sarsıdıcı zərbələr endirməklə, bu ölkəyə yerini göstərib. Son illərdəsə, Türkiyə və Yunanıstan arasında münasibətlər nisbətən normallaşmağa başlamışdı. Hətta iki qonşu ölkə arasında iqtisadi-ticari tərəfdaşlığın dərinləşdirilməsinə yönəlik müəyyən cəhdlər də mövcud idi.

a2bd9ad40943b44b7ba11d21ec23ebe5.jpg (328 KB) 

Yunanıstan baş naziri Kiryakos Mitsotakis Ankaraya rəsmi səfər edərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra iki ölkə arasındakı bir çox problemlərin arxada buraxılması barədə anlaşmanın əldə olunduğunu vurğulamışdı. Hətta Yunanıstan baş naziri Türkiyə ilə dostluq və normal qonşuluğu təmin edəcək öhdəliklər götürdüyünü də etiraf etmişdi. Və bu, Türkiyə-Yunanıstan münasibətlərində yeni mərhələnin başlana biləcəyinə ümidlər yaratmışdı.

Bir neçə ay əvvəl Yunanıstan baş naziri Kiryakos Mitsotakis ABŞ-a rəsmi səfərə getdi və bundan sonra hər şey tərsinə çevrildi. Belə ki, Yunanıstan lideri ABŞ Konqresində Türkiyə əleyhinə ittihamlar səsləndirdi, konqresmenler tərəfindən ayaqda alqışlandı. Həmin andan etibarən Türkiyə-Yunanıstan münasibətlərində yalnız hərbi-siyasi gərginləşmə meyilləri müşahidə olundu.

Maraqlıdır ki, Yunanıstanın Türkiyə əleyhinə hərbi-siyasi təxribatları “qırmızı cizgiləri” keçdikdən sonra rəsmi Ankaranın da səbri tükəndi. Hətta Türkiyə prezidenti R.T.Ərdoğan Yunanıstan baş naziri Kiryakos Mitsotakisə işarə edərək, “Mənim üçün daha belə bir siyasətçi mövcud deyil. O, bir daha mənimlə üz-üzə gələ bilməz” deməklə, rəsmi Afinanın təxribatlarına sərt reaksiya verdi.

Son vaxtlarsa, Yunanıstan artıq Türkiyə əleyhinə birbaşa hərbi təhdid varinatını işə salmağa çalışır. Yunanıstanın döyüş təyyarələri Türkiyənin dövlət sərhədləri ətrafında daha tez-tez peyda olur. Hətta NATO təlimlərində iştirak edən Türkiyə döyüş təyyarələri belə Yunanıstanın Rusiya istehsalı olan “S-300” raket kompleksləri ilə hədəfə alınır. Və bu, artıq Türkiyəyə qarşı savaş təhdidi anlamı daşıyır.

23abcd0c-f487-4fee-8fff-8fe2f234f364.jpg (100 KB) 

Onu da qeyd edək ki, prezident R.T.Ərdoğan Yunanıstana sonuncu dəfə xəbərdarlıq edib. Türkiyə lideri rəsmi Afinaya keçmişi xatırladıb və İzmiri unutmamağı məsləhət görüb: “Yunanıstan Türkiyə ilə bağlı səhvə yol verməməlidir, bu ölkənin rəhbərliyi ağlını başına yığmalıdır. Əks halda, bir gecə qəfil gələrik və onlara hədlərini bildirərik. Müdafiə Nazirliyimiz artıq bu barədə ciddi müzakirələr aparır. Yunanıstan da deyəsən, baş verənlərin fərqindədir. Ona görə də, tədricən öz davranışlarını tənzimləmək məcburiyyətində qalıblar”.

Bütün bunlar onu göstərir ki, rəsmi Ankara Türkiyənin səbrinin sınağa çəkilməsinin olduqca təhlükəli olduğunu artıq anlamağa başlayıb. Çünki, rəsmi Ankara Yunanıstana qarşı hər an savaş elan edə biləcəyini artıq qətiyyən gizlətmir. Hətta Yunanıstanın “S-300” raket komplekslərini Türkiyə döyüş təyyarələrinə doğru yönəldilməsi barədə təkzibedilməz faktlar toplanaraq, NATO baş qərargahına təqdim olunub.

Rəsmi Ankaranın bu addımı Türkiyənin Yunanıstana qarşı sərt hərbi cavab verməyə hazırlaşdığını biruzə verir. Yəni, hər iki ölkə NATO üzvü olduğundan, rəsmi Ankara Yunanıstanın hərbi təxribatları barədə faktları təqdim etməklə, bu qurumun neytrallığını təmin etmək məqsədi güdür. Bu, Türkiyəyə özünü qorumaq üçün hüquqi səbəblər yaradır.

Məsələ ondadır ki, Yunanıstan və Türkiyə NATO çərçivəsində hərbi müttəfiq sayılırlar. NATO nizamnaməsinə görə isə bu quruma üzv dövlətlərin bir-birinə qarşı hərbi təhdidləri yolverilməzdir. Yunanıstan isə son davranışları ilə Türkiyəni savaşa çəkdiyi üçün hüquqi baxımdan, haqsız durumdadır.

46640_jr6nuv6803.jpg (31 KB) 

Onu da qeyd etmək lazımdır ki, Yunanıstanın belə cəsarətlənməsi də qətiyyən səbəbsiz deyil. Artıq heç kəsə sirr deyil ki, NATO üzvü olan daha iki dövlət – ABŞ və Fransa Türkiyə əleyhinə hərbi təxribatların törədilməsində Yunanıstana demək olar, açıq dəstək verir. Bu isə əslində, yalnız Türkiyənin deyil, elə birbaşa NATO-nun gələcək taleyinin təhdid olunması anlamı daşıyır.

Çünki, əgər, Türkiyə və Yunanıstan arasında savaş baş verərsə, bu, ilk növbədə NATO-nun fəaliyyətini iflic vəziyyətinə sala bilər. NATO-nun üzvü olan iki ölkənin arasında müharibə halında, bu qurumun daxilində ziddiyyətlərin dərinləşəcəyi qətiyyən şübhə doğurmur. NATO-nun digər üzvləru ABŞ və Fransanın Yunanıstanı Türkiyə ilə hərbi qarşıdurmaya sürüklədiklərini nəzərə aldıqda, rəsmi Ankaranın daha radikal qərarlar qəbul edə biləcəyi də qətiyyən istisna deyil.

Məsələn, bütün bunlara cavab olaraq, rəsmi Ankara Türkiyənin NATO-dan çıxması barədə qəbul etməsi də tamamilə inandırıcı variantdır. Bu haldasa, artıq NATO-nun yalnız zəifləməsindən deyil, ümumiyyətlə, parçalanaraq, dağılmasından danışmaq lazım gələcək. Halbuki, Türkiyə NATO sıralarında ABŞ-dan sonra ən güclü ikinci ölkə stutusuna da sahibdir.

NATO-nun Ukrayna savaşı üzərindən Rusiya ilə toqquşduğu bir situasiyada Türkiyənin bu qurumdan çıxması qarşı tərəfin maraqlarına cavab verə bilər. Bu halda, NATO ciddi şəkildə zəifləmiş olacaq. Əvəzindəsə, Rusiya Türkiyə ilə münasibətlərini daha da inkişaf etdirməklə, əlavə “nəfəslik” qazanmış olacaq. Və bu baxımdan, Yunanıstana cəsarət verənlərin ilk növbədə NATO-nun gələcək taleyini birbaşa təhlükə altına atdıqları qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR