İran ətrafında baş verən son proseslər Vaşinqtonda ciddi narahatlıq doğurur. Musavat.com xəbər verir ki, Axios nəşrinin məlumatına görə, İran münaqişəsi artıq “yeni soyuq müharibə” mərhələsinə daxil olur.
Nəşr qeyd edir ki, bu mərhələ maliyyə sanksiyaları, hərbi katerlərin ələ keçirilməsi və paralel şəkildə aparılan danışıqlarla xarakterizə olunur. ABŞ rəsmiləri isə hesab edir ki, Vaşinqton açıq müharibə və ya yekun razılaşma olmadan uzunmüddətli “dondurulmuş münaqişə”yə cəlb oluna bilər.
Belə bir ssenaridə ABŞ-ın bölgədə hərbi mövcudluğu aylarla davam edə bilər. Eyni zamanda Hörmüz boğazı bağlı qalacaq, ABŞ-nin tətbiq etdiyi dəniz blokadası qüvvədə saxlanılacaq və tərəflər qarşı tərəfin ilk addımı atmasını gözləyəcək.
Məlumata görə, qarşıdan gələn aralıq seçkilərə təxminən altı ay qaldığı bir vaxtda bu cür “dondurulmuş münaqişə” ssenarisi Donald Tramp üçün həm siyasi, həm də iqtisadi baxımdan ən arzuolunmaz variant hesab olunur.
Musavat.com






