ABŞ-nin 5 ay davam edən zərbələrinə baxmayaraq, İran öz raket qüvvələrinin döyüş qabiliyyətini saxlaya və yeni şəraitə uyğunlaşa bilib.
Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Analitiklərin sözlərinə görə, iranlı mühəndislər bombardmanlardan sonra yeraltı bazaları sürətlə bərpa etməyi bacarıblar. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş hərbi analitiki Cim Lamson bildirib ki, İordaniyadakı ABŞ kazarmalarına edilən və hərbçilərin ölümü ilə nəticələnən son zərbələr İranın ABŞ və ərəb ölkələrinin raketdən müdafiə sistemlərini yarmaq gücündə olduğunu göstərir:
"Onlar orta mənzilli ballistik raketlərinin yarma qabiliyyətini və dəqiqliyini artırmağa müvəffəq olublar. İran keçmiş münaqişələrin təcrübəsinə söykənərək həm texniki, həm də taktik düzəlişlər edir".
Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun analitiki Fərzin Nədimi isə hesab edir ki, ballistik raketlərdən uçuşun son mərhələsində müdafiə olunmaq getdikcə çətinləşir və bunun üçün ABŞ-yə İsrailin dəstəyi lazım gələ bilər.
Cari ilin fevral ayının sonunda ABŞ İsrail ilə birgə İrana zərbə endirdikdən dərhal sonra ABŞ-nin müdafiə naziri Pit Heqset əməliyyatın məqsədlərindən birinin "İranın hücum raketlərini və onların istehsal vasitələrini məhv etmək" olduğunu bəyan edib. Lakin qəzet yazır ki, yüzlərlə hava hücumuna baxmayaraq beş aydan sonra İran raket qoşunlarının döyüş qabiliyyətini saxlaya bilib və regiondakı, o cümlədən İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərdəki hədəflərə yüksək dəqiqlikli zərbələr endirməkdə davam edir.
Qeyd edək ki, ABŞ-İran münaqişəsində növbəti gərginləşmə iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında memorandumin imzalanmasından bəri ilk dəfə olaraq Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab bəhanəsilə İslam Respublikasının ərazisinə bir neçə seriyalı zərbələr endirib. Elə həmin gün ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını elan edib. Cavab tədbirləri çərçivəsində Tehran ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən Yaxın Şərq obyektlərinə hücum etməyə başlayıb. İyulun 24-də tərəflər qarşılıqlı zərbələri dayandırıblar.
Musavat.com






