İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Qvardiyası Ermənistana yerləşir

2561 09.09.2023 09:40 Siyasət A A

İrəvana gələn Kanzas Qvardiyası Kosovo və Əfqanıstanda sülhməramlı missiyalarda iştirak edib; Rusiya bu yekəbaşlığı İrəvana bağışlamayacaq

“Qartal Tərəfdaş 2023" təlimində 85 Amerika əsgəri və 175 Ermənistan əsgəri iştirak edəcək. Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, ABŞ hərbçiləri arasında təcrübə mübadiləsində Ermənistanla əməkdaşlıq edən Kanzas Milli Qvardiyasının üzvləri də olacaq.

Kanzas Ordusu Milli Qvardiya bölmələri Birləşmiş Ştatlar ordusunun bir hissəsi kimi hazırlanır və təchiz edilir. Kanzas Milli Hava Qvardiyası ştatın ərazi kimi formalaşmasından bəri milli münaqişələrdə iştirak edir. Kanzas Qvardiyası 1861-1865-ci illər vətəndaş müharibəsində fəal iştirak edib. O cümlədən, Hindistan müharibələri (1864-1870), 1898-1899-cu illər İspaniya-Amerika müharibəsi  və 1917-1919-cu illər Birinci Dünya müharibəsində iştirak edib. Kanzas Qvardiyası 2009-cu ildən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Kosovo və Əfqanıstanda sülhməramlı missiyalarda iştirak edib. 

Kanzas Milli Qvardiyasının nümayəndə heyəti bu ilin iyununda Armavirdəki təlim mərkəzində olublar. Nümayəndə heyətinin üzvləri ilə peşəkar kiçik zabitlərin hazırlanması prosesi ilə bağlı məsələlər müzakirə olunub. 

Ermənistan  2003-cü ildə ABŞ-ın Müdafiə Departamenti və Kanzas ştatları ilə ikitərəfli əlaqələr sazişi imzalayıb. Sazişdə fövqəladə hallar və idarəetmə, sərhəd və liman təhlükəsizliyi, iqtisadi təhlükəsizlik, sülhməramlı əməliyyatlar və terrorizmlə mübarizə nəzərdə tutulur. 

Erməni ekspertlər NEWS.ru-ya bildiriblər ki, onlar planlaşdırılan təlimlərin təfərrüatlarını bilmirlər, lakin manevrlərin irimiqyaslı olacağını gözləmirlər. İrəvandakı Qafqaz İnstitutunun elmi işçisi Hrant Mikaelyanın sözlərinə görə, çox güman ki, hərbi təlim formal xarakter daşıyacaq.

Təlimlər Ermənistanın Kotai rayonunda yerləşən “Zar” təlim mərkəzinin bazasında keçiriləcək. Mərkəz 2017-ci ildə ABŞ-ın dəstəyi ilə açılıb. 

 “Bu dəfə Amerika təlimlərinin yaxşı nəticələr verəcəyi ehtimalı yoxdur. Təkcə Ukrayna deyil, Ermənistan ərazisindən də Moskva ilə Qərbin qarşıdurması üçün istifadə olunur. Münasibətlərə son dərəcə mənfi təsir göstərən ziddiyyətlər artır. Rusiyanın özünün effektiv siyasət yürütmək bacarığından çox şey asılıdır. Unutmayın ki, Moskvanın rəqibləri həyəcan təbili çalır”, - Mikaelyan bildirib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da deyib ki, “bun təlimlər xüsusilə indiki vəziyyətdə narahatlıq doğurur”.

AZƏRTAC

Azər Badamov

Deputat Azər Badamov hesab edir ki, bu təlimlər ilk növbədə Rusiya-Ermənistan münasibətlərinə böyük zərbədir: “Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamaları birbaşa Rusiyaya qarşıdır. O cümlədən, Ermənistanın KTMT təlimlərinə qatılmaması və daimi nümayəndəsini geri çağırması Rusiya ilə münasibətlərin gərginliyinin pik həddə yaxınlaşdığını göstərir. Ermənistan uzun illər boyu məhz Rusiyanın dəstəyi ilə yavaş-yavaş Azərbaycanın torpaqlarını zəbt edərək öz ərazilərini genişlənib. O cümlədən 90-cı illərdə məhz Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş, üç il əvvəl başlanan 44 günlük Vətən müharibəsində Qarabağdakı qondarma ərazisini qoruya bilib. Əgər Rusiya Ermənistana dəstək verməsəydi, Qarabağ problemi üç il əvvəl həll olunmuşdu və bu gün yenidən müharibə riski ilə qarşılaşmazdıq. Bu gün Ermənistanın sərhəd təhlükəsizliyini Rusiya qoruyur. O cümlədən, Ermənistanın bütün iqtisadiyyatı Rusiyadan asılıdır. Ermənistan rəhbərliyi özünün hiyləgərliyindən Rusiyanın bu gün Ukrayna müharibəsində zəifləndiyini görərək üzünü dərhal Qərbə yönəldir. Ona görə də KTMT-dən imtina edir və ABŞ-la birgə təlimlər keçirməyə başlayır. Həm də Ermənistanın NATO-ya üzvlük məsələləri müzakirə olunur. Bu birbaşa əsirlər boyu Ermənistanı himayə etmiş Rusiyaya arxadan bıçaq sancılması deməkdir. Hesab edirəm ki, Rusiya asanlıqla Ermənistandan əlini çəkməyəcək.  Rusiyanın əli ilə Ermənistanda siyasi hakimiyyət dəyişikliyinin baş tutacağını hesab edirəm. Bu da Ermənistanı daha da dərin bataqlığa sürükləyəcəyini hesab edirəm. 

Ermənistan-Rusiya münasibətlərinin daha da gərginləşməsi Qarabağdakı sülhməramlı kontingentinin vaxtından əvvəl ərazilərimizi tərk etməsinə səbəb ola bilər. Bir tərəfdən regiona əlavə güclərin gəlməsi sabitliyə təhlükədir. Digər tərəfdən bu, Azərbaycana özünün suveren  ərazisi olan Xankəndində konstitusiya quruluşunun bərpasına kömək edə bilər. Bütün hallarda uduzan tərəfin Ermənistan olacağını hesab edirəm".

Bir sorğunun qorxunc nəticəsi - Azərbaycanın suverenliyi də təhlükədə? –  RƏYLƏR

Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Rusiyanın mövcud durumla razılaşmadını qeyd etdi: “44 günlük Vətən müharibəsindən ötən müddət ərzində Rusiyanın Ermənistana münasibəti və ikincisinin narazılıqları onları ciddi strategiya dəyişikliyinə getməyə sövq etdi. Ermənistanda iddia edilir: ”Biz KTMT üzvüyük, buna görə Qərbdə Rusiya yönümlü hesab edilirik, halbuki Rusiya lazımi anda bizim yanımızda olmur, amma eyni zamanda, Qərbi də yanımızda görə bilmirik. Beləcə ikisinin də dəstəyini itiririk." Belə ki, 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan şərti sərhədində yaşanan silahlı toqquşma zamanı Ermənistan KTMT-yə müraciət etmiş, lakin Rusiyadan istədiyi dəstəyi ala bilməmişdir. Bundan sonra Paşinyan İrəvanda keçirilən KTMT sammitində son sənədləri imzalamaqdan, KTMT-nin keçirdiyi hərbi təlimlərdə iştirakdan imtina etmiş, Ermənistan sərhədində KTMT əsgərlərinin müvafiq missiya ilə yerləşməsinə qadağa qoymuş, lakin bunun yerinə ötən ilin oktyabrında Avropa İttifaqı müşahidə missiyasını ölkəyə gətirmiş və daha sonra onların fəaliyyəti müddətini uzatmışdır. Ermənistanda artan anti-Rusiya ovqatı Qarabağın içərisinə də sirayət edib. Rusiyaya qarşı duyulan güvənsizlik artıq Qarabağ erməniləri arasında da hiss olunur. Ermənistan daima Rusiyanı 2020-ci ilin üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edir. Belə ki, guya bu bəyanatla Rusiya Laçın yolunu öz nəzarətində saxlamalı imiş və Rusiya Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsini qurmasına razılıq verməklə, öhdəliyindən geri çəkilir. Beləliklə Paşinyan 2 sentyabr 2023-cü il tarixində açıq şəkildə bəyan etdi ki, Rusiya bölgədən geri çəkilir. Halbuki heç də belə deyil. Bu bəyanat dərhal Rusiya XİN tərəfindən təkzib edildi, Ermənistana ifadələrin seçilməsində diqqətli olmaq tövsiyə olundu. Lakin Ermənistan bundan sonra ABŞ-la birgə hərbi təlimlərini açıqladı və Rusiyanın qəzəbini bir az da artırdı. Bütün bunlar Rusiyanın bölgədən çəkilməsi və ABŞ-ın bölgəyə daxil olması ilə deyil, Ermənistanın mübarizə meydanına çevrilməsi, Suriyalılaşması, yaxud Ukraynalılaşması ilə nəticələnə bilər. Digər ehtimal isə Paşinyan hakimiyyətinin devriləcəyidir. Bu yanaşma çərçivəsində iddia etmək olar ki, hazırkı Ermənistan hakimiyyəti rakursu artıq bir istiqamətə yönəltməyə qərar verib və bu Qərb istiqamətidir. Rusiya təbii olaraq bu durum ilə razı deyil və öz cavab tədbirlərini hazırlayır. Bütün bunlar çox yaxın zamanlarda bölgədə qaynar hadisələrin şahidi olacağımızın ön xəbərçisidir. Ermənistan, Azərbaycan tərəfindən təhdid və təhlükənin miqyasını göz önünə alaraq, açıq bəyanatla çıxış edir ki: “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və sülh müqaviləsi üzrə danışıqları tamamlamağa hazırıq”. Lakin reallıqda biz bunun tərsini müşahidə edirik. İstənilən halda cənab Prezident İlham Əliyevin dediyi kimi, 2023-cü il sonuncu şansdır. Bu il başa çatanadək Ermənistan sülh istiqamətində əsaslı addımlara imza atmazsa, alternativlərin nə olacağı bəllidir. Bu durumda Rusiyanın səssiz qalacağı və Azərbaycana dəstək verəcəyi, ABŞ-ın isə ermənilərin müdafiəsinə qaçmayacağı, quru bəyanatlarla yetinəcəyi şübhəsizdir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR