İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın qoşunların sərhəddən geri çəkilməsi təklifi

1433 26.05.2023 10:02 Siyasət A A

Vaşinqton Qarabağdakı etnik ermənilərin “hüquq və təhlükəsizliyi kimi ən mübahisəli məsələlərin həlli üçün bəzi təkliflər irəli sürüb”; Toğrul İsmayıl: “Amerika supergüc olsa da, işimizə qarışa bilməz”


“Rəsmi Vaşinqton İrəvan və Bakıya sülh sazişi üzərində iş çərçivəsində bəzi ən mübahisəli məsələlərin həlli ilə bağlı təkliflərini təqdim edib”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsinin dinləmələrində bildirib.

Ceyhun Bayramov və Mirzoyan arasında görüş başladı


D.Hoqan əlavə edib ki, xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ABŞ-da keçirilən görüşdə iki tərəf arasında qarşılıqlı, intensiv diplomatik fəaliyyət baş tutub. “Mayın əvvəli dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan XİN başçıları ilə Vaşinqtonda keçirilən görüşündə tərəflərə sərhəddəki qüvvələrin qarşılıqlı olaraq geri çəkilməsi, gələcək sülh sazişində mübahisələrin həlli mexanizmi, Dağlıq Qarabağdakı etnik ermənilərin hüquq və təhlükəsizliyi kimi ən mübahisəli məsələlərin həlli üçün bəzi təkliflər irəli sürülüb”. Hoqan deyib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşüb və onunla münaqişə bölgəsindəki vəziyyəti müzakirə edib. Ona həmçinin Laçın dəhlizi haqda sual verib, Hoqan bildirib ki, dövlət katibi Blinken XİN başçıları ilə görüşdə Laçın dəhlizinin ticari və şəxsi daşımalar üçün açılmasında israr edib.

“Biz tərəflərin fikir ayrılıqlarını aradan qaldırmasına imkan verə biləcək bir sıra təkliflər etdik. Onlar iyunun 1-də Kişinyovda Fransa Prezidenti, Almaniya Kansleri və Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə müzakirələri davam etdirəcəklər. Biz öz addımlarımızı Avropa İttifaqı ilə əlaqələndiririk və Kişinyovda diqqət işi necə başa çatdırmaq üzərində cəmləşdiriləcək, amma bu, uzun yoldur”, - deyə Hoqan qeyd edib. Xatırladaq ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb. ABŞ-dakı diplomatik mənbələrə istinadla Azərbaycan mediası görüş zamanı “yol xəritəsi”nin müzakirə olunduğunu bildirib.

Bu sənəddə nəyin əks olunacağına dair konkret məlumat verilmir. Ancaq dövlət katibi Blinken deyib ki, danışıqların gedişi göstərir ki, “biz razılaşmanın əldə olunmasına yaxınıq”. Vaşinqtonda keçən görüşlər barədə yazan erməni mediasına əsasən tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik təminatlarının təmin edilməsi, o cümlədən yerli ermənilərlə Bakı arasında müzakirə mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar. Lakin Azərbaycan dəfələrlə bəyan edib ki, bu məsələnin Ermənistanla Azərbaycan arasındakı danışıqlara aidiyyəti yoxdur. Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın sülh sazişi layihəsinə Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi üçün beynəlxalq mexanizmin yaradılması ilə bağlı bənd daxil etmək təklifini rədd edib. Azərbaycan bu məsələnin qaldırılmasını öz daxili işlərinə müdaxilə kimi qiymətləndirir.

“Sülh sazişinin mətninə mövcud olmayan qondarma Dağlıq Qarabağ Respublikasını salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır”, - Prezident İlham Əliyev deyib. Bəzi ekspertlər hesab edir ki, əsirlər mövzusu da Vaşinqtonun önəm verdiyi məsələdir. Hazırda İrəvan Azərbaycanda 33 erməni hərbi əsirin olduğunu bildirir. 44 günlük müharibə başa çatdıqdan bu günədək Azərbaycan 181 nəfəri Ermənistana təhvil verib. Onların 140-ı hərbçi, 41 nəfəri mülki şəxs, o cümlədən 5-i qadın olub. Vaşinqtonun “ən mübahisəli məsələlərlə” bağlı təklifləri nələrdir və bunların müzakirəsi Bakının xeyrinə, yoxsa zərərinədir?

Professor Toğrul İsmayıl: Azərbaycan Türkiyə ilə birlikdə regionun  geosiyasətini dəyişir - AZƏRTAC

Toğrul İsmayıl

Ankara Universitetinin professoru Toğrul İsmayıl “Yeni Müsavat”a qeyd etdi ki, təkliflər üçüncü tərəfdən varsa, onun da öz maraqları var. T.İsmayılın fikrincə, qoşunların qarşılıqlı çəkilməsi mövzusu absurddur: “Biz müharibə aparmırıq. Yəni ifadənin özündə ciddi xəta var. Birincisi, Azərbaycan ərazisindən erməni silahlı qruplaşmalarının çıxarılması müzakirə edilə bilər. Sərhədlərin demarkasiyası isə uzun bir işdir. Erməni əsgəri Qarabağda olduğu halda, sərhəddə qarşılıqlı şəkildə qoşunları geri çəkmək təklifi gülüncdür. Amerika bunu yaxşı bilir. Sanki Azərbaycan Ermənistan ərazisinə daxil olub. Yanlış baxışdır”.

Qarabağ ermənilərinin təhlükəsizliyinə gəlincə, T.İsmayıl hesab edir ki, Azərbaycan qanunları onlara bütün təminatı vəd edir: “Qarabağın dağlıq ərazisinə azərbaycanlı qaçqınların qayıdışı haqda danışılmır. Hələ də bu məsələ gündəliyə gətirilmir. Təkcə ermənilər deyil, orada yaşayacaq azərbaycanlı əhalinin də haqlarının təmin edilməsi vacibdir. Amerikalılar təklif edirlər, amma üçüncü tərəf olaraq özlərinə uyğun fikirlər səsləndirirlər. Danışıqlarda hər kəs istəklərini dilə gətirir. ABŞ-ın superdövlət olması o demək deyil ki, Azərbaycanın daxili işlərinə müdaxilə edə bilər”.

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı da qəzetimizə açıqlamasında söylədi ki, ABŞ 30 il ərzində münaqişəni ermənilərin maraqlarına uyğun həll etməyə çalışıb. Partiya sədrinin sözlərinə görə, bu gün də həmin xətt davam etməkdədir: “Vaşinqton və Paris 30 ildə çalışıblar ki, məsələyə nöqtə qoysunlar, sadəcə, Ermənistanın maraqları nəzərə alınmaqla... Rusiya isə dünən də, bu gün də hesab edir ki, münaqişə tam həllini tapmasın. Lakin döyüş meydanında qələbəmizdən sonra bölgədə ciddi surətdə dəyişikliklər var. Ancaq yenə də görürük ki, Dövlət Departamenti mübahisəli məsələ kimi iki mövzunu diqqətə çatdırır. Məgər orada cəmi iki mübahisəli məsələ var? Bu açıqlamadan aydın olur ki, Vaşinqton Qarabağ erməniləri ilə bağlı dialoqda beynəlxalq mexanizm yaradılmasını və qoşunların geri çəkilməsini bildirəndə İrəvanın maraqlarına uyğun təklifləri irəli sürür”.

A.Nağı xatırlatdı ki, Azərbaycan Qarabağ ermənilərinin təhlükəsizliyi mövzusunun onun daxil işi olduğunu dəfələrlə bəyan edib: “Bakı bu mövzuda geri çəkilmir. Bu mövqe davam etdirilməlidir. Qoşunların geri çəkilməsi İrəvandan da tez-tez gündəmə gətirilir. Bütün məsələlər yekunlaşanda, sərhədlər dəqiqləşəndə Azərbaycan qoşunlarını harada saxlayacağını özü müəyyən edəcək. Sadəcə, ABŞ bu iki mövzuda canfəşanlıq edir. O baxımdan, Azərbaycan geri çəkilməməlidir. Əslində mübahisəli məsələlər çoxdur və üzərinə getməliyik. Bu dedikləri isə ikinci dərəcəli mövzulardır”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR