Ermənistan Rusiyadan daha sürətlə uzaqlaşmaq imkanları qazansa da, ABŞ-dan iqtisadi güzəştlər qoparma ehtimalına ümid bəsləyə bilməz... Üstəlik, ümumi risklərin əsas yükü də yenə məhz rəsmi İrəvanın üzərində qalmış olacaq və Ermənistan ABŞ-ın “geopolitik laboratoriya”sına çevriləcək...
Cənubi Qafqazda onilliklər boyu Rusiyanın öz nəzarətində saxladığı geopolitik balans artıq sürətlə dağılır. Ermənistanın ABŞ ilə mülki xarakterli nüvə enerjisi üzrə əməkdaşlıq anlaşması imzalaması və Rusiyanın enerji layihələrindən açıq şəkildə kənarlaşdırılması artıq təsadüfi siyasi-diplomatik proses deyil. Yəni, bu, Rusiyaya qarşı sistemli və mərhələli geopolitik sıxışdırma planının praktik olaraq, icra edilməsi anlamı daşıyır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrəvana səfəri isə bu prosesin kulminasiya nöqtəsi kimi qiymətləndirilməlidir. Çünki bu proses sadəcə, iki ölkə arasında əməkdaşlıq ilə məhdudlaşmır. Belə ki, ABŞ Ermənistanı tədricən Rusiyaya qarşı “strateji tampon zona”ya çevrilməyə çalışır. Və Rusiya Cənubi Qafqazdan məhz həm enerji, həm də təhlükəsizlik istiqamətləri üzrə sıxışdırılır.

Məsələ ondadır ki, ABŞ-ın Ermənistanda enerji sahəsinin ələ keçirilməsinə yönəlik addımları Rusiyanın bu ölkəyə qarşı əsas təsir mexanizminin sıradan çıxarılmasına münbit şərait yaradır. Çünki Rusiya üçün Ermənistan yalnız hərbi müttəfiq yox, həm də enerji asılılığı üzərindən tam nəzarət edilən forpost sayılırdı. Keçmiş SSRİ dövründə inşa olunmuş və əslində, texniki baxımdan, öz istismar müddətini də artıq bitirmiş “Metsamor” AES, təbii qaz infrastrukturu, eləcə də, elektrik şəbəkələri Rusiyanın əlində Ermənistana yönəlik əsas geopolitik təzyiq alətləri rolunu oynayırdı. Ancaq ABŞ-ın Ermənistana böyük məbləğdə mülki nüvə investisiyası vəd etməsi Kremlin bu təzyiq sistemini tədricən dağıda bilər.
Əslində, Tramp adminitrasiyasının Ermənistana yönəlik son addımlarının strateji nəticələrini elə indidən təxmin etmək mümkündür. Belə ki, Ağ Ev imzalanmış anlaşmanı icra etməkdə israrlı davranarsa, Ermənistanın Rusiyanın enerji orbitindən çıxarılması qaçılmaz olacaq və “Rosatom”un bu ölkədəki strateji inhisarı ləğv ediləcək. ABŞ ilk dəfə olaraq, Cənubi Qafqazda nüvə enerjisi üzərindən geopolitik möhkəmlənmə imkanları qazanacaq.
Ona görə də, ABŞ-la imzalanmış mülki nüvə enerjisi üzrə əməkdaşlıq sazişinə qəzəblə yanaşan Kremlin, Rusiya Xarici İşlər Nazirliyi üzərindən Ermənistana “Rusiyaya alternativ yoxdur” mesajı verməsi də artıq reallıqdan qopmuş xəbərdarlıq kimi görünür. Çünki Ağ Ev və rəsmi İrəvan arasındakı anlaşma Rusiyaya olduqca ciddi alternativin mövcudluğunu təsdiqləyir. Və ABŞ öz qətiyyətli mövqeyi ilə həm də Ermənistanı Rusiyanın təhdidlərinə müqavimət göstərməyə cəsarətləndirir. Və belə anlaşılır ki, Ermənistan üzərində ABŞ-Rusiya “nüvə savaşı” artıq başlanmış kimi görünür.

Digər tərəfdən, ötən il Vaşinqtonda Azərbaycan-ABŞ-Ermənistan arasında imzalanmış TRIPP layihəsi ilə bağlı sazişin icrası üzrə də ilkin addımların atılmaqda olduğu müşahidə edilir. Son baş verənlərdən sonra belə qənaətə gəlmək olar ki, TRİPP layihəsinin “iştirak qapısı” Rusiyanın üzünə artıq tamamilə qapadılıb. Hətta Ermənistan parlamentinin spikeri Alen Simonyan da Moskva səfəri çərçivəsində “Rusiyanın TRIPP layihəsində iştirakı mümkün deyil” açıqlamasını verməkdən özünü saxlaya bilməyib. Ona görə də, erməni spikerin bu açıqlamsını müəyyən mənada, siyasi-diplomatik etika çərçivəsindən kənara çıxan açıq geopolitik mesaj da hesab etmək olar.
Ona görə də, son atılan addımlarla Rusiyanın Ermənistanın həm gələcək enerji, həm də nəqliyyat-kommunikasiya xəritəsindən tam silinməsinə yönəlik prosesin başlandığını düşünmək olar. Hər halda, indiki mərhələdə Rusiya artıq qərar verən tərəf, yaxud bu prosesə təsir göstərən aktor deyil və sadəcə kənardan izləyən gücə çevrilir. Və bu isə Cənubi Qafqazda Rusiyanın ənənəvi strukturlaşmış hegemonluq sisteminin iflasa yaxılaşdığı anlamına gəlir.
Digər tərəfdən, Rusiya Ermənistanda təhlükəsizlik sistemi üzrə də məğlubiyyətə doğru irəliləyir. Belə ki, rəsmi İrəvanın öz fəaliyyətini “donduraraq”, tədricən uzaqlaşmaqda olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “səssiz ölümü” də müşahidə edilir. Hətta Rusiyanın patronajlığı altında olan bu hərbi-siyasi alyansın üzvü Ermənistan ənənəvi müttəfiqlik çərçivəsinə də əhəmiyyət verməyərək, ABŞ istehsalı olan V-BAT dronları almaq niyyətinə düşüb. Bu, reallaşarsa, Ermənistan ordusunun NATO standartlarına yönəlməsi, Rusiya silah sistemlərindən texnoloji asılılığın aradan qaldırılması və KTMT-nin faktiki olaraq, mənasız quruma çevrilməsi demək olacaq.
Ona görə də, Ermənistan ətrafında yaranmış vəziyyət, ABŞ-ın bu ölkədə ciddi şəkildə fəallaşması Rusiya üçün olduqca təhlükəli prosesdir. Çünki Kreml Ermənistan üzərində yalnız enerji deyil, artıq təhlükəsizlik sahəsində də nəzarətini itirir. Və bu isə müəyyən mənada, Cənubi Qafqazda Rusiyanın hərbi-siyasi dayaqlarının artıq çökməkdə olduğu anlamına gəlir.

Maraqlıdır ki, ABŞ-ın Ermənistan üzərindən Rusiyaya qarşı tətbiq etdiyi strategiya ilk baxışdan “yumşaq Ukrayna ssenarisi” təsiri bağışlayır. Belə ki, Ağ Ev Ermənistan üzərindən klassik müharibə yox, məhz “geopolitik sarsıtma” modeli tətbiq edir. Yəni, Ermənistanın Rusiyadan enerji asılılığı zəiflədilir, təhlükəsizlik sistemi dəyişdirilir, siyasi-diplomatik istiqamət isə Qərbə doğru yönəldilir.
Əslində, ABŞ-ın bu modelində Ermənistan hələlik ön cəbhə dövləti kimi görünməsə də, Rusiya və İrana qarşı “tampon zona” rolunu oynayır. Bu, ABŞ üçün minimal risk, maksimal strateji qazanc deməkdir. Üstəlik, ABŞ-ın gömrük rüsumları ilə bağlı mesajları isə Ermənistanı ciddi dilemma qarşısında da qoyur. Çünki rəsmi İrəvan İranla ticarət ucbatından ABŞ-la əməkdaşlığı riskə atmaq istəmir. Və bu, ABŞ-ın Ermənistanı bərabərhüquqlu tərəfdaş yox, “idarə olunan platforma” kimi gördüyünü biruzə verir.
Belə anlaşılır ki, Ermənistan bu proses sayəsində Rusiyadan daha sürətlə uzaqlaşmaq imkanları qazansa da, ABŞ-dan iqtisadi güzəştlər qoparma ehtimalına da ümid bəsləyə bilməz. Üstəlik, ümumi risklərin əsas yükü də yenə məhz rəsmi İrəvanın üzərində qalmış olacaq və Ermənistan isə ABŞ-ın “geopolitik laboratoriya”sına çevriləcək. Və bu, Rusiya üçün yalnız regional nüfuz itkisi yox, həm də geostrateji məğlubiyyətin dərinləşməsi deməkdir.
Göründüyü kimi, Ermənistan bu proseslə Rusiyadan uzaqlaşmaq şansı əldə etmiş olsa da, tam müstəqillik qazanma ehtimalına da qətiyyən yaxınlaşmır. Əgər, Kreml bu proses dayandıra bilməzsə, Ermənistan Rusiyanın Cənubi Qafqazdan çıxarılmasında əsas “geopolitik alətə” çevrilmiş olacaq. Hələliksə, vitse-prezident Cey Di Vensin İrəvana səfəri çərçivəsində imzalanmış sazişlə Ermənistanda ABŞ və Rusiya arasında “nüvə savaşı” başlanmış oldu.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
![]()






